Gündəm / Mədəniyyət

Hüquqşünas Xalid Bağırov ADO teatrında nələr edəcək? - Vəkillikdən teatr rəhbərliyinə

 Hüquqşünas Xalid Bağırov ADO teatrında nələr edəcək?
Kanal14.az: -  Hüquqşünas Xalid Bağırov Azərbaycan Dağınıq Oda Teatrına rəhbər təyin olunub.

Yeni rəhbər illər əvvəl ədəbiyyatda "Xalid Şürük” imzası ilə tanınıb. "Kafkazuzel" İnformasiya Agentliyinin təsis etdiyi "Qafqazın qəhrəmanı” mükafatına layiq görülüb. "Start” Beynəlxalq Tələbə Filmləri Festivalının ideya müəllifi olub.

Həm də hüquqşünas olan və uzun müddət Azərbaycanda həbsdəki hüquq müdafiəçiləri və ictimai fəalların vəkilliyini edən Xalid Bağırov 2014-cü ildə vəkillik fəaliyyətindən uzaqlaşdırılıb.

Cebhe.info oxucularına Xalid Bağırovla müsahibəsini təqdim edir:

-Xalid bəy, eşitdik ki, ADO teatrının rəhbəri təyin olunmusunuz. Maraqlıdır, necə oldu ki, teatra rəhbər seçildiniz?

-Mən həmişə bu teatra yaxın olmuşam. Oradakılar da həmişə yanında olduğum dostlarımdır. Sadəcə bu gün teatrın belə bir şeyə ehtiyacı olduğu üçün özüm bunu təklif etdim və məmnuniyyətlə də qəbul olundu.

-Vəkillər Kollegiyasından uzaqlaşdırılsanız da, ölkədə daha çox hüquqşünas kimi tanınırsız. Bəs hüquqşünaqslıqdan teatra keçməyə necə qərar verdiniz?

-Yəqin siz mənim tariximi yaxşı bilmirsiniz...

-Necə yəni? Bizə məlumdur ki, siz hətta mükafat da almısınız. Amma özünüz bu barədə məlumat versəniz, daha yaxşı olar...

-Vallah, məlumat verəcək bir şey deyil... Sənət heç vaxt mənim üçün kənar bir məhfum olmayıb. Əksinə həmişə hüquqşünaslığı özümə ögey saymışam.

-Bəs indi insanlar sizi hüquşünas kimi tanısınlar, yoxsa teatr rəhbəri kimi?

-İnsanlar məni tanımasalar da olar. Amma həyatdan və sənətdən zövq alsınlar.

-Hüquqşünas fəaliyyətiniz yenə də davam edəcəkmi?

-Əlbəttə, davam edəcəyəm. Onun buna aidiyyəti yoxdur. Bir teatrın rəhbəri olmaq o demək deyil ki, başqa bir fəaliyyətlə məşğul olmaq olmaz.

-Xalid bəy, aldığımız məlumata görə, bir müddətlik direktor vəzifəsində olacaqsınız. Elədirmi?

-Qısa şəkildə deyim ki, iki il ərzində teatra kömək etməyi öhdəliyimə götürmüşəm. Amma həyatdır, bilmək olmur. Hər şey ola bilər.

-ADO-nun bir neçə problemi var. Xüsusilə, məkan problemi. Fəaliyyətiniz dövründə bu problemi necə həll etməyi düşünürsüz?

-Biz məkan məsələsini də həll edəcəyik. İmkan vermərik ki, teatr məkansız olsun. Teatr zatən bir anlayış olaraq elə məkandır. Funksionallığını da təmin etmək üçün əlimizdən gələni edəcəyik.

-Teatrın inkişafı istiqamətində hansı planlarınız var?

-Bir xeyli planlar var. Bilirsiz ki, ADO ictmaiyyətə açıq fəaliyyət göstərir. Bunu gizlətmək olmur. Yaxınlarda bütün cəmiyyət də teatrın fəaliyyəti ilə, keçirdiyimiz planlarımızın nəticələri ilə tanış olacaqlar.

-Oxucularımıza da maraqlıdır. ADO-nun repertuarına hansı tamaşalara salınacaq? Bu barədə bir plan varmı?

-Hələ pandemiya olduğundan teatr sezonu açıq deyil. Sezon açılana qədər həm köhnə, həm də yeni tamaşalar olacaq. Yeni planlar da təklif olunur. Bir şeyi də qeyd edim ki, mən teatrın yalnız menecment işi ilə məşğul olacağam. Teatrın yaradıcılıq işi tam şəkildə Elmin Bədəlovun müstəqil fəaliyyətidir.

-Çox sağ olun, Xalid bəy. Fəaliyyətinizdə uğurlar arzu edirik.

-Təşəkkür edirəm!