Gündəm / Hadisə

Bakıda ev ustası karantin dövründə işsiz qaldı, narkotacirə çevrildi - TƏFƏRRÜAT

Bakıda ev ustası karantin dövründə işsiz qaldı, narkotacirə çevrildi - TƏFƏRRÜAT

 

 
 
Bakının Yasamal rayonunda kirayədə yaşayan, ev təmiri ilə başını dolandıran Beyləqan sakini koronavirus pandemiyası ilə bağlı tətbiq edilən sərt karantinə görə işsiz və pulsuz qalıb. Bu vəziyyətdən sosial şəbəkə üzərindən dostluq etdiyi iranlının köməyi ilə çıxmağa çalışıb, amma vəziyyətdən çıxsa da uzunmüddətli həbsə girməli olub. 4 uşaq atası olan Ziya Atakişiyev narkotik maddələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi üçün tutulub və onun barəsində məhkəmə prosesi bu günlərdə yekunlaşıb.

Kanal14.az  virtualaz.org-a istinadən xəbər verir ki, "İnstagram” sosial şəbəkəsində iranlı "Əfşin”lə virtual dostluğu Ziya Atakişiyevə baha başa gəlib. Pandemiya ilə əlaqədar maddi sıxıntı içərisində olduğunu dostuna yazan Ziya ondan yardım istəyib.

Şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı "Əfşin” adlı şəxslə cinayət əlaqəsinə girən Ziya Atakişiyev əldə etdiyi külli miqdarda narkotik vasitələri və psixotrop maddələri yaşadığı mənzildə gizlədib. Bu il martın 11-də yataq otağındakı dolabda saxladığı narkotik maddələrdən bir qədər götürərək satmaq üçün evdən çıxıb. DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün gecə saatlarında Yasamal rayonu ərazisində saxlanılıb. Üzərinə baxış keçirilərkən heroin, "Metadon” və "Metamfetamin” həbləri aşkarlanaraq götürülüb. Daha sonra polis əməkdaşları Z.Atakişiyevin yaşadığı ünvana baxış keçiriblər. Mənzildən bir kiloqramdan çox heroin, psixotrop maddələr, həmçinin elektron tərəzi aşkarlanıb.

Təqsirləndirilən Z.Atakişiyev elan edilən ittihamla özünü qismən təqsirli bilib. İfadəsində ailəsini dolandırmaq məqsədilə rayondan paytaxta köçdüyünü, Yasamal rayonu ərazisində kirayə yaşadığını, ev təmiri ilə məşğul olduğunu göstərib. "İnstagram”da təmir etdiyi mənzillərin fotoşəkillərini paylaşaraq onları nümayiş etdirib. Özünü iranlı kimi təqdim edən "Əfşin” adlı şəxs ona gördüyü işləri bəyəndiyini yazıb. Ziyanı İrana dəvət edib, evini məhz onun təmir etməsini istəyib.

Lakin pandemiya ilə əlaqədar sərt karantin rejimi tətbiq edildiyindən Ziya "Əfşin”in təklifinin qəbul edə bilməyib. Həmin ərəfədə karantinlə bağlı paytaxtdakı işləri dayandığından Z.Atakişiyevin maddi vəziyyəti ağırlaşıb. Sosial şəbəkədə "Əfşin”lə yazışarkən maddi sıxıntı içərisində olduğunu deyərək ondan yardım istəyib. "Əfşin” cavabında yazıb ki, Bakı şəhərində deyəcəyi yerlərdən narkotik vasitələri götürüb lazımi ünvanlara apararsa ona köməklik edə bilər.

"İranlının təklifi ilə razılaşdım. Qardaşımın adına olan plastik kartın şəklini çəkib "WhatsApp” la "Əfşin”ə göndərdim. Qardaşım kartı ondan nə üçün aldığımı bilmədi. "Əfşin” ayrı-ayrı vaxtlarda kartdakı hesaba 2 min manat pul yollayıb” – Z.Atakişiyev ifadəsində deyib.

Sonuncu dəfə bu ilin martında "Əfşin” Ziyaya "WhatsApp” la səs ataraq Yasamal rayonu, 158 saylı məktəbin yaxınlığına torba qoyulduğunu, həmin torbanı oradan götürüb özündə saxlamasını, növbəti tapşırığı gözləməsini tapşırıb. Ziya da deyilənlərə əməl edib. İçərisində narkotik olan torbanı deyilən ünvandan götürərək kirayə yaşadığı mənzilə gətirib. Narkotik vasitədən ailə üzvlərinin xəbəri olmayıb. Ertəsi gün iranlı onunla yenə də "WhatsApp” əlaqə saxlayıb heroini və tabletkaları özüylə götürüb deyəcəyi yerə qoymağı tapşırıb. Ziya torbanın içərisindən bir qədər heroin və tabletka götürüb evdən çıxıb: "Evdən çıxıb piyada gedərkən iki nəfər mülki geyimli şəxs yaxınlaşdı. Özlərini təqdim edib, narkotik vasitələrin dövriyyəsində şübhəli olduğumu dedilər”.

Z.Atakişiyev törətdiyi əməldən peşman olduğunu deyib: "İranlının təqdim etdiyi narkotik vasitələrin satışında iştirak etməmişəm. Özümü ona görə qismən təqsirli bilirəm ki, deyilən əşyaları iranlının dediyi yerdən götürüb digər yerə qoymalı idim. Yəni mən həmin narkotiki satmamışam”.

Lakin məhkəmə bu müdafiə çıxışı ilə qane olmayıb və Zaur Atakişiyev 11 il müddətinə azadlıqdan məhrum edilib.