Gündəm / İqtisadiyyat / Sosial
13:44 / 24.01.2022
47

Günbəgün “şişən” DSMF borcu bələdiyyələri tamamilə pulsuz qoyub - AKTUAL

Günbəgün

Bələdiyyələrin fəaliyyətə başlamasının 22 ili tamam oldu.

Kanal14.az: - Ötən dövrdə bələdiyyələrin fəaliyyəti ilə bağlı o qədər də müsbət fikir formalaşmayıb. Bunun səbəbini isə vətəndaşlar əsasən bələdiyyələrin öz fəaliyyəti müddətində müsbət imic formalaşdırmaması ilə əlaqələndirsələr də bələdiyyələr mövcud vəziyyəti qurumun məhdud statusa malik olması, maliyyə problemləri ilə əlaqələndirirlər.

Bəs əslində bələdiyyələrin istənilən səviyyədə fəaliyyətinin müşahidə edilməməsində əsas səbəb nədir? Cebhe.info-nun müsahibi Abşeron rayonu Hökməli bələdiyyəsinin üzvü, hüquqşünas Fərman Salmanlıdır:

-Bu gün cəmiyyətdə bələdiyyələrin fəaliyyətinin zəif olması ilə bağlı fikir formalaşıb. Bələdiyyələr mövcud vəziyyəti nə ilə izah edirlər?

- Hazırda bələdiyyələrin bir çox problemləri var. Həmin problemlərdən biri odur ki, bələdiyyələrin əksəriyyətinin DSMF-yə borcu var. Bu borc səbəbindən DSMF tərəfindən bələdiyyələrin bank hesablarına, yəni büdcələrinə məhdudiyyət qoyulub. Yalnız oradan maaş üçün pul çıxarmaq olur. Borc tam ödənmədikcə, bələdiyyənin fəaliyyəti məhdudlaşdırılır. Hesabına sərəncam qoyulmuş bələdiyyələr hansısa bir iş görmək üçün köçürmə edə bilmədikləri səbəbindən fəaliyyət qabiliyyətləri məhdudlaşır. Bununla bağlı DSMF-yə dəfələrlə müraciət etmişik. Bu yalnız Hökməli bələdiyyəsi ilə bağlı problem deyil.

Bu gün Azərbaycanın əksər bələdiyyələrinin yaşadığı problemdir. Əslində sistem düzgün qurulmayıb. Bələdiyyə maaş verə bilmir, ancaq DSMF borcu getdikcə şişir. Yaxşı olardı ki, nə zaman bələdiyyə qulluqçusuna maaş verilərdisə, o zaman DSMF-yə ödənişi hesablansın. Bu gün bələdiyyələr büdcəyə pul yığa bilmir. Buradan bir daha müvafiq qurumlara səslənirəm ki,əgər hansısa bələdiyyə orqanı işçisinə maaş verə bilmirsə, onun ayağına DSMF borcu hesablanmasın.Yalnız maaş verilərkən əmək haqqından tutulma hesablansın. Əgər bələdiyyə işçiyə maaş verə bilmirsə, bu, o deməkdir ki, DSMF-nin də borcunu verə bilmir. İllər keçdikcə borc da tədricən çoxalır və şişir. Hətta elə bələdiyyə var ki, DSMF-yə 50-60 min manat borcu var.

Bələdiyyələrin hazırda maliyyə baxımından sıxıntıları böyükdür. Çünki zamanında bələdiyyələrin iqtisadi əsası formalaşmadı. Hazırda bələdiyyələrin fəaliyyəti əmlak və torpaq vergisinin toplanılmasından asılıdır. Evlərin də bir çoxunun xüsusi mülkiyyəti təsdiq edən aktı (çıxarışı) olmadığından əmlak vergisinin yığılmasında problemlər var. Sadəcə torpaq vergisi və az bir qismi də əmlak vergisi olmaqla bələdiyyənin büdcəsi formalaşır.

-Bu gün xəritələrin təqdim edilməməsi, mülkiyyət sənədlərinin hazırlanmasındakı süni əngəllər var.

-Bu, dövlət səviyəsində həll olunacaq bir problemdir. Xəritələr indiyədək dövət tərəfindən bələdiyyələrə təqdim olunmalı idi. Ancaq təəssüf ki,bir çox bələdiyyəyə hələ də təqdim edilməyib. Bələdiyyələr maraqlıdır ki, xəritələr təqdim olunsun və bələdiyyə torpaqlarının konkret sərhədləri məlum olsun.

