Putin süni intellektin maraqlı sualını belə cavablandırıb
Rusiya prezidenti Vladimir Putin süni intellektlə danışaraq "Süni intellekt prezident ola bilərmi?" sualını cavablandırıb.
Kanal14.az bildirir ki, dialoqun videosu "YouTube"da yayımlanıb.
Belə ki, Afina adlı süni intellektin sualını cavablandıran prezident belə bir şeyin yaxın gələcəkdə olmayacağına ümid etdiyini deyib:
"Çünki süni intellekt sünidir, həqiqi deyil. Onun ürəyi, ruhu, mərhəmət hissi və vicdanı yoxdur. Bütün bu komponentlərin ölkəyə fayda gətirən qərarlar qəbul etmək və həyata keçirmək üçün vətəndaşlar tərəfindən səlahiyyət verilən insanlarda olması son dərəcədə vacibdir. Bəzən prezidentlər zahirdə rasional görsənməyən qərarları qəbul etməli olurlar. Lakin insan olan prezident üçün bu qərarlar əsaslandırılmış hesab olunur, çünki o, maşınların marağını yox, canlı insanların marağını düşünür".
Lakin Putin onu da vurğulayıb ki, süni intellekt, ölkə başçısı daxil olmaqla, hər kəs üçün çox yaxşı köməkçi və hətta müəllim ola bilər.
Qeyd edək ki, Rusiya prezidentinin süni intellektlə söhbəti "Süni İntellekt 21-ci əsrin əsas texnologiyasıdır" mövzusunda keçirilən "Artificial Intelligence Journey" (AI Journey 2020) videokonfransı zamanı baş tutub.
(Big.az)