Gündəm / Sosial

“Kəlbəcərdə hər il 4 milyard litr istisu axıb çaylara tökülür...”

 
 
"Dəlidağın qoynunda yerləşən sanatoriyanı ilboyu işlətmək həqiqətən ciddi hazırlıq, səy və qayğı tələb edir…”
"Kəlbəcər yaylaqlarında 400-dən çox mineral bulaq var. Hər il təkcə 4 milyard litr istisu axıb çaylara tökülür. "İstisu” mineral sudoldurma zavodunun illik istehsal gücü isə 19 milyon butulkadır. Ona görə də yaxın vaxtlarda həmin rəqəmi 100 milyon butulkaya çatdırmaq üçün imkanlar, ehtiyat mənbələri götür-qoy edilir…”
Bu sətirlər o illərdə "Kommunist” qəzetinin Qarabağ üzrə xüsusi müxbiri olan rəhmətlik tanınmış jurnalist Ziyəddin Sultanovun 1989-cu ilin noyabrında növbəti Kəlbəcər səfərindən sonra dərc etdiyi "Dağlara qış gəlir” adlı məqaləsindəndir.
Kəlbəcər rayonuna aid səslənən maraqlı faktları oxucuların diqqətinə çatdırmaqda əsas məqsədimiz bu 30 ilə yaxın işğal dövründə qəsbkar ermənilərin bizə vurduğu mənəvi və maddi zərərlərin miqyasını, eləcə də bu gün işğaldan azad bölgələrimizə, o cümlədən Kəlbəcərə Böyük Qayıdış proqramının nə dərəcədə çətin, mürəkkəb bir vəzifə olduğunu, bunu icra edəcək məmurların isə nə qədər ağır və məsul bir işə cavadeh olduqlarını xatırlatmaqdır…

"…Rayon partiya komitəsinin katibi Münəvvər Əliyeva nigaran görünürdü. Səbəbini soruşduq.
-Bilirsinizmi, – dedi. – Artıq "İstisu” sanatoriyası ilboyu fəaliyyət göstərir. İstirahət etmək istəyənlər çoxdur. Yataq və müalicə korpusları da xəstələri qəbul etməyə tam hazırdır. Lakin məsələ burasındadır ki, yolun uzaqlığı, həm də narahatlığı müəyyən çətinlik törədir.
Katibin narahatlığını anlamaq çətin deyil. Ona görə də sanatoriyanın baş həkimi ilə təcili tədbirlər müəyyənləşdirilir, vəzifələr bir daha konkretləşdirilir. Axı Dəlidağın qoynunda yerləşən sanatoriyanı ilboyu işlətmək həqiqətən ciddi hazırlıq, səy və qayğı tələb edir…

…Son günlər havaların birdən-birə dəyişməsi, dağlarda qarlı-çovğunlu günlərin başlanması adamları istər-istəməz həyəcanlandırmışdır. Axı dumanda, qarda vertolyot uçmur. Yeganə yol – Laçın yolu isə çox uzaq, həm də narahatdır(1989-cu ilin yayından erməni ekstremist və terrorçularının mütəmadi hücumları nəticəsində Tərtər-Ağdərə-Kəlbəcər yolu azərbaycanlılar üçün bağlanmışdı-S.L.). Bəs rayona ayrılmış ərzaq mallarını, tikinti materiallarını və s. necə gətirməli?..”
P.S. İnşallah, tezliklə Kəlbəcərə ən qısa, ən rahat yol çəkilər. Yaxın illərdə də rayondakı quruculuq işləri başa çatar, "İstisu” sanatoriyası da əvvəlkindən qat-qat yüksək səviyyədə bərpa olunar. Və biz o yurdların adı gələndə çətinlik, narahatlıq yox, yalnız gözəllik, dinclik və istirahət haqda düşünərik… //moderator.az//