Gündəm / İqtisadiyyat / Sosial

Xariciləri niyə Azərbaycanda ev almağa qoymurlar? - Bizim pula ehtiyacımız yoxdur?

Xariciləri niyə Azərbaycanda ev almağa qoymurlar? - Bizim pula ehtiyacımız yoxdur?

Kanal14.az: - 2021-ci ilin sentyabr ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 162 daşınmaz əmlak alışı həyata keçirib.

Türkiyənin Statistika İdarəsinin məlumatına əsasən, ötən ay ən çox əmlak alışı həyata keçirən ölkələr sırasında Azərbaycan səkkizinci sırada qərarlaşıb. Sentyabr ərzində Azərbaycan vətəndaşları tərəfindən alışı həyata keçirilən daşınmaz əmlakların sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 21 ədəd az, əvvəlki ayla (2021-ci il avqust) müqayisədə isə 24 ədəd çoxdur. 2021-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədən 2 040 daşınmaz əmlak alıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 122 ədəd və ya 5,6 faiz azdır.

Qeyd edək ki, son illər Azərbaycan vətəndaşları nəinki Türkiyədə, digər xarici ölkələrdə də daşınmaz əmlak almağa üstünlük verirlər. Lakin bunun müqabilində ölkəmizdə daşınmaz əmlak istəyən xarici vətəndaşlara nadir hallarda rast gəlinir. Onu da vurğulayaq ki, xarici vətəndaşın daşınmaz əmlak alması həmin ölkəyə vəsait qoyması deməkdir. Bu gün niyə xaricilər bu məsələdə Azərbaycandan yan keçir və onları ölkədən uzaq salan səbəblər nədir?

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirib ki, Moskva, İstanbul kimi meqapolis şəhərlər həm turizm, həm də iş yerlərinin çoxluğu baxımından maraq doğurur:

"Rusiyada 2 milyondan artıq azərbaycanlı yaşayır və onlar orada zamanla işlərini qurub, gəlirlərini əldə edib və qazanc əldə etdikcə gəlib Azərbaycandan əmlak alıblar. Ancaq xarici vətəndaşlar Azərbaycana yatırım etmirlər. Bunun səbəblərinə gəldikdə isə xarici vətəndaşın daşınmaz əmlak alması üçün mütləq şəkildə onun mülkiyyət hüququnu təsdiq edən sənəd- çıxarış olmalıdır. Bizdə pandemiyadan əvvəlki dövrlərdə əksər yeni tikili binalarda çıxarış yox idi. 2019-cu ildən sonra ölkə başçısının tapşırığı ilə 400 yeni tikili bina çıxarışla təmin olundu. Ondan sonra pandemiya oldu və artıq əvvəlki kimi xaricilər gəlmirlər. Əvvəlki dövrdə ən çox Şərq ölkələrindən gələn turistlərin sayı həddindən çox artdı, onlar burada əmlak almaq istəyirdilər. Ancaq çıxarış olmadığına görə istəsələr də ala bilmirlər.

Digər tərəfdən, Azərbaycan qanunlarına baxsaq, xarici vətəndaş burada torpaq sahəsi ala bilməz. Məsələn, həyət evi alır, ev tikilir, vətəndaşın adına keçir, ancaq onun yerləşdiyi torpaq sahəsi xarici vətəndaşın adına rəsmiləşə bilmir. Xarci ölkələrdə, o cümlədən Türkiyədə bu qanun sərt şəkildə mövcud idi. Ancaq Türkiyə qanunlarına dəyişiklik etdi və bundan sonra xarici vətəndaş orada istədiyi qədər daşınmaz əmlak, torpaq sahələri ala bilər. Hər il Azərbaycanda daşınmaz əmlak sərgiləri keçirilir. Həmin sərgilərdə xarici ölkələrin tikinti şirkətləri iştirak edir və buradan öz ölkələrinə müştəri aparırlar. Qonşu ölkələrdəki vəziyyətə gəldikdə, məsələn, Gürcüstan vətəndaşı olmayan istənilən xarici vətəndaş orada uzun müddətli aşağı faizlə kreditlə mənzil ala bilər.

O ölkədə yaşamasa belə, xarici vətəndaşlar üçün şərait yaradılır ki, daşınmaz əmlak sektoruna sərmayə qoysunlar. Bizdə real mənzərə odur ki, bu gün Bakı və Abşeronda 500 mindən çox çıxarışsız həyət evi var. Bu, nəinki yerli, xarici vətəndaşlar üçün də maraqlı deyil. Çünki çıxarışı olmayan bir əmlakın addan-ada keçirilməsi qanunla mümkün deyil. Sadəcə etibarnamə, yaxud razılaşma ilə evləri satırlar. Yəni qeyri-rəsmi yolla satırlar, bu təhlükəlidir. İstənilən vaxt etibarnamə verən şəxs onu ləğv edə bilər, həmin şəxs vəfat edərsə, etibarnamə avtomatik ləğv oluna bilər. Bu cür problemlər insanlarda daşınmaz əmlak sektoru ilə bağlı qorxu yaradır. Bütün problemlərin kökündə sənədləşmə proseslərinin gecikməsidir. Vaxtında reallaşmalı olan proseslər hələ də gerçəkləşməyib”.

Ekspert deyib ki, Türkiyədə hər ay, il daşınmaz əmlak alan azərbaycanlıların sayı daha da artır, eləcə də xaricilər Rusiyadan da çox sayda ev alırlar:

"Çünki bu ölkələr xarici investorların daşınmaz əmlak bazarına yatırım etməsi üçün münbit şərait yaradır. Şərtlər sadədir, istənilən vətəndaş daşınmaz əmlak ala bilər, yetər ki, o ölkəyə pul gəlsin. Bakı şəhərində bir evin orta qiyməti 100 min manatdır, bir qədər baha, yaxud ucuz da var. Kənardan alıcılar gəlib burada daşınmaz əmlak alsa,böyük məbləğdə ölkəyə vəsait daxil olar. Mövcud problemlərlə bağlı nəinki xaricilər, öz vətəndaşlarımız belə başqa ölkələrdə daşınmaz əmlaka yatırım edirlər. Bu da yaxşı hal deyil. Hər zaman bu olub, yəni istənilən xarici vətəndaş digər ölkədə daşınmaz əmlak alıb, ancaq bunun kütləvi hal alması yaxşı deyil. Əvvəllər bu vəsait ölkəmizə daxil olurdusa, hazırda xarici ölkələrin daşınmaz əmlak sektoruna gedir. Bunun da qarşısını almağın yoluna gəldikdə elə şərait yaratmaq lazımdır ki, insanlar xaricdən yox, gəlib buradan ev alsınlar”.