Gündəm / Cəmiyyət / Sosial / Təhsil

"Həyat yoldaşımdan ayrıldım, kirayə pulunu, övladımın təhsil haqqını..." - Keçmiş müəlliməyə AĞIR CƏZA


İrandan gizli yolla gətirilən narkotiki satmaq istəyərkən tutulan şəxslər hakim önünə çıxarılıb. Onlardan biri keçmiş müəllimədir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda və külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilən Lənkəran rayon sakinləri 36 yaşlı Ruslan Əliyevin və 40 yaşlı Salehə Əsədovanın cinayət işi üzrə məhkəmə prosesi baş çatıb.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, İran vətəndaşı olan Rəhim adlı şəxslə cinayət əlaqəsinə girən R.Əliyev və S.Əsədova saxlanan zaman onların üzərindən 1 kiloqram heroin və 500 ədəd metodon psixotrop həb aşkarlanaraq götürülüb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 234.4.2 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən Ruslan Əliyev ifadəsində taksi fəaliyyəti ilə məşğul olduğunu, həmyerlisi Salehə Əsədovanı ara-sıra Bakıdan Lənkərana aparıb-gətirdiyini deyib.

Bildirib ki, Salehə Əsədova ona İranda yaşayan Rəhim adlı tanışının Azərbaycana heroin keçirərək satdığını deyib və onlarla birgə işləməyi təklif edib:

"Maddi imkanım yaxşı olmadığından razılaşdım. Belə razılığa gəldik ki, Rəhim "mal”ı göndərəndə birgə gedib götürək. Həmin iranlı malı ya Biləsuvar, ya da Masallı ərazisində gizlədirdi. Malı kimin vasitəsilə keçirdiyini bilmirəm. Salehə mənim nömrəmi iranlıya vermişdi, lazım olanda mənimlə vatsapla əlaqə saxlayırdı”.

R.Əliyevin ifadəsindən belə məlum olub ki, həbs olunan günədək bu şəkildə işləyiblər. Salehə ilə birgə rayonlara gedib "mal”ı iranlının dediyi yerdən götürüb, onun özünün dediyi adamlara da satıblar.

Həbs olunmazdan bir neçə saat əvvəl Rəhim Ruslana zəng vurub deyib ki, Biləsuvar rayonunda 1 kiloqram heroin və 500 ədəd metodan olacaq, oraya gedib "malı” götürmək, Salehəyə çatdırmaq lazımdır:

"Salehə deyirdi ki, həmin "mal”a görə 12 min 500 manat veriləcək. O puldan 200 manatı mənə çatacaqdı. Salehənin payına nə qədər düşəcəyini bilmirdim. Qalan pul da başqa bir taksi sürücüsü vasitəsilə Rəhimə göndəriləcəkdi. Biləsuvara gedib "malı” götürdüm. Zəng vurub Salehəyə dedim ki, Salyan postunu keçmişəm, "mal”ı gətirirəm. Salehənin yaşadığı evin qarşısına gəldim ki, əmanəti özünə çatdırım”.

Axşam saatlarında əlində narkotik bağlaması olan R.Əliyev həmyerlisinin qapısını döyüb "mal”ı ona vermək istədiyi zaman mülki geyimli şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını deyiblər:

"Əvvəllər heroin, son vaxtlar isə ancaq "şüşə” qəbul edirəm. Üzərimə baxış keçiriləndə "şüşə” və bir qram heroin aşkarlandı. O bir qramı iranlının göndərdiyi heroin torbasının içindən özüm üçün götürmüşdüm”.

Təqsirləndirilən Salehə Əsədova ifadəsində Rəhim adlı şəxsi İrana gəzməyə getdiyi vaxtlardan tanıdığını, onun ailəsi üzvləri ilə səmimi münasibət qurduğunu, ara-sıra İrana ya həkimə, ya da bazarlığa gedib-gələndə sonuncunun ailəsi ilə birgə yaşadığı evdə qonaq qaldığını göstərib.

Söhbət əsnasında Rəhim ona uzun zamandan bəri İrandan Azərbaycana heroin və psixotrop maddələr göndərdiyini, bu yolla pul qazandığını deyib:

"Harada işlədiyimi soruşduqda əvvəllər müəllimə işlədiyimi dedim. "Rəhim” də dedi ki, mən də əvvəl müəllim işləmişəm, sonra özüm çıxmışam işdən. Birgə işləməyi təklif etdi. Əvvəlcə razılaşmadım”.

Maddi sıxıntı içərisində olduğunu deyən S.Əsədova sonradan iranlının təklifi ilə razılaşıb:

"Həyat yoldaşımdan ayrılmışdım, işsiz idim, kirayə pulunu, övladımın təhsil haqqını belə ödəyə bilmirdim. Ona görə də məcbur olub razılaşdım. Bu işin təhlükəli olduğunu dedikdə Rəhim "vatsapla danışarıq, problem olmaz” dedi. Mən də bu barədə taksi sürücüsü Ruslana danışdım. Onunla münasibətlərimiz çox yaxındır, iranlı ilə işləməyi Ruslana da təklif etdim, razılaşdı. Bu üsulla bir müddət işlədik, hərə öz payına düşən pulu götürdükdən sonra qalan məbləğ Rəhimə göndərilirdi”.

S.Əsədova heroinin satışından əldə olunacaq pulun 200 manatının Ruslana, 700 manatının isə ona çatacağını deyib:

"Həmin gün bir neçə dəfə Ruslanla telefonla danışdım. Dedi ki, "mal”ı Biləsuvardan götürmüşəm, yoldayam, Bakıya çatıram. Ruslan qapını döyüb içəri girmək istəyəndə mülki geyimli şəxslər bizə yaxınlaşdılar”.

Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası rəyin edilib.