Gündəm / Sosial

"Məsciddəki imamlar, axundlar ağızlarına nə gəldi danışırlar" - Elşad Miri


Son günlər dini ibadət yerləri ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsinin açıqladığı yeni qərarlar sosial şəbəkələrdə inanclı kəsim tərəfindən narazılıqla qarşılanıb. Məscidlərə girərkən COVİD pasportun tələb edilməsi, ora yalnız yalnız namaz vaxtı getmək və namazı bitirdikdən sonra dərhal ibadət məkanını tərk etmək, özü ilə dəsmal, möhür, namaz xalçası gətirmək kimi bəndlərin olması əksəriyyətin fikrincə absurddur.

Tanınmış ilahiyyatçı Elşad Miri məsələ ilə bağlı Sfera.az-a açıqlamasında prosesi Türkiyə ilə müqayisəli təhlil edib:

"Pandemiya dövründə qonşu Türkiyədə məscidlər açıq oldu. Orada sosial məsafə, maskaların taxılması kimi qaydalara riayət edildi və insanlar namazlarını da qıldılar, cümə günü də məscidə getdilər, bayram namazını da bir yerdə qeyd etdilər. Bu gün bütün restoranlar, kafelər, çayxanalar açıqdır. Amma heç bir zaman ora gələn insanların özləri ilə dəsmal gətirməsi, təmizliyə riayət etməsi kimi tələblər qoyulmamışdı. Birdəfəlik istifadə üçün nəzərdə tutulan kağız dəsmallardan istifadə edirdilər. Yəni bunu məscidə qoymaq çoxmu çətindir?

Digər tərəfdən bu gün "təmizlik imanın yarısıdır” dedikləri halda, məscidlərin tualetləri restoranlarınkından pis vəziyyətdədir. Birinci növbədə bu məsələyə riayət edilməli, dezinfeksiya işləri aparılmalıdır, ondan sonra bu məsələlər gündəmə gətirilə bilər. Əvvəlcə sən öz infrastrukturunu düzgün qur, daha sonra camaatdan nəsə tələb et. Bu özü biabırçılıqdır. Həqiqətən də Papadan çox katolik olmağa çalışmaq deməkdir. Yəni qərarların heç bir əsası yoxdur. Nə dini cəhətdən, nə də təmizlik”.

Müsahibimiz deyib ki, bu gün məscidlərdən imtina etmək üçün bir çox səbəb var:

"İnsanlar Allahın dininə görə ora gedirlər. Məsciddəki imamlar, axundlar ağızlarına nə gəldi danışırlar. Heç bir reaksiya verə bilmirsiniz, çünki belə bir qayda çıxarıblar ki, imam danışanda insanlar danışa bilməz. Bunlar məscidə deyil, qaydaları qoyan insanlara qarşı ikrah hissi yarada bilər. Bu gün hər bir insan 5 vaxt namazını gedib məsciddə qılmır ki?! Ancaq vaxtı olanda bunu edir, ya da cümə günləri, bayram günləri özünü məscidə çatdırır ki, namazı birlikdə qılsınlar. Orda deyilən xütbələr, moizələr inanın ki, insanları uzaqlaşdırır, nəinki, verilən bu qərarlar”.