Gündəm / Siyasət / Təhsil

Məşhur bina Ramiz Mehdiyevdən alına bilər

Məşhur bina Ramiz Mehdiyevdən alına bilər

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi inzibati bina Ramiz Mehdiyevdən alına bilər.

"Kanal14.az" Cebhe.info-ya istinadən xəbər verir ki, hazırda R.Mehdiyevin də təmsil olunduğu Rəyasət Heyəti "İsmailiyyə” tarixi binasında yerləşir. Ancaq indi binanın Rəyasət Heyətindən alınaraq xalqa açılması təklif olunur.

Təklifi AMEA Tarix institutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov "Reporta” açqlamasında deyib.

Xatırladaq ki, bina polyak memarı İosif Ploşkonun ilk işi olub.

Qızılı rəng və əlvan mərmər daşların istifadə olunduğu bu tikili Venesiya sarayları klassikasının təcəssümüdür və 1430-cu ildə tikilmiş məşhur "Qızıl saray”ı (Ca d'oro) təkrar edir.

Sarayın bünövrəsi 1908-ci ilin sonunda Nikolayev küçəsində qoyulub. 1913-cü ildə isə sarayın açılışı olub. Müsəlman Xeyriyyə Cəmiyyətinin yığıncağı, habelə müsəlman qadınların, Bakı ziyalılarının və digər cəmiyyətlərin görüşləri bu binada keçirilib.

Sarayın fasadında və yan tərəflərində kalliqraf Mirzə Əsədulla Hilal tərəfindən İmam Əlinin "İnsan istədiyinə yalnız öz zəhməti ilə nail olur. İnsan beşikdən məzaradək oxumalıdır. Müsəlmanlar! Sizin dövrünüz sizinlə ölür, övladlarınızı yeni dövrə hazırlıyın!” kimi müdrik kəlamları həkk edilib.

Binanın maraqlı tarixi var.

Məşhur Bakı milyonçusu Ağa Musa Nağıyevin oğlu İsmayıl vərəm xəstəliyinə tutulmuşdu. Onu müalicə edən həkim Məmmədrza Vəkilov gənci İsveçrəyə aparır. Uzun müddət müalicədən sonra İsmayıl özünü yaxşı hiss edib Bakıya qayıtsa da, 27 yaşında vərəmdən ölüb.

Azərbaycanlı milyonçu və xeyriyyəçi Zeynalabdin Tağıyevin tikdirdiyi qadın məktəbinin dəbdəbəli zallarından birində hər il Novruz bayramı ərəfəsində qəbul keçirilirdi. Belə tədbirlərdən birində Ağa Musa Nağıyev də iştirak edirdi. Hacı Zeynalabdin fürsət tapıb ondan soruşur:

-Ağa Musa, oğlunun adını əbədiləşdirmək istəyirsən? Müsəlman Xeyriyyə Cəmiyyətinin öz binası yoxdur, mənim tikdirdiyim Qızlar Məktəbindən bir az aşağıda isə əla boş yer var. Orada ev tikdir, "İsmailiyyə” adlandıraq. Onda sənin bəxtsiz oğlunun adı bizim yaddaşımızdan silinməz.

Musa Nağıyev razılaşır.

Zeynalabdin Tağıyev sahə ayrılması barədə tezliklə Şəhər Şurasına ərizə yazır, çünki onun binanı tikmək barədə qərarı qəti idi. Bu, Zeynalabdin Tağıyevin "Kaspi” qəzetində verdiyi elanda da özünü göstərir: "... Musa Nağıyev müflisləşərsə, İsmailiyyə binasının maliyyə xərclərini öz öhdəmə götürürəm”.

Binanın təməlqoyma mərasimində tanınmış bakılılar və ziyalılar iştirak ediblər, quberniya axundu xeyir-dua verib. Tikintiyə dövrün ən yaxşı ustaları cəlb edilib. Unikal venzel, zərif daş ornamentlərin hörgüsü və naxışların gözəlliyi sarayın divarlarını bəzəyirdi. İsmailiyyə binası şəhərin mənzərəsini tamamlayırdı.

Birinci Dünya müharibəsi illərində bu binada yaralılar üçün xəstəxana yerləşib. 1918-ci ilin mart hadisələrində güllə və mərmilərdən "İsmailiyyə” sarayı ciddi zədə alıb. 1920-ci ildə isə burada böyük yanğın törədilib. Nəhayət, 1923-cü ildə memar Aleksandr Dubovun rəhbərliyi ilə bina bərpa edilib. Lakin bərpa prosesində binanın fasadında həkk olunan sözlər pozulub.

Sonralar "İsmailiyyə” binasından müxtəlif məqsədlər üçün istifadə edilib. Məsələn, müxtəlif illərdə burada Azərbaycanın Tədqiq Olunması Cəmiyyəti, Arxeologiya Komissiyası, Əlyazmalar Fondu və digər təşkilatlar yerləşib.