Gündəm / Siyasət

Partiyalar trol ittihamlarını rədd edir: həqiqəti necə üzə çıxarmalı... - GƏLİŞMƏ

Partiyalar trol ittihamlarını rədd edir: həqiqəti necə üzə çıxarmalı...
Yeni Azərbaycan Partiyası (YAP) mayın 25-də "Meydan” TV youtube kanalında facebookda saxta səhifələrin yaradılması ilə bağlı yayılmış videoda partiyanın ünvanına səsləndirilən ittihamlara münasibət bildirib. Partiyadan bildirilib ki, qərəzli və birtərəfli qaydada material hazırlayan, jurnalistikanın prinsiplərini kobud şəkildə pozan "Meydan TV” partiyanın mətbuat xidmətinə müraciət etməyib, iddialarına cavab istəməyib.

Bundan başqa, qeyd edilib ki, videomaterialda ictimai fəal Bəxtiyar Hacıyevin əsassız olaraq Yeni Azərbaycan Partiyasının rəhbərliyini ittiham etməsi onun məsuliyyətsiz və qərəzli münasibətinin göstəricisidir: "Tam məsuliyyətlə bəyan edirik ki, Yeni Azərbaycan Partiyası nəinki ”facebook"da, hətta bütün sosial şəbəkə seqmentlərində saxta hesablardan istifadə etmir, üzvləri, fəalları bu işə təşviq olunmur. Bu məsələ ilə əlaqədar "The Guardian” qəzetinin araşdırmasında da "Facebook” şirkətinin məsul əməkdaşı bildirmişdir ki, "facebook”un Azərbaycan platformasında silinən 300-dən artıq saxta səhifənin Yeni Azərbaycan Partiyası ilə hər hansı əlaqəsi tapılmayıb. Bu da sübut edir ki, Yeni Azərbaycan Partiyası sosial şəbəkələrdə saxta hesablardan, eləcə də siyasi rəqiblərinə qarşı "trol xidməti”ndən istifadə etmir.

Saxta səhifələrlə yazılan rəylərin YAP-a aid olmasını sübut edən hər hansı fakt da yoxdur. Ehtimal oluna bilər ki, saxta profil və səhifələrlə yazılan rəylər YAP-ın nüfuzuna zərbə vurmaq üçün hansısa maraqlı qruplar tərəfindən hazırlanır. Bu baxımdan hesab edirik ki, "Meydan TV”nin yaydığı böhtan xarakterli video da YAP-a qarşı aparılan qara piar kampaniyasının tərkib hissəsidir".

"Əgər ”Meydan TV" sosial şəbəkələrdə saxta hesablarla rəylər yazan, siyasi rəqiblərini təhqir edənlər barədə obyektiv araşdırma aparmaq fikrinə düşərsə, müvafiq məlumat və faktları təqdim edə bilərik", - məlumatda qeyd edilib.

Qeyd edək ki, trol ittihamı Azərbaycan siyasətində əsas müzakirə mövzusu kimi daima gündəmdə olub. Bu məsələdə həqiqəti üzə çıxarmaq nə dərəcədə mümkündür?

Onu da bildirək ki, bu ittiham təkcə iqtidara aid deyil. Müxalifətin də "trollar ordusu” olduğu yeni fakt deyil. Bəs həqiqəti üzə çıxarmaq mexanizmi varmı? Müxalifətin, yoxsa iqtidarın daha çox trolları var?

AĞ Partiya başqanı Tural Abbaslı trolları sübut etməyin mümkünsüzlüyündən danışdı: "Trol məsələsi düşünürəm ki, artıq əsas mahiyyətindən belə kənara çıxıb. Artıq bir çox hallarda insanlar müdafiə etdikləri ideologiyanı, siyasi partiyanı, mövqeyi müdafiə edəndə trol deyilir. Saxta, arxasında real şəxsin durmadığı sosial media hesabıdır ki, oradan kimisə tənqid edir. Təəssüflər olsun ki, indi cəmiyyətimizdə belə hal da var ki, əgər onu müdafiə etmirsə, hər hansı bir polemika aparırsansa, bu trolluqdur. Düşünürəm ki, iqtidar kifayət qədər trol xidmətlərindən istifadə edir. Hakimiyyətdə də bir partiya tərəfindən bunun ənənəsi qoyulub. Müxalifətdə də kifayət qədər trol dəstəsi var. Heç də YAP-dan geri qalmırlar. Bu cümləmi oxuyanda artıq kimdən söhbətin getdiyini hər kəs anlayacaq. Əslində bunun belə başa düşülməsi onu göstərir ki, dediklərimizdə həqiqətlər var. Amma texniki baxımdan trolların sübut edilməsi mümkün deyil. Burada müəyyən qədər YAP-ın mövqeyində də həqiqət var ki, kimsə profil yarada bilər və YAP-çı olduğunu deyər. Burada ictimaiyyətin inanması və kimin yanında olması daha çox önəmlidir. Düşünürəm ki, ictimai fikirdə iqtidar bu məsələdə uduzur. Nəyisə texniki baxımdan sübut etmək onları xilas etməyəcək. Belə məsələlərdə ictimai rəy daha önəmlidir, nəinki texniki rəqəmlərlə göstəricilər”.

"Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov "trollar ordusu”na sahib olmadıqlarını bildirdi: "Sosial şəbəkə azad meydandır. Amma çox təəssüf ki, bəzən bu azğınlaşmış söz meydanına çevrilir. Burada insanların bir-birinə şər-böhtan atması, bir-birini aşağılaması, bəzən bir-birini təhqir etməsi çox adi bir hal alıb. Hətta müəyyən qruplar olur və onlar trollar şəklində birləşirlər. Çox xoşagəlməz bir durum yaranıb. Xalqımızın milli-mənəvi dəyərlərinə, mentalitetinə yaraşmayan hərəkətlərdir. Deyirlər ki, iqtidar trollar yaradıb, müxalifətə, xaricdəkilərə qarşı mübarizə aparır. Bu, şərdən başqa bir şey deyil. Amma trollar var və xaricdə oturub iqtidara qarşı şər-böhtan atırlar, bəzən olmuş hadisələri təhrif edib, qəsdən onu başqa formada təqdim edirlər, şou düzəldib günlərlə tirajlayırlar. Əgər söhbət siyasi mübarizədən gedirsə, gəlin siyasi mübarizə aparaq. Bu mübarizədə də daim siyasi mədəniyyət gözlənilib. İndi qaranlıq otaqda kösöv bulamağa bənzəyir. Üz-üzü görmür, utanmaq yoxdur, nə gəldi danışılır. Uzun illərdən sonra nəhayət, Qarabağımızı qaytardıq, qudurmuş, azğın düşmənin başını kəsdik, amma bu gün o düşmən yenə təslim olmayıb. Biz Azərbaycanımızın xatirinə burada da milli birlik nümayiş etdirməliyik. Əgər nöqsanlar varsa, buyurun deyin, birlikdə düzəldək, sifarişlər yerinə yetirməyək. Milli maraqlarımızı kənara qoyub, öz ambisiyalarımızla hərəkət ediriksə, bu azərbaycanlı adına yaraşmayan bir hərəkətdir. Gəlin hamımız doğma Azərbaycanımızı müdafiə edək”.// "Yeni Müsavat”