Cəmiyyət

İşğaldan azad edilmiş ərazilərimizlə bağlı turizm planı

İşğaldan azad edilmiş ərazilərimizlə bağlı turizm planı
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Dağlıq Qarabağ və ətraf rayonları Ermənistan işğalından azad ediləndən sonra həmin ərazilərdə turizmin inkişafına sistemli yanaşma olmalıdır”.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərə vətəndaşlarımızın qayıtması və yaşayışın təmin edilməsi ilə turizmi inkişaf etdirməyə başlayacağıq.

"İşğaldan azad edilmiş torpaqlarımızda əsas amil olan təhlükəsizlik tam təmin olunduqdan sonra əvvəlcə ziyarət məqsədli səfərlər, daha sonra isə müvafiq infrastruktur, o cümlədən turizm infrastrukturu yaradıldıqdan və yaşayış təmin edildikdən sonra istirahət məqsədli səfərlər təşkil oluna bilər.

Qarabağda turizmin inkişaf etdirilməsi üçün kompleks və sistemli yanaşma ilə mövcud turizm potensialı qiymətləndirilməli, torpaqlarımızdakı maddi və mədəni irs nümunələri dəqiqləşdirilməlidir. Bu istiqamətdə görüləcək işlər sırasında yeni turizm marşrutlarının yaradılması, məhz Qarabağın turizm potensialı barəsində məlumatlı olan bələdçilərin hazırlanması və nəhayət, xarici turistlərin Qarabağa cəlb edilməsi üçün irimiqyaslı təbliğat işlərinin başlanması önəmli yer tutur”.

Məlumatda qeyd edilib ki, bu günədək beynəlxalq sərgilərdə qondarma rejimin Dağlıq Qarabağın turizm potensialını təbliğ edən erməni stendlərinin bağlanması, həmçinin işğal edilmiş torpaqlara xarici turistik səfərlərin qarşısının alınması üçün beynəlxalq platformaların məlumatlandırılması istiqamətində mütəmadi olaraq işlər görülüb.

"İşğaldan azad edilmiş torpaqlarımızda çəkilmiş görüntülər, tarixi və dini abidələrimizin vəziyyəti Ermənistan vandalizminin mahiyyətini bir daha tam çılpaqlığı ilə göstərərək bu illər ərzində onların məqsədlərinin quruculuq deyil, dağıdıcılıq olduğunu isbat edir. Torpaqlarımızın azadlığı qəhrəmanlarımızın qanı hesabına başa gəlir. Bu ərazilərdə bir zəfər yolu mövcuddur. Düşünürəm ki, yerli insanlarımız daxili turizmdən istifadə edərkən zəfər maşrutları ilə də mütləq tanış olmaq istəyəcəklər. Biz də müvafiq qurumlarla birlikdə çalışacağıq ki, insanlar bu torpaqların işğaldan necə azad olunduğu barədə məlumatlansınlar”.

(Metbuat.az)