Gündəm / Cəmiyyət / Hadisə / Sosial

Şəhid anası gəlinindən şikayətçidir: - "Ərinin məzarına hücum edib dağıdır"

Şəhid anası gəlinindən şikayətçidir:
Vətən müharibəsinin şəhidi, kəşfiyyatçı Səbuhi Hüseynlinin anası oğlunun məzarına hücum edilməsindən şikayətçidir. Belə ki, Samirə Əhmədxanova gəlini Hüseynli Lamiyənin oğlunun məzarına qoyulan gül və əklilləri yerlə bir etdiyini, kənardakı əşyaları dağıtdığını bildirib.

Qalmaqallı məsələ barədə Sfera.az-a danışan şəhid anası oğlunun məzarını o şəkildə gördükdən sonra halının pisləşdiyini deyib:

"Oğlumun məzarını ətrafında cənnət yaratmışdım. Bunu bütün kənd camaatı təsdiq edə bilər. Məzarın ətrafı gül-çiçək idi. Amma bu gün gəlib görürəm ki, məzarın üzərində bircə dənə gül yoxdur. İndi vəziyyətim çox pisdir, təcili yardım gələndən sonra biraz özümə gələ bilmişəm. Oğlumun qəbirinə gəlin hücum edib, özünün məzar üstünə qoyduğu əşyaları evə aparıb, mən qoyduqlarımı isə vurub-dağıdıb. Mən oğlumun məzarının üstünə gülü-çiçəyi xalqın pulu ilə almışam, elə imkanım da yoxdur. Gəlin oğlumu dəfn edəndən sonra bir neçə gün yasda iştirak elədi. Ona dövlət tərəfindən şəhidlik pulunun da nə vaxt verilməsindən xəbərim yoxdur. Mənə pul lazım deyil, mən oğlumu itirmişəm. İstəyirəm ki, onu məzarda rahat buraxsınlar. Mən dünən bütün günü qəbiristanlıqda olmuşam. Çox güman ki, gecə ilə gəlib o məzara".

Samirə Əhmədxanova gəlinin belə addım atmasına acgözlüyün səbəb olduğunu deyir:

"Şəhid ailələrinə ev verilməsi ilə bağlı xəbərlər yayılıb. Gəlinim də belə vəziyyət yaradır ki, guya məzarı o günə mən qoymuşam, mənim ağlım yerində deyil. Belə etməklə evi özü almaq istəyir. Bu psixologiyaya sahib olan ana necə uşaq böyüdə bilər? Övladımın azyaşlı oğlunu belə ana necə tərbiyə edəcək? Xaçmaz polis idarəsinə məlumat verəcəm ki, kameralarla məsələ araşdırılsın. Bu əməl, oğlumun məzarına edilən hücum cavabsız qalmamalıdır. Gəlinlə aramda indiyədək problem olmayıb, əvvəl də ayrı yaşamışıq deyə söz-söhbətimiz yox idi. Dəqiq bilirəm ki, gəlin mənə şər atmaq niyyətindədir".

Qeyd edək ki, şəhid kəşfiyyatçı Səbuhi Hüseynli oktyabrın 27-i Xocavənd rayonunda qəlpə yarası alıb. O, 6 ay komada qaldıqdan sonra aprelin 15-ində şəhid olub.