Gündəm

Baş katibin sadaladığı, yoxsa göz yumulan CİNAYƏTLƏR...

Baş katibin sadaladığı, yoxsa göz yumulan CİNAYƏTLƏR...
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 Xəbər verdiyimiz kimi, AFFA-nın baş katibi Elxan Məmmədiv İctimai Televiziyada yayımlanan "3D" verilişində qonaq olub və ictimaiyyətin inanmadığı fikirləri səsləndirib. "Bizim AFFA-da işləməyimiz bəzi insanları qane etmir. Çünki biz bəzi cinayət işlərinin qarşısını alırıq”, - deyən baş katib həmin cinayətlərin nədən ibarət olduğunu sadalayıb və sözlərinə belə davam edib: "Son 3 ildir ki, danışılmış oyunlara qarşı mübarizə aparırıq. B u, bəzilərinin heç də xoşuna gəlmir və bizə qarşı kampaniyalar yaradırlar”.

Öncəliklə qeyd edək ki, kifayət qədər danışılmış oyun məhz AFFA tərəfindən örtülüb, hər hansısa bir araşdırılma aparılmayıb. Lakin danışılmış oyunlar da çoxluq təşkil edir. Əgər bununla ciddi şəkildə mübarizə aparılırsa, nəyə görə danışılmış oyunlar haqqında hər ay yeni məlumat alırıq? UEFA nümayəndələri bir neçə ay öncə Bakıya boşuna gəlməmişdi. AFFA-nın üstünü malaladığı, əslində isə danışılmış oyunların aşkara çıxardıldığı üçün UEFA nümayəndələri ölkəmizə təşrif buyurmuşdular. Elə onların gedişindən bir neçə gün sonra AFFA məlumat yayaraq danışılmış oyunlara görə cəzaları açıqladı.

"Yeni Sabah" danışılmış oyunlar barədə kiçik araşdırma edib. Onları sizin diqqətinizə çatdırırıq:

- 2017-ci ilin martında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 1-ci divizionda danışılmış oyunlarda iştirak etdikləri güman olunan 9 futbolçunu yarışlardan kənarlaşdırıb. AFFA-nın qərarına əsasən, "Şahdağ"dan İqrar Səmədov, Uche Chukunyere, "Rəvan"dan Elvin Əliyev, Cəmşid Məhərrəmov, "Göyəzən”dən Arzuman Vəliyev, Tunar Şahtaxtinski, "Energetik"dən (Mingəçevir) Elvin Əlizadə, Kamran Lalayev və Ruslan Həmidova 2016-2017 mövsümünün sonuna qədər futbola aid bütün məşğuliyyətlər qadağan edilib.

- Bundan başqa, həmin ildə danışılmış oyunlarda adı ən çox hallanan "Rəvan" və "Şərurspor" futbol klubları 1-ci diviziondan kənarlaşdırılıb.

Hər iki kluba 1-ci divizionda oyunların 50 faizdən çoxunda iştirak etdiyinə görə, növbəti oyunlarında 0:3 hesablı texniki məğlubiyyət verilib. 

Qərarla adları danışılmış oyunlarda hallanan "Şahdağ", "Energetik", "Bakılı" və "Göyəzən" klublarına xəbərdarlıq olunub. Bu klubların danışılmış oyunlarda iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, 1-ci diviziondan kənarlaşdırılacaqları bildirilib.

- Həmin ildə AFFA-nın qərarı ilə hakim Anar Niyazova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib.

- "Şahdağ" klubunun inzibatçısı Rəfael Kübərov isə 2 il futboldan kənarlaşdırılıb.

- 2017-ci ilin noyabr ayında "Keşlə"nin AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə "Keşlə”nin futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib.

"Keşlə"nin bəyantında isə bildirilib ki, həmin mövsümün son 7 oyununda "Keşlə" "Neftçi"yə evdə 0:2, səfərdə 1:3, "Qarabağ"a evdə 0:2, "Səbail"ə səfərdə 0:1, "Kəpəz"ə evdə 0:2, "Sumqayıt"a səfərdə 1:3, evdə "Zirə"yə 0:1 hesabı ilə uduzub. Klubun bəyanatına əsasən, Nizami Hacıyevlə Mirhüseyn Seyidov yalnız "Qəbələ"yə oyun "satmayıb”.

Birinci Divizionda yarışan "Ağsu"nun futbolçuları Elçin Həşimov və Ruslan Mirzaliyev danışılmış oyunlarda iştirak etdiyi üçün futboldan kənarlaşdırılıb.