-Ötən müddətdə bələdiyyələrlə bağlı "torpaq satan" fikri formalaşıb. Siz bununla razılaşırsıınızmı?

-Əslində bələdiyyələrin yarandığı ilk illərdə ziyalı təbəqə bələdiyə qurumundan kənarda qaldı. Ona görə də sistem düzgün qurulmadı. Arzuolunmayan şəxslər, bələdiyyə haqqında anlayışı olmayanlar gəldi, rəhbərliyə, idarəçiliyə keçdi. Bu səbəbdəndə bələdiyyələr hələ ilk illərindən iqtisadi əsaslarını formalaşdıra bilmədi. Hazırda bələdiyyələrin torpaq satmaq səlahiyyəti də yoxdur. Ancaq bələdiyyələrlə bağlı o imic formalaşıb, elə də qalıb. Bizim çalışdığımız odur ki, bələdiyyələrlə bağlı elə bir səhifə açılsın, dövlət tərəfindən səlahiyyətlər verilsin, müəyyən şərait yaradılsın ki, bələdiyyələr öz fəaliyyətini özləri qura bilsin, ayaqları üzərində özü dura bilsin.

Məsələn, hər il bələdiyyələr üçün dövlət tərəfindən dotasiyalar ayrılır. Bir bələdiyyələrə böyük və kiçik olmaqları etibarı ilə 3, 5, yaxud 8 min manat, bəzən daha yüksək məbləğdə dotasiya ayrılır. Ancaq bu məbləğ bir bələdiyyə üçün elə də əhəmiyyətli rol oynamır. Mən təklif edirəm ki, Bələdiyyələrə Yardım Fondu, yaxud Bələdiyyə İnkişaf Fondu yaradılsın. Hər il 20-30 milyon manat vəsait ayrılsın, o fond tərəfindən ildə 50-100 bələdiyyənin biznes planı təsdiq olunsun və bələdiyyələr üçün biznes sahələri yaradılsın. Hər bir bələdiyyə davamlı olaraq öz fəaliyyəti ilə özünü təmin etsin.

Bir misal var: "Mənə balıq vermə, balıq tutmağı öyrət". Mən dəfələrlə demişəm ki, dotasiyanın verilməsindənsə, belə bir fonda ehtiyac var və bələdiyyələr o fonda biznes planlarını təqdim edib biznes fəaliyyətini formalaşdırsın. Hətta təklif etmişdim ki, bələdiyyələrin iqtisadi-coğrafi xəritələri yaradılsın. Çünki Bakı və region bələdiyyələrinin reallıqları fərqlidir. Bu gün Bakı üçün aktual olan bir sahə hansısa rayon üçün aktual olmaya bilər. Məsələn, Zaqatala ərazisində hansısa bir bələdiyyə turizm sahəsində fəaliyyətini qura bilərsə, hansısa aran rayonunda kənd təsərrüfatı, Bakıda tamam başqa bir biznes sahəsi qura bilər.

Yəni ölkədəki bütün bələdiyyələrin iqtisadi-coğrafi xəritələri çıxarılsın və hər bir bələdiyyə öz təklifini versin ki, mənim ərazimdə hansı işlər görülə bilər, bu sahədə hansı işlərə ehtiyac var. Əgər bələdiyyələrə öz bizneslərini qurmaq üçün 300-400 min manat vəsait verilsə, 5-10 ildən sonra onların heç bir problemi olmaz. Çünki bələdiyyələrin heç biri daimi gəlirə malik deyil. Əgər bu gün vətəndaş torpaq və əmlak vergisi verməsə bələdiyyənin heş bir qazanc sahəsi yoxdur.Bələdiyyələrin öz bizneslərini qurması eyni zamanda ölkədə işsizliyində azalmasınada öz tövhəsini vermiş olar.

-Belə bir fikir də var ki, bələdiyyələrin fəaliyyəti ancaq "zibil toplamaq" la məhdudlaşır. Bu, doğrudanmı bələdiyyələrə həvalə edilib?

