Gündəm / Siyasət / Cəmiyyət / Sosial / Təhsil / Foto / Video

Təhsilin "öz əlliyi" - Əllərdədir - VİDEO

Təhsilin

Sosial mediada və sosial şəbəkələrdə haqqında ən çox tənqid və şikayətlər yazılan nazirlərdən biri də Təhsil naziri Emin Əmrullayevdir. Söz yox Emin Əmrullayevdən əvvəlki Təhsil nazirlərinin də nümunəvi fəaliyyətini görmədik. Amma, E.Əmrullayevə ümidlər böyük idi ki, "bəlkə sələflərinin bərbad etdiyi sistemi, o düzəldər"- deyə. Təəssüflər olsun ki, bu ümidlər özünü doğrultmadı. Cənab Əmrullayev əksinə, özündən əvvəlkilərin "ölənlərinə rəhmət oxutdurdu". Əvvəllər istər ali, istər orta məktəblərdə rüşvət gizli və ehtiyatla alınırdısa, indi bu "problem" aradan qaldırılıb. Təhsil sahəsi "açıq bazar"a çevrilib.

Biz "DogruXeber.az" informasiya portalı olaraq, bundan öncəki yayımlarımızda dəfələrlə təhsil sahəsindəki korrupsiya və saxtakarlıqlardan, həmçinin təhsil sahəsində işə düzəlmək, direktor olmaq üçün tələb olunan şərtlərdən danışmışıq.



Hansı ki, dəfələrlə vurğuladığımız kimi, uzun illər təhsil sahəsində çalışan, elmi dərəcələr qazanmış və direktorluq müsabiqələrində yüksək nəticələr toplamış müəllimlərin zəhmətlərinin hələ də nəticəsiz qalması, əvəzində isə bəzi məktəblərdə direktor əvəzi olan şəxslərin müsabiqələrdə iştirak etmədən, hansısa yollarla direktor vəzifəsinə təyin edilməsindən də bəhs etmişdik.



Yeri gəlmişkən, biz bu məlumatlar barəsində bir deyil, bir neçə dəfə Təhsil Nazirliyinin elektron ünvanına rəsmi sorğular da göndərmişik. Hətta, üstəlik göndərdiyimiz sorğu barəsində sözügedən nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehova da zəng edərək, şəxsən məlumat verib, sorğumuzu mümkün qədər tez cavablandırmalarını da xahiş etmişik (baxmayaraq ki, bu onların vəzifə borcudur, biz xahiş etməli deyilik). Lakin, çox təəssüflə bildiririk ki, hələ ən sonuncu sorğumuzdan belə artıq, 3 aya yaxın müddət keçsa də, hələ də cavablandırılmamış qalır.

Ola bilsin ki, şagirdlərinə yalan danışmağın bəyənilməyən cəhət olduğunu aşılayan bu qurumun səlahiyyətli nümayəndələri yalan danışmaq istəmədikləri üçün, susmağa önəm verirlər.

Atalar da deyir: - "Susmaq, razılıq əlamətidir".

Bu günlərdə əldə etdiyimiz daha bir məlumata görə ümumiyyətlə təhsil sahəsində çalışan heç kim Təhsil naziri Emin Əmrullayev ilə görüşə bilməz. Deyilənə görə nazir kimsəni qəbul etmir.

Onunla görüşmək üçün nazirliyin bir neçə daxili "prosedur qaydaları" mövcuddur. Əvvəlcə təhsil idarəsindən kiminləsə görüşüb, problemi anlatmaq lazımdır. Ondan sonra nazirliyin özünün hər hansı bir işçisi qəbul edir, gəlmə səbəblərini dinləyir. Onun da həll edə biləcəyi bir şey olmadıqda, o da biraz ondan üstün səlahiyyət sahibinə yönləndirir. Beləcə, bir neçə cəhddən sonra nəhayət hörmətli nazirin "hüzuruna təşrif buyurmaq" mümkün olur.


Məsələn, bu yaxınlarda əldə etdiyimiz məlumata görə, bəzi təhsil işçiləri dəfələrlə məktub yazıb, narazılıqlarını ifadə ediblər. Bir neçə dəfə yazandan sonra, nəhayət, Bakı şəhər Təhsil idarəsindən dəvət ediliblər. Dəvət əsasında idarəyə gedən təhsil işçilərini biraz gözlətdikdən sonra onlara, rəhbərlik ilə elə idarənin özündə online görüş təklif edilib. Təbii ki, onlar da haqlı olaraq, bu görüşdən imtina ediblər.

Maraqlıdır, online görüş üçün idarəyə dəvət edilmək nəyə lazımdır? Bunu idarəyə getmədən də etmək mümkündür. Amma, əgər ora qədər gedirlərsə, bu o demək deyil ki, o şəxslər canlarını hörmətli nazirdən az istəyirlər. Təhsil sahəsində, yəni çalışdıqları işdə yaranmış hər hansı bir problem barəsində rəhbər olaraq, nazirə danışıb, bərabər çözüm tapmağı düşündükləri üçün gedirlər.

Təəssüf...

Getdiklərində qarşılaşdıqları ilə, düşündükləri heç də biri-birini tamamlamır. Yəni, türklər demiş, "tam bir xəyal qırıqlığı".

Maraqlıdır, sağlamlığını düşünərək, kimsəni qəbul edib, problemini dinləməyən hörmətli Əmrullayev bu örnəyi kimdən alır görəsən? Bir halda ki, ölkənin başçısı özü bir neçə dəfə, hətta bu yaxınlarda da gənclərlə əyani görüşlər keçirdi. Təbii ki, sosial məsafəni saxlamaq və digər qaydalara əməl etmək şərtilə. Amma, əgər təhsil nazirimiz bundan belə nümunə götürmürsə, belə çıxır ki, canını hamıdan çox istəyir. Məgər, kim canını çox istəmir ki? Hər kəs istəyir, amma pandemiya dövrünün müəyyən qaydalarına riayət etməklə, həm sağlamlıqlarını qorumuş olurlar, həm də işlərini icra etmiş olurlar. Daha, kimsə hörmətli Əmrullayev kimi, canını qorumaq üçün, işini ən son plana saxlamır. Əslində, onun bu davranışından belə çıxır ki, pandemiya bəhanəsi ilə, cənab nazir həm də öz rahatlığını qoruyur. Kimsənin problemi ilə özünü yormaq istəmir. Elə buna görə də təhsil sahəsində hazırda "dərəbəylik" hökm sürür. Necə deyərlər, "başlı başını saxlasın".

QEYD: Növbəti yayımda Yardımlı və Goranboy rayonlarında təhsil sahəsindəki narazılıqlar, həmçinin təhsil şöbəsinin özəl "qaydalar"ından danışacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az