Gündəm / Siyasət

Cəmil Həsənlinin virtual müxalifliyi: - Yaxud özünü təkzib edən zorən siyasətçi

Cəmil Həsənlinin virtual müxalifliyi:
KANAL14.AZ:- Siyasət həm də danışmaqdır, amma siyasət boş danışmaq deyil.

Özünü siyasətçi adlandıran, bu ada iddia edən hər kəs dediyi sözün məsuliyyətini daşımağı bacarmalı, sözlərini əsaslandırmalı və son zamanların dəbi olan "votsapdakı Niquş”lar kimi yanaşma sərgilməkdən o qədər uzaq olmalıdır ki, opponentlərini dəlil axtarmağa vadar etməmək bir tərəfə, tərəfdarlarını itirməmək kimi problem yaşamasın.

Milli Şuranın sədri, son zamanlar öz müxalif çıxışları ilə yox, daha çox qızı ilə bağlı yaranan video qalmaqalı ilə gündəmə gələn Cəmil Həsənlinin "Azad söz” kanalında uzun müsahibəsinə baxanda bunun tam əksi ilə qarşılaşırsan. Azərbaycanda uzaqlarda yaşayan və özünü də dediyi kimi, son 2 ilini mütəmadi olaraq xaricdə keçirdiyindən ailəsində nələrin baş verdiyindən xəbərsiz olan Milli Şura sədri zorən müxalifətçilik oyununa davam edir. Amma çıxışlarının ilk cümləsindən nə qədər yorgun, bitkin, tükənmiş olduğunu sezməmək mümkün deyil. Özü də bu ruh halının fərqində olmalıdır ki, 1 saat 39 dədiqə davam edən çıxışında əsaslı nəsə söyləmək bir tərəfə, heç həvəsli nəsə də söyləmədi.

Cəmil Həsənli zorən müxalifət roluna sürüklənib. 2013-cü ildə həm də müxalifətin öz arasındaki intriqadan və xalqın illərlə yığılan inamsızlığından qaynaqlanan gələcək məğlubiyyəti bilə-bilə müxalifətin namizədi kimi önə verilən professorun ozamankı çıxışlarına baxanda da onun bu rola heç uyğun olmadığı aydınca sezilirdi. Elə ona görəydi ki, prezidentliyə namizəd Cəmil Həsənlinin yanılmıramsa, "Azadlıq” qəzetində namizəd kimi dərc olunan iki səhifəlik ilk müsahibəsi əsl fiasko olmuşdu.

Hətta Cəmil Həsənlinin namizədliyi üçün imza toplayan gənclər bu müsahibədən o qədər pərişan olmuşdular ki, bəziləri imza vərəqələrini Seçki Qərargahına geri təhvil verməyi belə düşünürdü və bunu edənlər də vardı. Hər şey gün kimi ortadaydı - Cəmil Həsənli ona biçilən müxalif lider roluna qətiyyən uyğun gəlmirdi və elə uyğun gəlməyə-gəlməyə də hansısa məcburiyyətindən bu rolu bu günə qədər sürdürür.

Qayıdaq, Milli Şura sədrinin son müsahibəsinə. Nədən və niyə danışdığı yəqin ki, heç özünə də aydın olmayan Cəmil Həsənli əsas ixtisası olan tarix elmindən iqtisadiyyata olduqca uğursuz keçid elədi. Siyasət söz oyunu olmaqla bərabər, həm də faktların təqdimatıdır.

Cəmil Həsənli müsahibəsinin nəinki faktlar, hətta söz oyunu hissəsində də o qədər qeyri-peşəkarlıq sərgilədi ki, 1,5 saatdan artıq sürən müsahibədə tamaşaçı "dişə vurulası” bircə kəlməyə belə rastlamadı. Ara-sıra öz dediklərini özünün təkzib etməsini də bura qatsaq, müxalifət təşkilatı adına iddiasından başqa bir şeyi olmayan Milli Şuranın sədri özünü pis vəziyyətə saldı.

Məsələn, çıxışının bir yerində dedi ki, Azərbaycanda mandatlar pulla satılır. Çıxışının bu yerində bir neçə gün əvvəl barəsində həbs qətimkan qərarı verilən sabiq deputat Rəfael Cəbrayılovu misal gətirdi, onun məhz mandat almaq üçün külli miqdarda borcun altına girdiyini dedi.

"Mandatın hər seçkidə bəlli qiyməti var. Heç də kiçik olmayan məbləğdən söhbət gedir",- deyərək hansısa mənbəyə istinad etməyi unudan professor qısa zaman sonra yəqin ki, özünün də bir dönəmlər deputat olduğunu xatırladı. Xatırladı və səhvini, bütün mandatların pulla satıldığı ifadəsini düzəltməyə uğursuz cəhd etdi. "Əlbəttə, hamıya mandatı pulla vemirlər. Amma pulsuz verilən mandatın qisasını da pulla verdiklərinin üzərinə qoyurlar”,-deməklə özünə yönələ biləcək "Əgər hamı mandatı pulla alırdısa, siz nə qədər vermişdiniz, niyə vermişdiniz və kimə vermişdiniz?” kimi cavabsız suallardan özünü sığortalamağa çalışdı. Cəhd uğrusuz idi və nəyə hesablandığı ilk sözdən bəlli oldu.

Ardınca Azərbaycandakı iqtisadi sistemin təhlilinə girişən professor iqtidasi biliyinin heç də tarixi biliyə qədər olmadığını, daha doğrusu, heç olmadığı ortaya qoydu. Azərbaycanda azad bazar mühitinin olmadığını deyən Cəmil Həsənli iş adamlarının biznesinin əlindən alındığını, xüsusilə banklardan götürülən kreditlər hesabına yaradılan iş yerlərinin, şəxsi biznesin mənimsənildiyini iddia etdi.

Beynəlxalq Bankın timsalında bəzi misallar gətirməyə çalışdı, amma ya yaddaşı imkan vermədi, ya da xatırayacaq ciddi fakt tapmadı. Buna görə də bu mövzuda çıxışının davamında "Amma iş adamlarından zorla alınan bu müəssisələr işlək müəssisəyə çevrilmir, yenə işlək müəssisəyə çevrilsəydi, 5-10 nəfər evinə çörək apapardı”, - dedi.

Başqa sözlə, öz dediyini özü təkzib etdi. Əgər iş adamlarının yaratdığı bu müəssisələr onu zorla alanlara lazım idisə, niyə onları işlək müəssisədən passiv quruma çevirməkdə maraqlı olublar? Pul qoymadıqları, əziyyət çəkmədikləri hazır müəssisəni işlədib pul qazanmaq daha məntiqli deyildimi? Əgər Cəmil Həsənli demişkən, həmin müəssislər dağılmaq üçün alınmışdısa, o zaman iş adamları kütləvi narazı salmaqda məqsəd nə olub? Burasını Cəmil Həsənli demədi.

Deməməsi və ya deyə bilməməsi ilə də məhz çıxışları ilə özü barədə yaratdığı zorən müxalifətçi imicini daha da möhkəmləndirdi. Hər halda Azərbaycandan minlərlə km uzaqda oturub müxalifətçilik etmək professoru da yorub. Bəlkə də müəyyən həddən sonra dayanmağın mümkün olmadığı bir çevrəyə girdiyindən dayandırılmağı gözləyir. Yaxud da sahib olduqlarını məhz bu danışıqlara borclu olduğundan elə bu tonda da davam etmək zorundadır. Hər iki halda Cəmil Həsənlinin "virtual müxalifət” olmağa vadar edən xalq və vətən sevgisi deyil.// Cebhe.info