Gündəm / Siyasət

“Ramiz Mehdiyev və Əli Həsənov kimi açıqca Rusiyaya xidmət edənlər…” - İTTİHAM


Çoxları sual edir ki, 5-ci kolon kimlərdir? Buna cavab verməli olan ictimai, siyasi institutların dolğun fikrini hələ ki, eşitməmişəm. Zənnimcə, 5-ci kolon Azərbaycanın dövlət müstəqilliyini qəbul etməyən ölkələrin Azərbaycan hakimiyyətini öz diqtələrinə tabe etdirmək istəyənlər və ölkə içində onların istəklərini cürbəcür adlarla yerinə yetirən qüvvələrdir. Burada çox qüvvələrin, çox istəkləri cəmləşir.

Bu sırada ilk növbədə Azərbaycanın müstəqilliyini qəbul etməyən, onun güclənməsini istəməyən Rusiya, İran və Ermənistandır. Rusiya hələ də öz imperiya siyasətindən əl çəkməyib və Azərbaycanı öz ərazisi sayır. Eyni mövqedə həm də İrandır. Əlavə olaraq İran hesab edir ki, güclü və müstəqil Azərbaycan dövləti nə vaxtsa parçalanmış Azərbaycanın birləşməsini istəyəcək. Ermənistan da qamarladığı ərazilərimizlə kifayətlənməyib Qarabağ və Naxçıvanı da öz ərazilərinə qatmaq istəyir.

ABŞ və Avropa dövlətləri müstəqilliyimizi qəbul edirlər. Ancaq onlar da daim Azərbaycandan Rusiyaya və İrana qarşı öz məqsədlərini həyata keçirmək üçün bufer zonası kimi istifadə etmək və Azərbaycan hakimiyyətini öz dövlətinə yox, onların istəklərinə uyğun davrandırmağa çalışırlar.

Heç kim qonşu Gürcüstanı da bizə dost, qardaş ölkə kimi qəbul etməsin. İmkanları olsa onlar da bizə qarşı ərazi iddiaları irəli sürəcəklər.

Sadaladıqlarım dövlətlərin istəkləri çoxlarına aydındır. Təhlükəli onlar yox, içimizdə olan bilərəkdən, yaxud bilməyəkdən bizə qarşı olan dövlətlərin tərəfində olan qüvvələrdir. Bunlar da təxminən çoxlarına bəllidir və onların da təxmini bölgüsünü təsvir etmək olar. Ramiz Mehdiyev və Əli Həsənov kimi açıqca Rusiyaya xidmət edənlər, buna görə Rusiyanın ən ali dövlət mükafatlarını alanlar və din pərdəsi altında İranın mövqeyini Azərbaycan Dövlətinin mövqeyindən üstün tutan, açıqca İran dini rəhbərini özlərinə rəhbər sayanlardır.

Bu sırada ən təhlükəli olanlar ölkə içində və xaricində insan haqları, haqq-ədalət mübarizəsi, müxalifət adı altında fəaliyyət göstərən özümüzdən olanlardır. Bunların təhlükəliliyi ondan ibarətdir ki, siyasi, analitik biliyi, ümumiyyətlə savadı az olan insanların səmimiliyindən, sadəlöhvlüyündən istifadə edib onları öz çirkin əməllərinə alət edə bilirlər. Bunun bariz nümunəsini biz 1993-cü ildə yaşamışıq. Rəhim Qazıyevlər, Sürət Hüseynovlar və digəriləri 4 iyun qiyamını məhz insanların sadəlöhvlüyündən istifadə edib həyata keçirdilər. O vaxtlar müstəqilliyimiz baş verənləri dəqiq təhlil edən Əbülfəz Elçibəyin Heydər Əliyevi Bakıya dəvət etməsi sayəsində qorundu. Rusiyanın və İranın mahiyyətini gözəl bilən hakimiyyət ustası rəhmətlik Heydər Əliyevin ölkə içində və xaricində olan düşmən qüvvələri neytrallaşdırmaqla müstəqilliyimizi qorudu. Kimsə bu barədə mənə dərs vermək fikrində olmasın, çünki həmin hadisələrin mərkəzində olub baş verənləri öz gözlərimlə görmüşəm.

Özümüzdən olan baltaları da 2 qrupa bölmək olar. Bir hissəsi hakimiyyət hərisliyinə görə istənilən addımı atmağa hazırdırlar və hesab edirlər ki, hakimiyyəti devirməklə öz arzularına çatacaqlar. İkinciləri isə ancaq öz maddi maraqları naminə hakimiyyət dəyişikliyində nə isə qazanacaqlarını düşünürlər.//pravda.az//