Gündəm / Sosial

"Minalı ərazilərə metal qırıntıları, tikintiyə yararlı avadanlıqlar toplamağa gedənlər var" - AÇIQLAMA


Ağdamda daha 3 nəfər minaya düşüb. Rayon sakinləri 1984-cü il təvəllüdlü Toğrul Əhmədov və 1990-cı il təvəllüdlü Elçin Məmmədov işğaldan azad olunan Şahbulaq kəndinin ərazisində olarkən piyada əleyhinə minaya düşüblər. Nəticədə E.Məmmədov həlak olub, Toğrul Əhmədov və digər bir hərbi qulluqçu isə ağır dərəcəli bədən xəsarətləri alıb. Xatırladaq ki, yanvarın 21-də Azərbaycan Ordusunun hərbi qulluqçusu mina partlayışı nəticəsində həyatını itirmişdi. Ondan bir gün sonra isə mülki şəxs Azər Sultanov işğaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində minaya düşərək xəsarət almışdı. Ümumiyyətlə, torpaqlarımız azad olunandan bu yana 15-ə yaxın vətəndaşımız təhlükəsizliyi tam təmin olunmamış ərazilərdə minaya düşüblər. Hadisələrin əksəriyyəti qayda-qanunlara və müvafiq tələblərə riayət etməməkdən, yaxud səhlənkarlıqdan meydana gəlib.

Mina partlayışlarının sayının artması və mütəmadi belə olayların yaşanması ictimaiyyətin narahatlığına səbəb olur. İddia edilir ki, əgər torpaqlarımızın minalardan tam təmizlənməsi mütəxəssislərin dediyi kimi uzun müddət davam edərsə, qeyri-döyüş şəraitində ölüm halları çoxala bilər. Ona görə də bütün vətəndaşlarımız dövlət qurumlarının çağırışlarına qeyd-şərtsiz əməl etməli, tövsiyyə və məsləhətləri qulaqardına vurmamalıdır. Şübhəsiz, yüz minlərlə insanın ürəyi Vətən həsrəti ilə döyünür, hamı bir an öncə doğma yurduna, ata-baba ocağına ayaq basmağa tələsir. Hər halda mövcud riskləri nəzərə alaraq bir qədər səbirli olmaq, təmkinli davranmaq daha məqsədəuyğundur.

Sosial Tədqiqatlar Mərkəzinin sözçüsü, siyasi şərhçi Əziz Əlibəyli "Şərq”ə deyib ki, məxsusi qaydada maarifləndirici tədbirlər həyata keçirilsə də, işğaldan azad olunmuş torpaqlarımıza giriş-çıxışla bağlı ciddi problemlər var. Ekspertin sözlərinə görə, hadisələrin meydana gəlməsinin əksəriyyətinin kökündə bölgəyə məsul şəxslərin verdiyi qanunsuz tapşırıqlar dayanır:

"Məsul adamlar bəzi vətəndaşları işğaldan azad olunmuş ərazilərə müəyyən missiya ilə göndərirlər. Özəl "missiyalar” içində hansısa metal qırıntılarının toplanması, tikintiyə yararlı avadanlıqların yığılması və bazarlarda satılması kimi məsələlər də var. Əfsuslar olsun ki, minalı ərazilərdə bu cür axtarışlar həmin şəxslərin həyatı bahasına başa gəlir və davamlı xarakter alır. Əvvəl deyirdim ki, bəzi şəxslər uzun illər həsrətində olduqları dədə-baba torpaqlarını ziyarət etmək məqsədi ilə bunu edirlər. Yəni bir mənəvi tərəfi var. Amma araşdırmalar göstərir ki, mina partlayışlarının əksəriyyəti sırf axtarış səbəbi ilə bölgəyə yollanan adamlar ucbatından baş verir. Məsələn, traktorla, ekskavatorla hansısa metalın axtarışı, məhsulların toplanması zamanı bu cür partlayışlar yaşanır. Bunun qarşısını almaq üçün qanunun sərt üzü tətbiq olunmalıdır. İşə qol qoyan vəzifəli şəxslər cəzalandırılmalı və qadağan edilmiş zonada axtarış apardıqları üçün müharibə qanunlarına uyğun mühakimə olunmalıdırlar. Ümumiyyətlə, düşünürəm ki, indiki halda işğaldan azad olunmuş qapalı bölgələrə giriş-çıxış sərt əsgəri rejimlə mümkün olmalıdır”.