-"Bələdiyyələrin statusu haqqında" Qanun var. Bu qanunda və bələdiyyələrin fəaliyyətlərini tənzimləyən digər qanunvercilik aktlarında bələdiyyələrin məişət tullantılarının daşınması və xidmətin müqabilində xidmət haqqı toplanılması öz əksini tapmayıb. Qanunun 37-ci maddəsinə əsasən, bələdiyyələr əhaliyə kommunal xidmətlər göstərilməsi məqsədiylə sifarişçi kimi çıxış edə bilərlər.Yəni bələdiyyə hansısa bir şirkətlə müqavilə bağlayıb kommunal problemlərin həllini həmin şirkətə həvalə edə bilər. Əslində bələdiyyələrin birbaşa elə bir səlahiyyəti yoxdur ki, zibil qutuları qoyub əhalidən məişət tullantılarının toplanması ilə bağlı vəsait tələb etsin.

Hazırda bu, tam olaraq bələdiyyələrin səlahiyyətinə verilməyib. Bunun üçün gərək xüsusi qaydalar hazırlansın. Yaxud qanuna əlavə edilsin ki, bələdiyyələr öz ərazisində olan məişət tullantılarının daşınmasını və onun müqabilində ödənişin yığılmasını həyata keçirə bilər. Bu sahədə hazırda boşluq var və bələdiyyənin səlahiyyətləri xaricindədir.

-Bələdiyyənin fəaliyyətini əsasən seçki ərəfəsində görmək mümkün olur. Məsələn, həmin ərazidə yol çəkir.

- Mən deyərdim ki, bu fikir həqiqəti əks etdirir. Bunun əsas səbəbi bələdiyyələrin maliyyə imkanlarının zəif olmasıdır. Heç bir bələdiyyə istəməz ki, onun ərazisində problem olsun, əhali narazı qalsın. Bütün işlər gəlib maliyyənin azlığına çıxır. Hər bir bələdiyyə istəyər ki, ərazisi təmiz olsun, hər hansı problemin həllində aktiv iştirak etsin. Ancaq 90 faiz bələdiyyələrin daimi olaraq bu işləri görmək imkanları yoxdur.

-Bu gün konkret olaraq Hökməli bələdiyyəsinin hansı problemləri var?

- Problemlərdən biri odur ki, bizim ərazimizdə biznes fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri var. Həmin vergi ödəyicilərindən böyük bir qismi hüquqi şəxslərdir. Çox təəssüf ki, Vergilər Məcəlləsinin 6-cı maddəsinə əsasən, hüquqi şəxslərin əmlak və torpaq vergisi dövlət vergisi kateqoriyasına aid edilib.Torpaq bələdiyyə torpağıdır, "Torpaq islahatı haqqında" Qanuna uyğun islahat keçirilib. Dövlətin vahid torpaq fondu dövlət torpağı, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti olaraq 3 kateqoriyaya bölünüb. Ziddiyyətli məqamdır ki, bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilərkən fiziki şəxslər həmin torpaq üçün əmlak və torpaq vergisini bələdiyyə büdcəsinə, hüquqi şəxslər isə eyni sahədə yerləşən torpaq sahəsi üçün əmlak və torpaq vergisini dövlət büdcəsinə ödəyir. Bu, özü böyük bir ziddiyyətdir.Halbuki torpaq bələdiyyənin torpağıdır.

Biz bu problemi dəfələrlə qaldırmışıq. Hətta problemin həlli məqsədiylə Milli Məclisə, Vergilər Nazirliyinə də müraciət etmişəm.Təəssüf ki, problem öz həllini tapmayıb. Bu məsələ öz həllini taparsa, yalnız Hökməli bələdiyyəsinin deyil, ümumilikdə Azərbaycan bələdiyyələrinin inkişafına böyük təkan olacaq. Çünki təxmini hesablamalara görə, 100 milyonlarla vəsaitdən söhbət gedir. Bu vəsait bələdiyyələrin büdcəsinə daxil olarsa, böyük dönüş yarana bilər.

-Bir sıra ölkələrdə, məsələn, Türkiyədə bələdiyyələr çox böyük səlahiyyətə malikdir. Necə etmək olar ki, bizdə də bələdiyyə vətəndaşların üz tutduğu əsas quruma çevrilsin?

