Gündəm / Siyasət / Sosial

“Ata Abdullayevi saf bir uşaq kimi tanımışam” - Şahin Diniyev

Şahin Diniyev niyə ona əsas heyətdə şans vermirmiş?

Kanal14.az: - Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində özünü blogger kimi təqdim edən, əslində reketçilik fəaliyyəti ilə məşğul olan Ata Abdullayevə hökm oxunub. 7 illiyə azadlıqdan məhrum olunan Abdullayev son sözündə futbolçu keçmişini də xatırladıb:

"Mən özüm də futbolçu olmuşam, Şahin Diniyevin vaxtında "Qarabağ"da oynamışam. Düzdü, əsas heyətdə deyildim, amma "24-lük"də var idim. "Şahdağ"da da oynamışam".

Məhz bu açıqlamanın izinə düşüb 2003-04-cü illərdə Ağdam klubunun "sükanı arxasında” olan Şahin Diniyevlə danışmağı lazım bildik. Şahin bəy əvvəlcə Atanın futbolçu karyerasına toxundu:

"Onu saf bir uşaq kimi tanımışam. Səhv etmirəmsə 17-18 yaşı olardı. Sadəcə, məşqlərdə iştirak edirdi. Oyunlarda çıxış etmirdi. Yoldaşlıq görüşlərində 5-10 dəqiqə oynamağa buraxırdım. Perspektiv baxımından böyük futbolçu kimi də görünmürdü. Oynamamasının səbəbi bu idi".

Təcrübəli mütəxəssis sabiq oyunçusunun indiki taleyi ilə bağlı da fikrini bildirdi:

"Hər bir insanın taleyi yaxınları və əzizləri üçün çox çətindi. İstəməzdim ki, o bu vəziyyətə gəlib çıxsın. Yəqin zaman və yer onu bu hala gətirib, hansısa səbəblər olub. Acı tale yaşamasını istəməzdim. Hər nə olur-olsun azərbaycanlıdı, insandı. Ancaq hər bir şeydə qanun var. Bu dövlət demokratik bir dövlətdi. Hər insan etdiyi əməllərə görə cavab verməlidi. Buna da məhkəmə qərar verir. Mənə elə gəlir ki, məhkəmə də heç vaxt səhv etməz. Belə başa düşürəm ki, bu yanlışların hamısı onun özündən qaynaqlanır. Ətrafı da yaxşı olmayıb deyə, bu yola düşüb. Keçmişdə futbolçu olması da məni futbol adamı kimi məyus edir".

Diniyevin Abdullayevə arzuları belə oldu:
"Qapısı tez açılsın. Gələcəkdə belə səhvlərə yol verməsin, düzgün mövqe tutsun. Etdiyi yanlışı anlayıb bundan sonrakı həyatını yaxşı yaşasın".  
plus.az