Siyasət

Özbəkistan səfiri: "Ermənistanın mülki insanları və obyektləri hədəfə alan raket hücumlarının faciəvi nəticələrinin şahidi oldum"

Özbəkistan səfiri: "Ermənistanın mülki insanları və obyektləri hədəfə alan raket hücumlarının faciəvi nəticələrinin şahidi oldum"
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Milli Məclisin Sədri Sahibə Qafarova Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrafxanovu qəbul edib.

Kanal14.az bildirir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, Azərbaycanla Özbəkistan arasında hər zaman dostluq münasibətləri olub.

Dövlət başçılarının qarşılıqlı səfərləri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynayıb.

 

Parlamentin Sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin bugünədək yerinə yetirilmədiyini bildirib. Qeyd edib ki, Ermənistan bu gün də öz işğalçılıq siyasətini davam etdirir.

Milli Məclisin Sədri vurğulayıb ki, Azərbaycan probleminsülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır.

Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrafxanov bildirib ki, Azərbaycana gəldiyi ilk gündən ölkədə həyata keçirilən genişmiqyaslı islahatların şahidi olub. O, Azərbaycanda müşahidə olunan hərtərəfli inkişaf və tərəqqinin təqdirəlayiq olduğunu qeyd edib.

Bəhram Əşrafxanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Özbəkistanın Azərbaycanın mövqeyini dəstəklədiyini söyləyib.

Səfir bu yaxınlarda Azərbaycan tərəfinin ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin üzvləri üçün Gəncə şəhərinə təşkil etdiyi səfərdən bəhs edib. O, Ermənistanın mülki insanları və mülki obyektləri hədəfə alan raket hücumlarının faciəvi nəticələrinin şahidi olduğunu deyib. Günahsız insanların hədəfə alınaraq öldürülməsini şiddətlə qınadığını bildirib.

Səfir diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Söhbətdə ölkələrimiz arasında əlaqələrin inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, regional münaqişələrin həlli yolları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.