- 2019-cu ildə birinci divizionda yarışan "Ağsu"nun futbolçuları Elçin Həşimov və Ruslan Mirzaliyev danışılmış oyunlarda iştirak etdiyi üçün futboldan kənarlaşdırılıb.

Oyun alqı-satqısında ittiham olunan hər iki futbolçuya görə hüquq-mühafizə orqanlarına da müraciət olunacaq. Araşdırma başa çatana kimi onlar futboldan kənar qalmalıdırlar.

Bildirək ki, oyun alqı-satqısı çox zaman ictimaiyyətdən gizlədilsə də, bu cür məlunatlar mətbuat tərəfindən üzə çıxarılıb və ya mətbuata ötürülüb. Yəni görünür, bu qarşısı alınmış təəssüratı yaradan "cinayətkarlıq" halının heç 10 faizi belə deyil.

Belə ki, dəfələrlə Azərbaycan futbolunda danışılmış oyunlarla bağlı iddialar səslənib, ciddi araşdırmalara başlamaq üçün yetərli faktlar ortaya qoyulub. Lakin hələ də heç kimin vecinə deyil. 2015-ci ildə AFFA-nın baş katibi Elxan Məmmədov 2009-cu ilin dekabrın 5-də oynanılan və nəticəsi şübhə doğuran "Turan”-"Neftçi” qarşılaşmasını ürəkağrısıyla xatirladığını demişdi. Üzərindən 6 il keçəndən sonra bu cür ittihamlar səsləndirmək isə mənasız səslənir. Guya ki, günümüzdə bu cür oyunlar yoxdu? 1-ci divizionun 23-cü turunda oynanılan "Bakılı” - "Göyəzən” qarşılaşmasının nəticəsinin razılaşdırıldığı, ilk yarıda qonaqların, yekun nəticədə isə meydan sahiblərinin qələbə qazanacağı futbolinfo.az saytı tərəfindən əvvəlcədən açıqlanmışdı. Ssenari uğurla həyata keçirildi. AFFA tərəfindən həmin qarşılaşma nəzarətə götürüldümü? Yox!

İllərlə "İnter”lə (İndiki "Keşlə” – Red.) "Simurq”un (Fəaliyyətini dayandırıb – Red.) "qardaş” kimi yaşamasına, baş katibin klubu olduğu heç kimdə şübhə doğurmayan "Sumqayıt”a iddialılar tərəfindən "görüm-baxım” edilməsinə hansısa reaksiya göstərilibmi? Əlbəttə ki, göstərilmədi.

Dirər bir misal, 2016-cı ildə UEFA AFFA-ya birinci dəstə oyunları ilə yanaşı altı Premyer Liqa komandasının da adını göndərib və həmin oyunların araşdırılmasını istəyib. Yəni güclülər dəstəsinin səkkiz təmsilçisindən altısı məhz danışılmış oyunlarda şübhəli bilinib. Bu isə AFFA tərəfindən gizlədilməyə çalışılıb. Mətbuatda gedən yazılarda buna səbəb kimi həmin klubların bəzilərinin Ramin Musayev və Elxan Məmmədovun tabeçiliyində olması göstərilirdi.

Bəs görəsən, bu kimi halların öyrənilməsi üçün hansı prosedurlar var? AFFA və ya hüquq mühafizə orqanları hansı halda danışılmış oyunlarla bağlı klublar və ya futbolçular barədə araşdırma apara bilər?

Hüquqşünas Əliməmməd Nuriyev "Yeni Sabaha"a açıqlamasında bildirdi ki, oyun alqı-satqısını öyrənmənin müxtəlif yolları var:

"Bunun üçün müxtəlif yollar var. İlk öncə, oyunun məzmununa fikir vermək lazımdır ki, bu oyun hansı tərəfə daha çox xeyir verə bilər, uğur gətirə bilər. Kütləvi informasiya vasitələrində gedən məlumatlarla da öyrənmək olar ki, hansı oyun satışdadır. Və yaxud elektron yolla danışıqları dinləmək, yazışmalara baxmaq olar. Oyunlardan sonra komandanın heyətinə nəzər yetirmək lazımdır ki, futbolçuların əmlakında nə kimi artım var, dəyişiklik varmı? Nəzərə almaq lazımdır ki, bu artım onun müqavilə ilə aldığı puldan artıqdırmı. Artıqdırsa, o zaman burada başqa səbəblər də var. Çox zaman bu işdə hakimlər də günahkar olur. Federasiya oyunu idarə edən hakimlə əlaqələr saxlanmalıdır. Necə idarə olunmaya nəzarət etməlidir. Bukmerkerlərlə də müntəzəm əlaqələr olmalıdır ki, alqı-satqı məsələləri olmasın".