Gündəm / Siyasət

 Ata Abdullayevi KİM MÜDAFİƏ EDƏR? - AÇIQLAMA

Ata Abdullayevi KİM MÜDAFİƏ EDƏR?
Özünü videobloger kimi təqdim edən Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Məlumata görə, A.Abdullayev məmurları şantaj edərək külli miqdarda pul alırmış. O, çoxsaylı şikayətlər əsasında iş başında yaxalanıb, barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bir qədər sonra Ata Abdullayev barəsində seçilən həbs-qətimkan tədbiri qərarından apelyasiya şikayəti verib. Lakin Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.

Maraqlıdır, bəs hüquq müdafiəçilərindən, vəkillərdən kimlər Ata Abdullayevin hüquqlarını müdafiə etmək istəyər?

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, Ata Abdullayevin nə özü, nə də gördüyü iş barəsində xəbərsizdir:

"Onun kim olduğunu bilmirəm. Ona görə də bu barədə suala cavab verməkdə çətinlik çəkirəm. Yalnız kimi müdafiə edəcəyimi bildikdən sonra cavab verə bilərəm”

Hüquq müdafiəçisi Səidə Qocamanlı isə qeyd etdi:

"Əgər Ata Abdullayevin saxlanıldığı yerdə hüququ pozularsa, səhhətində hansısa ciddi problem olarsa, əlbəttə ki, bununla bağlı məsələ qaldırarıq. Digər halda isə niyə onu müdafiə etməliyik?

Bildiyim qədər onun barəsində hədə-qorxu ilə pul tələb etmək ittihamı var. Bu isə reketlik deməkdir. Bir daha qeyd edirəm ki, əgər onun məhbus kimi hüququ pozularsa, yalnız bu zaman bu işlə məşğul ola bilərik, başqa heç nə".

Hüquqşünas Əlövsət Allahverdiyev isə bildirib ki, vəkil kimi heç zaman onun hüquqlarını müdafiə etmək istəməz:

"Əslində mən vəkillik fəaliyyəti məşğul deyiləm, dövlət orqanında çalışıram. Lakin vəkil fəaliyyəti ilə məşğul olsam belə qətiyyən onun hüquqlarını müdafiə etməzdim. Çünki Ata Abdullayev etik normaları pozur, insanları aşağılamağa, təhqir etməyə çalışırdı. Doğrusu, onun fəaliyyətini izləmirdim. Lakin son bir neçə kadrlarına baxdım, deyə bilərəm ki, istər jurnalist, istər məmur, istərsə də adi vətəndaşların ixtiyarı yoxdur ki, müraciət etdiyi şəxslərlə o tonda, o cür danışsın, davransın. Bir də ki, bildiyim qədər Ata Abdullayev nə jurnalistdir, nə də blogerdir. Sadəcə, əlinə bir telefon alıb, kimlərinsə üzərinə getməyə, onları aşağılamağa çalışırdı”.

Tanınmış vəkil Elçin Sadıqov da bildirdi ki, bu işlə bağlı ona müraciət olunarsa, rədd edər:

"Təbii ki, hər kəsin müdafiə olunmaq hüququ var. Özü yəqin ki, vəkillərə müraciət edib, öz hüquqlarını müdafiə edəcək. Və yaxud hər şeyi dövlət hesabına olan vəkilin öhdəsinə buraxa bilər.

Əgər mənə müraciət olunarsa, bu işdən imtina edərəm, ona görə ki, bu işi aparmaq mənim könlümdən olmaz. Yəni mənəvi baxımdan özümdə rahatlıq tapmaram. Amma bu o demək deyil ki, digər vəkillər də ondan imtina edəcək. Bir daha qeyd etdiyim kimi, hər kəsin müdafiə olunmaq hüququ var".
"Yeni Müsavat"