Dünya

İrəvana xəbərdarlıq edin - Akardan ABŞ-a kritik çağırış

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Vaşinqtonda yerləşən "Turkish Heritage Organization”un ("Türk İrsi Təşkilatı”) internet üzərindən düzənlədiyi "Türkiyənin milli müdafiə strategiyası və bölgədəki son hadisələr” başlıqlı panel müzakirələr zamanı bir sıra maraqlı açıqlamalar verib.

Kanal14.az "Milli Gazete”yə istinadla xəbər verir ki, türkiyəli nazir çox sayda digər məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, həmçinin iki ölkə sərhədində son vaxtlar yaşanan gərginliyə də münasibət bildirib.

Azərbaycanla Ermənistan arasındakı gərginliyə diqqət çəkən Milli Müdafiə naziri deyib:

"Türkiyə Ermənistanın təcavüzünü qınamaqda və bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini dəstəkləməkdədir. ABŞ və beynəlxalq ictimaiyyət Ermənistana bu cür hücumlardan çəkinmək və problemin həlli üçün konstruktiv metod tətbiq etməklə bağlı xəbərdarlıq etməlidir”.

Türkiyəli nazir "F-35” və "S-400”lərlə bağlı yaranmış gərginliyə də toxunraraq ABŞ və NATO-nun Türkiyə, Türkiyənin isə ABŞ və NATO üçün əhəmiyyətindən bəhs edib. O bildirib ki, Türkiyə "F-35” layihəsinin müəlliflərindəndir. Nazir ABŞ-la "F-35” və "S-400”lərə dair danışıqlar aparmağa hazır olduqlarını da vurğulayıb.