Gündəm / Siyasət / Dünya

İran – Bir əlində Quran, bir əlində uran / BAEA: - "İran yenidən nüvə zənginləşdirməsinə başladı

İran – Bir əlində Quran, bir əlində uran / BAEA:
Beynəlxalq Atom Enerjisi Agentliyi İranın qabaqcıl texnologiyalı IR-4 sentrifuqası ilə tanınan Natanz müəssisəsində uranın zənginləşdirmə işlərinə başladığını bəyan edib.

Ovqat.com Reuters xəbər agentliyinə istinadən xəbər verir ki, regionumuzda ciddi hadisələrə yol aça biləcəyi düşünülən bu bəyanatın 15 mart tarixində qəbul olunduğu bildirilir.

Qeyd edək ki, İranın son zamanlar uranı zənginləşdirmə fəaliyyətinə başlaması əslində gizli hadisə deyil. Rəsmi Tehran Tramp hakimiyyəti dövründə ABŞ-ın imzasını geri çəkdiyi nüvə sazişinə yenidən dönməyəcəyi və İrana qarşı tətbiq olunan sanksiyaları qaldırmayacağı təqdirdə, öz öhdəliklərindən tədricən imtina edəcəyini bildirmiş və bu istiqamətdə müəyyən addımlar atmışdı. Əvvəl uranın zənginləşdirilməsi nisbətini 3%-dən 20%-ə yüksəldəcəyini bildirən İran rəsmiləri daha sonra nüvə silahları istehsalına başlaya biləcəkləri barədə xəbədarlıq etmişdilər. Bu təhdidlər heç bir nəticə verməyincə, İranın dini lideri baltanı lap dibindən vurmuşdu. O, ötən ay Üləmalar Məclisinin nümayəndələri ilə görüşündə bəyan etmişdi ki, "lazım gələrsə, İran uranı 60%-ə qədər zənginləşdirəcək”. Bu isə nüvə başlıqlı silahların hazırlanmasının bir addımlığı deməkdir. Zira nüvə silahları 80% zənginləşdirilmiş uran izotoplarından hazırlanır. 60%-lik zənginləşdirilmiş uranın bu həddə gətirilməsi üçün cəmi bir neçə gün kifayət edər.

Dini liderin bu açıqlaması İranın həm daxilində, həm də xaricində ciddi polemikalara yol açmışdı. Məsələ burasındadır ki, İranın qurucu lideri Ayətullah Xomeyninin nüvə silahlarının haram olmasına dair fitvası var və onun xələfinin dinc məqsədli nüvə cizgisini ayaqlayacaqlarını (dinc məqsədli nüvə texnologiyası üçün uranın 3% zənginləşdirilməsi kifayət edir) açıq şəkildə bəyan etməsi ilk növbədə Xomeyninin İslam inqilabı prinsiplərinə ziddir. İran Üləma Məclisinin bəzi üzvləri Xamanei ilə Xomeyni prinsipləri arasındakı bu ziddiyyətə dərhal bir "qılıf” uydurmuşdular. Onların fikrincə, müctehid fitvası Quran ayəsi deyil və dövrün şərtlərinə görə dəyişdirilə bilər, Xamanei də məhz bu günün reallıqlarını nəzərə alıb öz sələfinin cizgisindən bir qədər kənarlaşıb.

Etiraf edək ki, şiə əqaidinə görə, bu əsaslandırmada həqiqət payı az deyil. Həqiqətən də şiəliklə sünnilik məzhəblərinin fitva anlayışında ən önəmli fərq onun keçərlilik müddətindədir. Şiə alimləri bu zamanadək sünni həmkarlarını əsasən 300-400 il əvvəl verilmiş fitvaları dəyişdirə bilməməkdə günahlandırırlar.

Xamaneinin nüvə silahlarına sahib olmaq mənasına gələn 60%-lik uran zənginləşdirməsi fikri həm də ona görə narahatlıq doğururdu ki, dini liderdən bir qədər əvvəl İranın Təhlükəsizlik naziri Seyyid Mahmud Ələvi bənzər sözləri dilə gətirmiş, nüvə silahı istehsal edə biləcəklərinə eyham vurmuşdu. Ələvi bildirmişdi ki, İranın qurucu lideri Ayətullah Ruhullah Xomeyninin nüvə silahlarının istehsalını haram buyurmasına baxmayaraq, Qərbin basqıları Tehranı bu yöndə addım atmağa vadar edə bilər. Nazirin bu fikirlərinə dini liderin bir müddət münasibət bildirməməsi bəyanatın onun razılığı ilə verildiyi barədə söz-söhbətə yol açmışdı. Bu bəyanatın ardınca Xamaneinin susqunluğunu pozaraq öz mövqeyini ortaya qoyması yayılan söz-söhbətin əsassız olmadığını təsdiqləmışdi.

Xamaneyinin nüvə polemikalarını yenidən qızışdıran məlum bəyanatından cəmi 3 həftə sonra BAEA-nin İranın nüvə zənginləşdirməsinə başladığına dair rəsmi açıqlama yayması cənub qonşumuza qarşı yeni təzyiqlərin başlanacağına işarədir. Xüsusilə İsrailin bu çalışmalara laqeyd qalmayacağı, hətta Natanzdakı nüvə sentrifuqalarını vura biləcəyi irəli sürülən ehtimallar arasındadır.

