Gündəm / Mədəniyyət

Azərbaycanlı balet ustaları Varnada keçirilən beynəlxalq müsabiqədə iştirak ediblər

Bolqarıstanın ən böyük dəniz kurortu Varna şəhərinin "Yay teatrı”nda 28-ci Beynəlxalq Balet Müsabiqəsi keçirilib.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, müsabiqə UNESCO-nun himayəsi, Bolqarıstan Mədəniyyət Nazirliyinin dəstəyi və Varna Bələdiyyəsinin "Mədəniyyət” Fondunun maliyyə dəstəyi ilə təşkil olunub. Müsabiqəyə 34 ölkədən 149 iştirakçı qatılıb.

Tədbirin açılışında Bolqarıstan Xalq Məclisinin sədri Tsveta Karayançeva, mədəniyyət nazirinin müavini Rumen Dimitrov, Varna meri İvan Portnix çıxış ediblər.

T.Karayançeva dünyada bu qisimdə ilk müsabiqənin vaxtilə Bolqarıstan tərəfindən keçirildiyini deyib, tədbirin təşkilinə görə Varna Beynəlxalq Balet Müsabiqəsi Fonduna, şəhər bələdiyyəsinə və müsabiqənin sponsorlarına minnətdarlığını bildirib. Həmçinin müsabiqəni uğurlu karyeralar üçün başlanğıc kimi dəyərləndirib.

 

Şəhərin meri İ.Portnix müsabiqənin Varnanın mənəvi həyatında xüsusi rolundan danışıb. Qeyd edib ki, bu müsabiqə şəhərdə bənzərsiz mühit yaradır. İ.Portnix gənc istedadların üzə çıxarılması, habelə balet sənətində müxtəlif tendensiyaların inkişafı baxımından müsabiqənin əhəmiyyətini vurğulayıb.

Mədəniyyət nazirinin müavini R.Dimitrov müsabiqənin tarixindən, onun təkcə Bolqarıstanda deyil, dünya mədəniyyətində mühüm hadisə olmasından söz açıb.

Tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri, Xalq Artisti Kamilla Hüseynovanın rəhbərliyi ilə balet truppasının aparıcı solisti Ayan Eyvazova da iştirak edib. Müsabiqədə A.Eyvazova P.Çaykovskinin "Yatmış gözəl” baletindən variasiyalar ifa edərək ölkəmizi layiqincə təmsil edib. Dünya şöhrətli azərbaycanlı xoreoqraf və balet ustası Eldar Əliyev isə Varna Beynəlxalq Balet Müsabiqəsində münsiflər heyətində sədr müavinidir.

Qeyd edək ki, maestro Emil Dimitrov tərəfindən 1964-cü ildə təsis edilmiş Varna Beynəlxalq Balet Müsabiqəsi dünyada ilk peşəkar beynəlxalq balet müsabiqəsidir. İki ildən bir keçirilən müsabiqədə indiyədək 2500-dən çox rəqqas iştirak edib.