Sosial

Əlil vətəndaşı hansı məmur aldatdı???

Əlil vətəndaşı hansı məmur aldatdı???
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 Ölkə ərazisində bir çox dövlət qurumları var ki, üzərinə düşən vəzifəni hər biri layiqincə yerinə yetirir. Vətəndaşın bütün müraciətlərinə baxır, onların ciddi problemlərini kökündən həll edirlər. Biz bunu digər mətbu orqanlara, həmçinin də DogruXeber.az xəbər agentliyinin redaksiyasına daxil olan müraciətlərdən də görə bilərik. Müraciət edənlərin hamısı ağızdolusu bu qurumları tərifləyir, o qədər tərifləyirlər ki, müraciətlərin sonunda vitse prezident və dövlət başçısından onların köməyinə çatmalarını xahiş edirlər. Onları incidən köhnə məmurların əvəzinə təyin olunan yeni məmur da onların qayğısına qalır. Zira özündə həmin məmur ciddi məsuliyyət hiss edir və vətəndaşlara ikiqat qan uddurur ki, susamasınlar. Vətəndaş onlar üçün heç vaxt haqlı olmur, onların şikayətləri də çox absurddur. Buna sübut olaraq həmin məmurların onları süründürməklə etdiyi "yaxşılıq”ları nümunə göstərə bilərik. Əsl səlahiyyətli şəxsə yaraşan xüsusiyyət bu olsun deyək. Vəzifəyə təyin olunan məmur getdikcə böyüməli, vətəndaşsa kiçilməlidir. Yazılmamış qanunlar toplusundan daha bir inci. Vallah məni bəlkə də qınayarsız, deyərsiz ki, bu mətni yazan adamın psixoloji problemləri var, ya da görmə əngəlli biridir. Amma hərdən özümü kefli İsgəndərin yaxın qohumu kimi hiss edirəm. Onu da dediklərinə görə az qala daşqalaq edirdilər. Məni də edin, razıyam, fəqət mən sadaladıqlarımın hamısını görüb-eşitdiklərimdən dolayı yazmışam. Yaşadığım indiki zamanda idarəçiliyin hansı strategiyayla aparıldığını məhz o məmurların sayəsində öyrəndim. Onlara da qucaq dolusu təşəkkür düşür. Mən də məmur olsam belə edərdim, axı gələcəkdə sələfilərim olacaq məmurların etdiyi bu cür "yaxşlılıq”lar dan mən də xoş güzəran keçirə bilərəm. Yeri cənnətlik məmurlara kim oxşamaq istəməz ki? Indi tələb edəcəksiz ki, birinin adını çək barı, biz də rahatlaşaq. Səlim Müslümovu desəm məndən inciməzsiniz ki? sizə yaxşılıqlar etmiş və dövlət büdcəsindən 2 milyard mənimsəyən o böyük şəxsiyyətə niyə də oxşamayım ki? heyf vəzifəsindən kənarlaşdırıldı, bu rəqəmi daha da artırmaq olardı. Sizlər, bizlər varkən vallah artardı da. Amma təskinlik tapacağım ikinci şəxsiyyəti gördükdə sevincim birə-beş artdı desəm yalan olmaz. Sahil Babayev sevincimin səbəbkarıdır. Yeni təyin olunan nazirdən sonra insanların "razılıq”ları ikiqat artmağa başlamaqla bərabər, redaksiyamıza müraciətlər də durmadan artdı. Dövlət tərəfindən tərtib olunmuş ƏƏSMN-i tərkibində həyata keçirilən "biznes lahiyəsi”ndən sonra ehtiyacı olan ailələrə iribuynuzlu və xırdabuynuzlu mal-qara verildi ki, yaşayış səviyyəsini düzənləyib, yaxşılaşdırsınlar. Minimum 1200 manatdan 1500 manata qədər qiyməti olan heyvanlar kasıb ailələrə ƏƏSMN-nin başçılığı ilə məşğulluq idarələri tərəfindən sakinlərə verildi. Həqiqətən həmin heyvanların elə qeyd olunan qiymətləri vardı. Bir gözü kor, arıq, xəstə, süd verməyən, hətta balasına belə süd vermək gücündə olmayan heyvanlarla sakinlər yaşayış səviyyəsini yaxşılaşdırmaqla bərabər DogruXeber.az xəbər agentliyinə müraciətlə təşəkkür etdilər. Ailəlikcə əlil olan ailənin dövlət qurumlarından razılığı video materialda öz əksini tapır. Samux rayon sakini Məmmədov Əjdər Səfər oğlu agentliyimizə müraciətində qeyd edir ki, məşğulluq idarəsindən ailəsinə 3600 manat civarında verilən heyvanlardan çox razıdır. Heyvanları heç biri süd vermir, boğaz adıyla verilən inək əslində boğaz deyil, yanındakı balası isə həmin inəyın balası deyil. Hətta heyvanları səhər güclə yerindən qaldırırlar. Ev sahibi də o heyvanlara qulluq etməyə sadəcə borcludur. Əlbəttə, 3600 manatlıq heyvanlar belə olmalıdır da, ziyanından çox xeyri var. Nazirlik tərəfindən həyata keçirilən biznes lahiyəsinin müsbət tərəfləri öz effektini göstərir. Rayonda bir neçə sakin də bu lahiyədən və ƏƏSMN-dən çox razıdırlar. Hətta şikayətçilərdən biri gülüş xarakteri olaraq qeyd etdi ki, 500 manatlıq bir heyvanı sənəddə ən azı 1500 manat qeyd etdirib hər heyvandan 1000 manat öz hesabıma yatırardım. Bununla da büdcəm durmadan artar və keçmiş nazir Səlim Müslümovun layiqli davamçısı olardım. Adam lap ƏƏSMN-i olmaq istəyir. Biz bu məmurlardan əlavə bir bilgi də öyrəndik. Öyrəndik ki, ölkə başçısının təyin etdiyi səlahiyyətli şəxslər problemləri heç də özləri həll etməli deyil. Vətəndaşlara elə şərait yaratmaq lazımdır ki, onlar bezib, əstafurullah, öz xoşları ilə hər hansı bir mətbu orqanı vasitəsiylə birbaşa ölkə rəhbərinə müraciət etsinlər. Ölkə rəhbəri də bir-bir vətəndaşların problemlərini həll etməli, icra başçıları, nazirliklərin səlahiyyətli nümayəndələri, dövlət idarələri də öz şəxsi işləri ilə məşğul olmalıdırlar. Vallah belə məmurlardan olmaq kim istəməz ki? Vətəndaşdı da kimdir axı ona qulaq asan?! Məşğulluq idarələrindən tutmuş ta ki, nazirliyə qədər hər kəs bu cür davam etsə, sakinlərin sevincli müraciətləri hər gün artar, ölkəmiz inkişaf edən digər ölkələri də üstələyib keçər. Məmurların sərgüzəştləri haqqında xarici vətəndaşa danışsam, əminəm ki, onlar da öz dədə-baba torpaqlarını tərk edib gəlib bu məmurların xeyirxahlığından faydalanmaq istəyəcəklər.
P.S nazirliyin Dövlət Məşğulluq Xidmətinin rəisi Musayev Fuad Məmməd oğlu ilə (012) 541 98 50 və eyni zamanda İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Talıbov Fazil Həbib oğlu ilə (012) 541 97 66 nömrələri ilə əlaqə saxlamaq istəsək də təəssüf ki, telefonlara cavab verən olmadı.


Əlil vətəndaşı hansı məmur aldatdı???Əlil vətəndaşı hansı məmur aldatdı???