Şəkildə: Fordo uran zənginləşdirmə zavodu

Qeyd edək ki, İranın dini lideri nüvə silahlarının istehsalına başlaya biləcəyinə eyham vuran açıqlamalarını elə həmin çıxışında yumşaldaraq bildirmişdi: "Qərb ölkələri İranın nüvə silahı istehsal etməsinə icazə verməyəcəklərini söyləyirlər. İran İslam Respublikası nüvə silahı istehsal etmək istəsəydi, heç kim buna mane ola bilməzdi. Nüvə silahı istehsal etmirik, çünki İslam düşüncəmizdə nüvə silahına yer yoxdur". Qərb ölkələrinin tətqiqat mərkəzləri isə bu açıqlamalara inanmırlar. Onların fikrincə, İran İslam Respublikası qurulduğu ilk gündən nüvə silahı texnologiyasına sahib olmaq üçün əlləşir və bu istiqamətdə ciddi addımlar atıb. Əslində İranı da bu məsələdə qınamaq insafsızlıq olardı. Müasir çağımızda nüvə arsenalına sahib olmaq öz təhlükəsizliyini qarantiya altına almaq kimi görülür. Hazırda İranda fəaliyyət göstərən çoxsaylı nüvə obyektlərinin mövcudluğu da təhlükəsizlik qayğısından irəli gəlir. "Amerikanın səsi” nəşrinin İranın uran çalışmaları barədə araşdırma yazısını təqdim edirik.

İranın nüvə obyektləri

İranın mübahisəli nüvə proqramı uran zənginləşdirilməsi, elektrik enerjisi istehsalı və bir neçə obyektdə tədqiqatları əhatə edir. Bu obyektlərin bir hissəsi beynəlxalq müfəttişlərin nəzarəti altında fəaliyyət göstərir, bəziləri isə hələ inşa prosesindədir. İranın əsas nüvə obyektləri bunlardır.

Natanzda uran zənginləşdirən zavod

İran uran zənginləşdirilməsi proqram sahəsində fəaliyyətləri Natanz şəhərində yerləşən zavodda aparır. Obyekt yerin altında yerləşir. Burada minlərlə sentrifuqada nüvə yanacağına çevrilmək üçün uran təmizlənib zənginləşdirilir. Yüksək səviyyədə zənginləşdirilmiş urandan nüvə silahlarının istehsalında istifadə edilir.

Elm və Beynəlxalq Təhlükəsizlik institutu bildirir ki, Natanz zavodundakı sentrifuqaların çoxu köhnəlib və 2009-cu ildə kompyuterlərə salınmış Stuxnet virusuna görə sıradan çıxmağa başlayıb.. İran uran zənginləşdirilməsi prosesini davam etdirmək üçün daha yaxşı sentiruqaların yerləşdirilməsinə çalışır, lakin beynəlxalq sanksiyalara görə lazımi avadanlığın gətirilməsi qarşısında çətinliklər yaranıb.

Fordo uran zənginləşdirilməsi zavodu

İran şiələrin müqəddəs Qum şəhəri yaxınlığında yerləşən Fordo obyekti haqda məlumatı 2009-cu ildə açıqlayıb. 2011-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyi İranın obyektdə silsilə sentrifuqalar yerləşdirdiyini bildirib. Burada nə qədər sentrifuqanın funksiya göstərdiyi məlum deyil.

Buşehr nüvə elektrik stansiyası

İran özünün ilk nüvə elektrik stansiyasını ölkənin elektrik enerjisi şəbəkəsinə gecikmələrdən sonra sentyabr ayında qoşdu. İranın bildirdiyinə görə, Rusiyanın inşa etdiyi 1000 meqavat həcmi olan stansiya 60 meqavat elektrik hasil edəcək. İran prezidenti Mahmud Əhmədinejad ölkənin Buşehrdə hasil olunan enerjidən 20 dəfə artıq enerjiyə ehtiyacı olduğunu deyib. Buşehr nüvə elektrik stansiyasının inşasına 1995-ci ildə başlayan Rusiya onu yanacaqla təmin etmək üçün zənginləşdirilmiş uranla təchiz edəcəyini bildirmişdi. İran istifadə edilmiş yanacağı nüvə silahının tərkib hissələrindən biri olan plutoniuma çevirməmək üçün Rusiyaya göndərməyə razı olmuşdu.

Tehranda tədqiqat reaktoru

Tehrandakı tədqiqat reaktoru 1993-cü ildən etibarən Argentinadan gətirilən aşağı səviyyədə zənginləşdirilmiş uranla işləyir. İran rəsmiləri Argentinadan təchizatın tükəndiyini deyərək, reaktorun yüksək səviyyədə zənginləşdirilmiş uranla təchiz edilməli olduğunu bildiriblər. İran reaktordan tibb və başqa sahələrdə tədqiqatlar üçün istifadə edildiyini bildirir.

İsfahanda Nüvə Texnologiyaları Mərkəzi

İsfahandakı nüvə texnologiyaları mərkəzində Çində istehsal edilmiş tədqiqat reaktorlarından istifadə edilir.

Arak ağır su istehsalı reaktoru və stansiyası

İran Arak regionunda soyutma sistemi üçün ağır suyun istifadə edildiyi nüvə reaktoru inşa edir. İran rəsmiləri reaktorun inşasının 2013-cü ildə başa çatacağını bildirir, lakin beynəlxalq müşahidəçilər xaricdən avadanlığın gətirilməsi məsələsində problemlərə görə layihənin daha gec tamamlana biləcəyini bildirirlər.

Dərxovin nüvə reaktoru

İran ölkənin özündə layihələşdirilmiş ilk nüvə elektrik stansiyası inşa edir. Stansiyanın 360 meqavat gücündə olduğu bildirilir.