Gündəm / Siyasət

Məmurlar bizə, yoxsa biz məmurlara örnək olmalıyıq ?! - NƏ BAŞ VERİR?

Məmurlar bizə, yoxsa biz məmurlara örnək olmalıyıq ?! - NƏ BAŞ VERİR?

Kanal14.az: - Sentyabrın 8-də sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun biabırçı video görüntüləri yayımlanıb. Baş verənlər məmurlarla bağlı daha əvvəl müzakirə olunan bəzi xoşagəlməz hadisələri də yenidən gündəmə gətirib.

Belə ki, bir müddət əvvəl də partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov da oxşar məzmunlu qalmaqallı görüntüləri ilə gündəmə gəlmiş, Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov isə video görüntülərlə şantaj olunduğunu yazımışdı. Hazırda sosial şəbəkələrdə yeni yayılan video isə Gürcüstanın Azərbaycanlı millət vəkili haqqındadır.

Son dövrlərdə bu tendensiyanın artıq ənənə halını alması və baş rolda önəmli vəzifələrdə təmsil olunan məmurların çıxış etməsi özlüyündə ciddi mövzulardan xəbər verir.

Hər şeydən öncə bu məmurların önəmli dövlət vəzifələrində təmsil olunmaları problemin miqyasının göründüyündən daha böyük olduğunu göstərir. Xalqın böyük əksəriyyətinin təmsilçisi olan bu şəxslər öz davranışları ilə cəmiyyətdə örnək təşkil etmək əvəzinə hər cür biabırçılığın başlıca alətinə çevirilirlər.

Ahıl yaşda, 60%-i gənclərdən təşkil olunan bir ölkəyə ağsaqqallıq etməli, yol göstərməli olan insanlar qəribə şəkildə özlərini "təlxək” vəziyyətinə salmaqla kifayətlənir.

Bu cür əxlaqi normalara sığmayan davranışlar bəzi məmurların öz məsuliyyətlərinin, xalqın və dövlətin qarşısında götürdükləri öhdəliklərin fərqində olmadığının bariz sübutudur. Gələcək nəsillərə örnək olmaq, məsuliyyət və milli mənəvi dəyələrə sahib çıxmaq təəssüf ki, bəzi şəxslər üçün kağız üzərindəki şablon sözlərdən ibarətdir.

Öz əməlləri ilə cəmiyyətin birliyini və bütövlüyünü təmin edən etimadı, qarşılıqlı güvəni, ailə dəyərlərini sıradan çıxaran bəzi məmurlar xalq və hakimiyyət arasındakı münasibətlərə nə dərəcədə zərər vurduqlarının fərqində belə deyil.

Həm keçmiş, həm də vəzifə başında olan məmurlar başa düşməlidir ki, onlar öz ailələri, yaxınları ilə yanaşı bütün Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyırlar.

Tutduqları vəzifədən və daşıdıqları dövlət məmuru adından irəli gələn öhdəlikləri tələb edir ki, onlar davranışları, əxlaqi dəyərləri ilə hər kəs üçün örnək olsunlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 2017-ci ildəki çıxışında məmurlara səslənərək onlardan təvazökar olmağı, özləri və ailə üzvləri ilə birlikdə insanlara nümunə olmağı tələb edirdi.

Lakin keçən zaman bəzi məmurların özbaşınalığı və əxlaqsızlığının miqyasının təsəvvür edildiyindən də böyük olduğunu ortaya çıxardı. Bir daha aydın oldu ki, əxlaqi keyifyyətlərini itirmiş bəzi şəxslər öz vəzifə öhdəliklərini belə yerinə yetirməyə qadir deyil.

Əksinə, bir neçə özbaşına məmurun ayağısürüşkənliyi nəticədə hakimiyyətin müxtəlif pillələrində təmsil olunan və öz işinin öhdəsindən laiqincə və yüksək səviyyədə gələn şəxslərin də uğurlarına kölgə salmağa kifayət edir.

Ölkəmizin xarici düşmənlərə qarşı mübarizə apardığı, fəal quruculuq işlərinin həyata keçirildiyi bir zamanda bu cür əməllərlə gündəmə gəlməyə hakimiyyətə və dövlətə qarşı törədilən təxribatdan başqa nə ad vermək olar?

Bu şəxslər öz vəzifələri və tutduqları mövqe ilə idarəçilik sisteminin bir hissəsi olduqlarını, yanlış əməlləri ilə təkcə özlərini yox, bütün dövlət aparatını təhlükə altında qoyduqlarını nə üçün anlamırlar?

Ölkənin nüfuzuna, onun siyasi sisteminə və illər ərzində qazanılan loyallığa zərbə vuramağı hədəfləyən Ramiz Göyüşov, Hüseynbala Mirələmov, Əli Həsənov kimi məmurlar bu biabırçılığın nə ilk, nə də son nümayəndələridir.

Kim bilir, hələ neçə neçə şəxs bu cür eyiblərinin bir gün ortaya çıxacağından xəbərsiz əməllərinə davam edir.

Lakin ümid edirik ki, öz həmkarlarının xoş olmayan təcrübəsi onları qurşandıqları əyri yoldan dönməyə, Vətən və millət qarşısındakı vəzifələrini yerinə yetirməyə təşviq edəcək.

Əminik ki, bundan sonra bəziləri öz enerjilərini lüzumsuz fəaliyyətlər əvəzinə üzərlərinə götürdükləri öhdəlikləri laiqincə yerinə yetirməyə sərf edəcəklər! //bizim.media//