Gündəm / Dünya

“S-400” raketləri Azərbaycanda yerləşdirilə bilər - “Nezavisimaya qazeta”


Türkiyənin Rusiyadan aldığı "S-400” raketləri Azərbaycanda yerləşdirilə bilər.

Reyting.az "Nezavisimaya qazeta”-ya istinadla xəbər verir ki, Türk səlahiyyətlilər Rusiyanın "S-400” zenit-raket komplekslərinin (ZRS) istifadəsi ilə bağlı ABŞ administrasiyasına güzəştə getməyə hazırdır. Bu açıqlamanı "Bloomberg” agentliyinə türk mənbələri verib, ancaq güzəşt müqabilində Ankara Suriyanın şimal-şərqindəki kürd silahlı qruplarına dəstəyin dayandırılmasını tələb edib.

Mahiyyət sövdələşmənin icrası ilə bağlıdır. Türkiyənin Müdafiə naziri Hulusi Akarın açıqlamaları ölkəsinin Rusiyanın ZRS-lərindən istifadənin "yunan variantı”ndan razı qalacağını açıq şəkildə göstərir. "Bloomberg”-in Türkiyə rəhbərliyindəki mənbələri bildirib ki, hökumət "S-400”-ün məhdud istifadəsinə hazırdır. Ankaranın həm NATO müttəfiqi ilə davamlı hərbi-texniki iş birliyinə, həm də öz iqtisadiyyatının sabitliyinə ehtiyacı var.

Türkiyə tərəfi ABŞ prezidenti Cozef Bayden rəhbərliyinin "Suriya Demokratik Qüvvələri" (SDQ) ittifaqının əsas elementi olan YPG-yə dəstəyini dayandırmasını istəyib. Ağ Ev rəhbərinin Suriya strategiyasını yenidən qiymətləndirə və kürd birləşmələrinə yardımını artıra biləcəyi bir neçə dəfə iddia edilib.

"MEE” nəşrinin bəzi türk mənbələrinə görə, Ankara və Moskva ikinci "S-400” partiyasının tədarükü ilə bağlı danışıqları artıq başa çatdırıb və onun davamı üçün yalnız Türkiyə rəhbərliyinin imzası tələb olunur. Yüksək səviyyəli bir türk rəsmisi Ankaranın son dərəcə çətin bir vəziyyətdə olduğuna diqqət çəkib, çünki Rusiya Rəcəb Tayyib Ərdoğan yalnız tədarükün ikinci partiyası halında, bu qədər ehtiyac duyduğu texnologiyanın transfer və ortaq istehsalına razı olub.

Ankara NATO müttəfiqi ilə özünəməxsus şəkildə uzlaşma görür. "Hürriyet”-ə açıqlamasında Akar Türkiyənin amerikalılarla Rusiya istehsalı olan silahlardan istifadənin "Krit modeli" mövzusunda danışmağa açıq olduğunu qeyd edib. "Kritdəki "S-300” modelinə dair danışıqlara başlayacağıq".

Yunanıstan 1990-cı illərdən bəri "S-300” də daxil olmaqla, bir neçə Rusiya istehsallı zenit-raket kompleksinə sahibdir. Yunan mediasının yazdığına görə, son 20 ildə bu hava hücumundan müdafiə sistemləri Kritin şərqində yerləşdirilib və adanın ətrafında 280 km radiusda bir ərazidə keşik çəkir.

Eyni zamanda, Müdafiə naziri vurğulayıb: "Ankara və Vaşinqton arasındakı gərginliyi amerikalıların YPG ilə təmaslara son qoymaq istəyi olmadan həll etmək mümkün deyil. ABŞ ilə münasibətlərimizdəki ən həssas məsələ, Suriyada PKK-nın qolu olan kürd birliklərinə verdiyi dəstəkdir. Əlbəttə, ABŞ-la "S-400” haqqında söhbətimiz çərçivəsində bir həll tapa bilərik, ancaq kürd bölmələri ilə bağlı həqiqətləri nəzərə alacaqlarını gözləyirik. Çözüm tapa bilmiriksə, münasibətdə irəliləyə bilmərik".

Bu ay ABŞ-ın Türkiyədəki səfiri David Satterfild ölkəsinin "S-400”-lə bağlı problemi həll etmək üçün işçi qrupu yaratmaq barədə düşünməyəcəyini bildirib. "Vurğulamaq istərdim ki, işçi qrupu yoxdur və olmayacaq. Bu, Amerika qanunlarına ("Sanksiyalarla Amerika Düşmənlərinə Qarşı Mübarizə haqqında" qanunu – CAATSA) uyğunluq məsələsidir. "S-400” probleminin həll ediləcəyinə ümid edirik, amma bu mümkün deyilsə, işimizi tətbiq etdiyimiz sanksiyalardan birbaşa təsirlənməyən bütün sahələrə yönəltməyə davam edəcəyik".

Diplomat Vaşinqtonun Ankaraya qarşı sanksiyaların tətbiq edilməsinə "peşmanlıqla" getdiyini vurğulayıb.

"Krit modeli" ilə bağlı açıqlama NATO-ya üzv olmayan Kiprin "S-300” raket sistemini əldə etdiyi və Türkiyənin müharibə ilə təhdid etdiyi 1998-1999-cu illər böhranına işarədir, – politoloq, "Geopolitical Cyprus” analitik layihəsinin həmtəsisçisi İoannis İoannu xatırladıb. – Danışıqlardan sonra silahlar Yunanıstana verilib. Türkiyənin "Krit modeli" və "S-400”, ABŞ və Türkiyə arasındakı problemli münasibətlərdə sistemlərin əhəmiyyətini nəzərə alaraq, realist bir ssenaridir. Bunun necə işləyəcəyi və bu böhrandakı bütün iştirakçılar üçün məqbul bir köçürmə yeri tapmağın mümkün olub-olmadığı sual olaraq qalır. Ankara bu açıqlama ilə ABŞ-a bir siqnal göndərib”.

Ekspert hesab edir ki, Türkiyə "S-400”-ün başqa bir dövlətə verilməsini istisna etmir. Onun sözlərinə görə, Azərbaycan "S-400”-ün ev sahibi ola bilər. "Türkiyə artıq "S-400”-lərə sahib ola bilməyəcəyinə qərar verərsə və bunları öz ərazilərindən çıxarmaq lazım gəlsə, bu baş verəcək", – deyən İoannou buna ABŞ-la koordinasiyada qərar veriləcəyini söyləyib.