Gündəm / Siyasət

Rusiyalı hərbçilərin İcevana səfəri: Qazaxın kəndləri qayıdır? - NƏ BAŞ VERİR?

Rusiyalı hərbçilərin İcevana səfəri: Qazaxın kəndləri qayıdır?
Ötən həftə Rusiyanın bir qrup hərbçisi Ermənistanın Azərbaycanla sərhədinə gəlib. Erməni mediasının məlumatına görə, Gümrüdə yerləşən 102-ci hərbi bazanın hərbçiləri Azərbaycanın Qazax rayonu ilə həmsərhəd İcevan şəhərində olublar. Hərbçilərin görüntüləri sosial mediada yayılıb.

Qeyd edilir ki, Rusiya hərbçiləri yerli bazara baş çəkiblər, sakinlərlə söhbətləşiblər. Bununla yanaşı, onlar Ermənistan ordusunun İcevandakı alayında olublar.

Erməni mediasının ehtimalına görə, rusiyalı hərbçilər ərazidə Azərbaycanla demarkasiya işlərinə cəlb olunublar. Bəzi mənbələr isə bildirir ki, ərazidə Rusiyanın daimi əsasda yeni hərbi hissəsinin yaradılması üçün fəaliyyət aparılır. Nə Ermənistan, nə də Azərbaycan tərəfi məsələ ilə bağlı hansısa rəsmi açıqlama verib.

Ekspertlər isə birinci versiyaya daha çox inanırlar – yəni, Rusiya hərbçiləri sərhədlərin demakrasiyasında iştirak edirlər. Çünki 10 noyabr Üçtərəfli Bəyanatda Rusiya iştirakçılardan biridir. Eyni zamanda, münaqişənin həll olunması, sərhədlərin müəyyənləşdirilməsi və digər danışıqlarda Rusiya rəsmiləri bir vasitəçi rolundadırlar.

Onu da qeyd edək ki, sözügedən məlumatla eyni anda erməni KİV-ində başqa məlumat da yayıldı – Qazaxın erməni işğalında olan 7 kəndinin boşaldılması və təhvil verilməsi istiqamətində hərəkətlilik var. Bu fakt da inandırıcı görünür. Ona görə ki, Üçtərəfli Bəyanatın ilkin variantında Qazaxın kəndlərinin boşaldılması məsələsi də əksini tapmışdı.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri, politoloq Fərid Şəfiyev də AYNA-ya deyib ki, belə məlumatlar var idi ki, Rusiya Zəngəzurda ikinci hərbi baza açmaq və ya hərbi birləşmə yerləşdirmək istəyir: "Amma İcevanda deyil, Zəngəzurda deyilirdi. Güman ki, Rusiya hərbçilərinin İcevana getməsi sərhədlərin demarkasiyası ilə bağlıdır”.

"Qazaxın işğalda olan kəndlərinin azad edilməsi məsələsinə gəldikdə isə, bu barədə birmənalı fikir yürütmək olmur. Üçtərəfli Bəyanatın ilkin variantında həmin kəndlərin boşaldılması məsələsi var idi. Sonradan Kremlin rəsmi saytında sənəd yerləşdiriləndə, həmin kəndlərin azad edilməsi bəndini görmədik. Yəni, bəyanatda dəyişiklik edildi”, - deyə ekspert bildirib.

Politoloqun sözlərinə görə, söhbət sərhədlərin demakrasiyasından gedirsə, Qazax rayonuna aid kəndlər gündəmdə olmalıdır: "Amma başqa bir məsələ də var – bu, Gədəbəy istiqamətində Başkənd adlanan ərazidir. Biz o ərazini 1990-cı illərdə götürmüşük, hansı ki, SSRİ xəritəsinə əsasən, həmin yer Ermənistana aiddir. Demarkasiya prosesində Qazaxın kəndləri azad olunsa, o zaman Başkəndin Ermənistana qaytarılması gündəmə gələcək. İndi baxaq, hadisələr necə inkişaf edəcək”.

Şəfiyev qeyd edib ki, yanvar-fevral aylarında məsələlərin həlli istiqamətində danışıqlarda müəyyən irəliləyiş var idi: "Amma mart ayında görünən odur ki, işlər o qədər qənaətbəxş deyil. Azərbaycan Prezidenti də çıxışlarında məsələlərin həlli istiqamətində sürətliliyin olmadığı mesajlarını verir. Ermənilər dəhliz məsələsində əməkdaşlıq etməyə meylli deyillər. Ola bilsin ki, bu, Ermənistan daxilində baş verən gərgin proseslərlə bağlıdır. Bu gün Nikol Paşinyan hakimiyyətdə qalıb-qalmayacağını, hansı addımlarla hakimiyyətini qorumaq barədə fikirləşir. Hadisələr proseslərin ləngiməsinə gətirib çıxarır”.

"Burada Rusiyanın da ikibaşlı oyun-oynadığı görünür. Deyirlər ki, Naxçıvana dəhliz Şimal istiqamətindən açılsın. Bu, Azərbaycanı qane etmir. Çünki qısa yolumuz Cənub cinahdan - Zəngəzurdandır. İndi yaradılan aidiyyəti üzrə İşçi Qrup işləyir, hər halda nəticələr ictimaiyyətə açıqlanacaq”, - deyə analitik vurğulayıb.

Politoloq Ceyhun Əhmədli də AYNA-ya bildirib ki, Azərbaycanla sərhəddə Rusiya hərbi hissəsinin qurulması ağlabatan deyil: "Rusiyanın indiki məqamda belə bir addım atmasına şərait yaradacaq amillər yoxdur. Rusiya eyni zamanda, Azərbaycanın strateji tərəfdaşıdır və belə bir addımın atılması strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd olar. Həmçinin, Ermənistanla Rusiya arasında 1990-cı illərdə imzalanmış Hərbi Müttəfiqlik haqqında Sazişə əsasən, Rusiya Ermənistanın yalnız qeyri-MDB ölkələri ilə sərhədlərini mühafizə edə bilər. Azərbaycan isə bu sıraya daxil deyil. Bu baxımdan, yəni həm siyasi, həm də hüquqi baxımdan Azərbaycan sərhədlərində rusiyalı hərbçilərin yerləşdirilməsi mümkün deyil”.

Həmsöhbətimiz güman edir ki, Rusiya hərbçilərinin İcevana səfəri sərhədlərin delimitasiya və demarkasiyası məsələləri ilə əlaqədardır: "Məlumdur ki, müharibədən sonra sərhəd xətlərinin müəyyən olunmasında Ermənistan tərəfi dəfələrlə manelər törətməya çalışıb. Rusiya isə Ermənistanda böyük təsir imkanlarına sahib ölkə olmaqla yanaşı, həm də Üçtərəfli Bəyanatı imzalayan tərəf kimi sülhə zəmanətçi qismində cəlb olunmuş əsas ölkədir. Bu mənada, rusiyalı mütəxəssis və hərbçilərin bu prosesdə iştirakı arzuolunandır və burada Azərbaycanın torpaq bütünlüyünə təhdid doğuracaq hər hansı element görmürəm”.