-Bu gün Azərbaycanda hakimiyyət bölgüsü tam formalaşmayıb. Şəhər üzrə "JEK"lər, bələdiyyələr və icra hakimiyyətləri var. Yəni hansısa bir ərazidə 3 idarəetmə sistemi mövcuddur. Bu, yəqin ki, gələcəkdə tədricən öz həllini tapacaq. İstərdik ki, Avropa və qonşu Türkiyədə olan bələdiyyə sistemi bizim ölkədə də formalaşsın. Ancaq yəqin ki, bunun üçün zamana ehtiyac var. Çünki Türkiyədə bələdiyyələrin 100 illərə dayanan bir idarəçilik təcrübəsi var. Ölkəmizdədə bələdiyyə sistemində savadlı, bacarıqlı kadrlar var. İldən-ilə ali təhsilli bələdiyyə üzvlərinin sayı artır və bu, sevindirici haldır. İdarəçilik və peşəkar kadır baxımından bələdiyyə sistemi artıq formalaşıb.

Ancaq çatışmayan maliyyədir. Hər bir sistemin inkişafı və daim irəli getməsi üçün onun daimi iqtisadi əsasları olmalıdır. Məsələn, bələdiyyə ərazisində yerləşən reklam "plakat"larına görə vəsait bələdiyyələrin büdcəsinə ödənilməlidir. Çünki torpaq bələdiyyə torpağıdır. Ancaq Dövlət Reklam Agentliyi var və bələdiyyənin bu səlahiyyəti məhdudlaşdırılıb. Çox təəssüf ki, bu kimi problemlər var və bələdiyyənin hüquqları tapdalanır.

-Vətəndaşların bələdiyyələrə inamını necə yaratmaq olar?

-Yalnız və yalnız fəaliyyətlə mümkündür. Operativ fəaliyyət və problemlərin yerində həlli ilə bələdiyyələr vətəndaşların inamını qazana bilər.Əgər bir bələdiyyə ona müraciət etmiş vətəndaşın problemini həll edə bilmirsə, vətəndaşın nəzərində ciddi bimici olmayacaq.

Bələdiyyələrin inkişafı üçün üç əsas məsələni xüsusi qeyd etmək istərdim:

1. Hüquqi şəxslərin torpaq və əmlak vergilərinin bələdiyyə büdcəsinə ödənilməsinin ictimailəşdirilməsi və Milli Məclis tərəfindən Vergilər Məcəlləsinə dəyişklik edilməsinə nail olmaq;
2. Bələdiyyə ərazisində yerləşən reklam plakatlarına görə ödənişin bələdiyyə büdcəsinə ödənilməsi;
3.İldə bir dəfə verilən və bələdiyyələrin fəaliyyətində ciddi dəyişiklik etməyən dotasiyaların yerinə dövlət tərəfindən bələdiyyə inkişaf fondu yaradılıb həmən məbləğin fonda yatırılaraq hər il 100 bələdiyyənin biznes planını maliyyələşdirib həmin bələdiyyənin gəlirlərinin daimi əsaslarla təmin etməsi.

Bu 3 təklifin həyata keçirilməsi öz həllini tapsa, yaxın 5-10 il ərzində bələdiyyələrin problemlərini aradan qaldırmaq mümkündür.

Mən hazırda bələdiyyələrlə bağlı kitab üzərində çalışıram. Əgər bu gün bəzi bələdiyyə qulluqçuları belə bələdiyyənin mahiyyətini anlamırsa, bu, o deməkdir ki, yerli sakinlər tərəfindən də bələdiyyələrin fəaliyyət fəlsəfəsi tam olaraq anlaşılmır. Buna görə də sakinlərin nəzərində bələdiyyələr yanlış olaraq "zibil daşıyan", "torpaq satan" kimi qəbul edilir. Ancaq əslində bələdiyyə tamamilə başqa bir strukturdur. Bələdiyyə sakinlərinin yerli problemlərinin özləri tərəfindən həll edilməsi məqsədiylə yaradılmış yerli özünü idarəetmə orqanıdır. Dövlətin müəyyən səlahiyyətlərinin alınıb, yerli qurumlara verilməsidir. Ümumiyyətlə, sakinlər arasında bələdiyyənin nə olduğunu anlayan çox azdır.

Bu məqsədlə, bələdiyyə nədir, bələdiyyə qulluqçusu kimdir, maliyyə əsasları, xarici ölkələrdə bələdiyyənin təcrübəsi, Azərbaycanda onu necə tətbiq etmək olar, kimi mövzuların öz əksini tapdığı "Bələdiyyə nədir?" adlı kitabça üzərində çalışıram.