kanal14.az
kanal14.az

Bu il də turizm ölkəmiz üçün itirilmiş bir il olacaq - NƏ ETMƏLİ?

Bu il də turizm ölkəmiz üçün itirilmiş bir il olacaq - NƏ ETMƏLİ?
25-06-2021, 08:20 65 dəfə baxılıb

Bu il də turizm ölkəmiz üçün itirilmiş bir il olacaq - NƏ ETMƏLİ?

 

Kanal14.az: - Azərbaycanın təbii sərvətləri, rəngarəng iqlimi, zəngin tarixi-mədəni irsi turizmin inkişafına və ölkəyə daha çox turistin cəlb edilməsinə imkan yaradır. Turizm sahəsi həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının möhkəmlənməsi, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir. Turizmlə bağlı ölkənin inkişaf strategiyası ümumilikdə iqtisadiyyatının gücləndirilməsinə böyük töhfə verir. Pandemiyadan öncə turizm sahəsində, ilbəil ölkəyə gələn turistlərin sayında dinamika müşahidə edilir. Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2.4 milyon xarici qonaq gəlib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9.6 faiz çoxdur. Statistikaya görə, son vaxtlar 3 milyondan çox əcnəbi vətəndaşın Azərbaycana səfər etməsi nəticəsində turist axını 15 faiz artıb.

Xaricilər Azərbaycanda hər il təqribən 1,5-2 milyard dollar xərcləyirlər ki, bu da ölkə iqtisadiyyatına böyük valyuta axını deməkdir. Bu göstərir ki, turizm sahəsində stabil və dinamik inkişaf var. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda turizm sənayesinin yaradılması üçün çox böyük qüvvə sərf olunub. Xüsusən, otel biznesi ilə məşğul olan iri firmalar, dünyanın aparıcı brendləri Azərbaycana gəliblər. Lakin pandemiya səbəbindən ölkələr arasında hava, quru və dəniz nəqliyyatı əlaqələrinin qapadılması, turist səfərlərinə tətbiq edilən qadağalar turizm sektoruna mənfi təsir göstərdi. Artıq bir neçə aydır ki, Azərbaycanda yumşalmalar tətbiq olunub və bir çox iaşə obyektləri ilə yanaşı turizm sektorlarının fəaliyyətinə də icazə verilib. Bir məlumatı da qeyd edək ki, qonşu ölkə Gürcüstanda və Türkiyədə artıq daxili və xarici turizm inkişaf etməyə başlayıb. Bəs Azərbaycanda turizm sahəsində vəziyyət necədir? Bu il ölkəmizdə turizmlə bağlı inkişaf tempi gözlənilirmi?

Suallarımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli  bildirib ki, Azərbaycanda hələki quru sərhədlərin açılmaması və keçid məntəqələrinin bağlı qalması turizmlə bağlı ciddi irəliləyişin olmasını əngəlləyən əsas faktorlardan biridir. Ekspert qeyd edib ki, Gürcüstan və Rusiya ilə sərhədlərin bağlı olması kifayət qədər problemlər yaradır:

"Azərbaycanda aviabiletlərin qiyməti çox bahadır. Həm bunu, həm də tələbatın da çox olduğunu nəzərə alaraq xarici turizmlə bağlı bu il də ötən il kimi ölkəmiz üçün itirilmiş bir il olaraq yadda qalacağını düşünürəm. Çünki tək hava nəqliyyatı vasitəsilə turizmin potensialını artırmaq çox çətindir".
N.Cəfərli əlavə edib ki, bu il Azərbaycanın daxili turizmində müəyyən canlanma ola bilər: "Çünki xaricə getməyə bir çox insanlar hələ də risk etmir. Həmçinin bir çox ölkələrdə hələ də kovid pasportu anlayışı var. Hesab edirəm ki, daxili turizmdə, əsasən iyul və avqust aylarında ciddi canlanma olsun və tələbat artsın. Bu da təəssüf ki, həmişə qiymətlərin yüksəlməsinə səbəb olub. Ancaq xarici turistlərin Azərbaycana gəlməsi və xarici turizm məsələsində kifayət qədər böyük itkilərin olacağını indidən söyləmək mümkündür. Əgər iyul ayının 1-dən heç olmasa Gürcüstan, Rusiya və Türkiyə ilə quru sərhədlər açılsa, o zaman müəyyən qədər xarici turizm canlanmasını yaşaya bilərik".//dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA