Gündəm / Siyasət

Sülhməramlılar 5 ildən sonra getməyəcək(mi)... - "Le- Monde"nin məqaləsinə reaksiya

Sülhməramlılar 5 ildən sonra getməyəcək(mi)...
Fransanın məşhur "Le Monde” qəzetində "Azərbaycanda Rusiya ordusunun Qarabağdakı rolunu müzakirə edirlər” başlıqlı məqalə dərc olunub. Məqalədə 2020-ci ilin payızında Azərbaycanla Ermənistan arasında 44 davam edən müharibədən, Azərbaycanın bu savaşdan qalib çıxmasından, həmin il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin birgə bəyanat imzalamasından, bundan sonra hərbi əməliyyatların dayandırılmasından, bəyanata uyğun olaraq Dağlıq Qarabağda ən azı 5 illiyə Rusiyanın sülhməramlı kontingentinin yerləşdirilməsindən bəhs olunur.

Bildirilir ki, Ermənistanla müharibədən qalib çıxan Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən 30 il sonra Rusiya qoşunlarının qayıtması ilə barışmağa məcbur olub: "Bəs 5 il sonra Rusiya Dağlıq Qarabağı Azərbaycana qaytaracaqmı? Azərbaycan cəmiyyətində bununla bağlı mübahisəli fikirlər dolaşır. Bakıda Moskvanın əsl niyyəti haqda şayiələr aşıb-daşır. Doğrudanmı Rusiya sülhməramlıları bu mübahisəli ərazidə ikinci müharibəyə son qoyan 10 noyabr bəyanatına uyğun olaraq 5 il sonra Dağlıq Qarabağın açarını Azərbaycana verəcək? Buna yalnız rəsmi mövqeyi təkrarlamağa ehtiyac duyanlar inanırlar. Rusiya 30 ildə arzuladığına nail oldu, yəni öz əsgərlərini yenidən torpağımızda yerləşdirdi, - Azərbaycanın adının çəkilməsini istəməyən bir rəsmisi belə hesab edir. - Biz üçtərəfli razılaşmanın tam icra olunmasını və suverenliyimizin bütün ərazilərimizdə bərqərar edilməsini istəyirik. Rusiya isə daha çox vəziyyəti indiki kimi dondurub saxlamaqda və bölgədə öz mövcudluğunu davam etdirməkdə maraqlıdır”.

Bununla belə, Azərbaycan rəsmisi etiraf edir ki, Rusiyanın iştirakı bölgədə gərginliyin azalmasına və sabitliyin əldə olunmasına yardım edib. Azərbaycanda bu mövzuda həqiqətən də narahatlıq var. Amma indi xarici medianın da bu məsələyə diqqət yetirməsi mövzunun aktuallığını göstərir.

Bəs narahatlığa ehtiyac varmı? Rusiya 5 ildən sonra sülhməramlılarını Qarabağdan çıxarmayacaq? Məsələn, 30 ilə yaxındır "Dnestryanı”da yerləşiblər, Rusiya Qarabağdakı erməni probleminin konservləşdirilməsində maraqlıdırmı?

Politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a bildirdi ki, "Le- Monde”nin məqaləsində Rusiya sülhməramlı qüvvələrinin 5 ildən sonra da Qarabağda saxlanmasında Moskvanın maraqlı ola biləcəyi barədə yazılanlarda həqiqət payı var: "Rusiyanın beş ildən sonra Qarabağdan çıxmamaq kimi istəyi ola bilər. Çünki faktlar göstərir ki, Rusiya öz hərbi qüvvələrini haraya yerləşdirirsə, orada əbədi qalmasına çalışır. Gürcüstan nümunəsi, Moldova nümunəsi mövcuddur, Ukrayna nümunəsi də üzə çıxdı, Suriyada da həmçinin. Amma bizimlə bağlı durum bir qədər fərqli ola bilər. Ona görə ki, Azərbaycan dövləti Gürcüstan, Moldova və Ukraynadan fərqli olaraq müharibə aparıb qələbə çalıb. Bununla Rusiya hesablaşmaq məcburiyyətindədir. Üstəgəl, bizim Türkiyə kimi güclü strateji müttəfiqimiz var və Türkiyə də Rusiya hərbçilərinin bölgədə əbədi qalmasını istəmir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu da bir neçə dəfə vurğulayıblar, deyiblər elə etmək lazımdır ki, Qarabağda hansısa kənar hərbçilərə, sülhməramlı qüvvələrə ehtiyac olmasın. Bu, Rusiyaya ciddi bir mesaj idi. Azərbaycan Prezidenti İlham Əliyev də Rusiya sülhməramlıların fəaliyyətindən narazılığını bəzi sualları ortaya qoymaqla ifadə etmişdi. Həmçinin İlham Əliyev ona ünvanlanan ”beş ildən sonra Azərbaycan sülhməramlılarla bağlı nə qərar verəcək" sualına cavabında dedi ki, "biz baxacağıq vəziyyətə”".

Politoloqun sözlərinə görə, bu, o deməkdir ki, rəsmi Bakı da beş ildən sonra Rusiya hərbçilərinin bölgədə qalmasını istəmir: "Amma biz bilirik ki, Rusiya siyasətində müəyyən istiqamətlər ola bilər. Elə təxribatlar törədilə bilər ki, hərbçilərin burada daha uzun müddətə qalması təmin olunsun. Biz bu kimi hallara da hazır olmalıyıq. Amma biz problemlərin həllini elə sürətləndirməliyik ki, bəli, həqiqətən beş ildən sonra Rusiyalı hərbçilər bölgədə qalmasınlar, burada hərbi baza yaratmasınlar”.