kanal14.az
kanal14.az

Prezident İlham Əliyev: Ehtiyac içində yaşayan 500-ə yaxın insan ilin sonuna qədər mənzillərlə təmin ediləcək

Prezident İlham Əliyev: Ehtiyac içində yaşayan 500-ə yaxın insan ilin sonuna qədər mənzillərlə təmin ediləcək
1-08-2018, 18:56 163 dəfə baxılıb

Ehtiyac içində yaşayan 500-ə yaxın insan ilin sonuna qədər mənzillərlə təmin ediləcək.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib: "Bu gün Lökbatan qəsəbəsində yeni inşa edilmiş yaşayış kompleksində Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 35 mənzil təqdim olunur. Dövlət bu mənzilləri satın alıb və sizə hədiyyə edir. Eyni zamanda, bu gün sizə 136 minik maşını da verilir. Bu da dövlət tərəfindən sizə verilən növbəti hədiyyədir.

Deməliyəm ki, son iyirmi il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil verilmişdir. Altı mindən çox minik maşını verilmişdir. Yəni, bu, dövlətin sizə olan qayğısının təzahürüdür və bu siyasət bu gün də davam etdirilir. Dediyim kimi, bu gün 35 mənzil verilir. Ancaq ilin sonuna qədər nəzərdə tutulan rəqəm əlavə 170 mənzil və fərdi evdir. Bununla belə, nəzərə alsaq ki, hələ də növbədə kifayət qədər insan var, - təqribən 4 minə yaxın insan növbədədir, - mən əlavə vəsait ayıraraq bu il minimum daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyəm. Beləliklə, ehtiyac içində yaşayan 500-ə yaxın insan ilin sonuna qədər mənzillərlə təmin ediləcək. Biz çalışmalıyıq ki, bu proqramı tezliklə başa çatdıraq. Əlbəttə ki, buna nail olmaq üçün kifayət qədər maliyyə vəsaiti olmalıdır. Biz imkan daxilində bu vəsaiti təmin edib, təşkil edib sizə mənzilləri təqdim edəcəyik. Hələ də mənzillə təmin olunmayan şəhid ailələri, müharibə əlilləri mütləq mənzillər alacaqlar".

Azərbaycan Prezidenti bildirib: "Dövlət öz siyasətini aparır. Bu kateqoriyadan olan insanların məşğulluq problemləri də həll olunur. Bildiyiniz kimi, biz indi genişmiqyaslı özünüməşğulluq proqramının icrasına başlamışıq. Hər il ən azı 7 min ailə bu proqramla əhatə olunacaq. Hər bir ailəyə minimum 5 min manat dəyərində ləvazimat, vəsait, müxtəlif təyinatlı avadanlıqlar veriləcək ki, onlar öz biznesini, öz işini qura bilsinlər. Göstəriş verilmişdir ki, müharibə əlilləri, şəhid ailələri də mütləq bu proqramla əhatə olunsunlar. Artıq bu işlər başlamışdır, təlim kursları aparılır. Beləliklə, biz məşğulluq probleminin həllinə də çox ciddi töhfə vermiş olacağıq.

Dövlətimizin sosial siyasəti uğurla aparılır. Görülmüş işlər bunun bariz nümunəsidir. Dediyim rəqəmlər onu göstərir ki, dövlət həmişə sizin yanınızdadır. Eyni zamanda, müharibədən, işğaldan əziyyət çəkən bizim köçkün, qaçqın soydaşlarımız var. Onlar da dövlət tərəfindən qayğı ilə əhatə olunurlar. Son illərdə 100-ə yaxın qəsəbə salınıb. Üç yüz minə yaxın köçkün evlərlə, mənzillərlə təmin edilib. Bu siyasət davam etdirilir. Bu il Qaradağ rayonunun Qobu qəsəbəsində min mənzillik yeni köçkün qəsəbəsi salınmışdır. Orada da bütün infrastruktur, məktəb, bütün lazımi məsələlər öz həllini tapıb. İlin sonuna qədər isə 4 min köçkün ailəsi, təqribən 20 min insan yeni mənzillərlə təmin ediləcək. Yəni, biz ancaq bu layihələri nəzərə alsaq görərik ki, nə qədər böyük qayğı göstərilir və bu məqsədlərə çatmaq üçün dövlət nə qədər vəsait xərcləyir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA