Gündəm

"Neft sektorunu saymasaq, iqtisadiyyatımız həddən artıq kiçikdir" - RÖVŞƏN AĞAYEV

"Əmək qabiliyyətli insanların ən yaxşı halda üçdə birinin rəsmi və sosial cəhətdən mühafizə olunan iş yeri var, qalanları qeyri-formal məşğullardır"

"Rusiyanın əmək naziri bəyan edib ki, yoxsulluq hazırda ölkənin ən kəskin problemlərinin başında gəlir. Ötən il yoxsulların sayı 200 min nəfər artıb və 20 mln. nəfərə yaxınlaşıb. Yəni ölkədə hər 7 nəfərdən biri yoxsuldur". kanal14 xəbər verir ki, bu fikirlərin müəllifi İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayevdir.

Onun sözlərinə görə, Rusiya sosial-iqtisadi inkişaf səviyyəsinə görə inkişaf etmiş Qərbdən xeyli geri qalır: "Amma bütün iqtisadi parametrlərinə görə geridə qalmış 3-cü dünya ölkəsi də deyil. Putin idarəçiliyinin bütün qüsurlarına baxmayaraq, bir üstünlüyü sosial-iqtisadi problemləri yeri düşəndə etiraf etməsidir. Məsələn, 3-4 gün əvvəl də rəsmi şəkildə bəyan etdilər ki, ölkədə çox böyük miqyasda sosial bərabərsizlik var - ən kasıb və ən zəngin 10% əhalinin gəlirləri arasında fərq 15 dəfədir. Bu ölkə öz vətəndaşları ilə yanaşı, keçmiş SSRİ-nin 6-7 ölkəsinin vətəndaşlarına da çoxlu sayda iş və qazanc yeridir. Yəni iqtisadiyyatda pul var, iş yeri var, amma yoxsulluqdan, işsizlikdən əziyyət çəkirlər".

İqtisadçı ekspert hesab edir ki, bizdə 40-50 min nəfərin işlədiyi və ÜDM-nin azı 40%-ni formalaşdıran neft sektorunu saymasaq, iqtisadiyyat həddən artıq kiçikdir: "Əmək qabiliyyətli insanların ən yaxşı halda üçdə birinin rəsmi və sosial cəhətdən mühafizə olunan iş yeri var, qalanları qeyri-formal məşğullardır və ya etiraf edilməyən gizli işsizlərdir, ən yaxşı halda mövsümi məşğullardır. Median gəlirlər rəsmi orta maaşın heç 50%-nə çatmır. Aqrar sektorda əmək məhsuldarlığı mədən sənayesindən ən azı 80 dəfə aşağıdır. Rusiya mənbələrinin məlumatına görə, ən azı 700 min nəfər soydaşımız bu ölkədə əməkçi miqrantdır. Orta və minimum maaşlar, pensiyalar Rusiyadan azı 2 dəfə geri qalır, qiymətlər arasında fərq isə nəzərəçarpacaq dərəcədə böyük deyil (Moskva və Piter istisna). Amma bizim hökumət yoxsulluğun faktiki ləğv edildiyini (5%) bəyan edir. Ən asan yolla biz gedirik. Problemi inkar etmək, onu həll olunmuş saymağın ən rahat yoludur.
Yeri gəlmişkən, bizim statistikadan nə zamansa nisbi yoxsulluq, çoxölçülü metodla ölçülmüş yoxsulluq göstəricilərini də elan etməyi həsrətlə gözləyirəm"./hurriyyət