Siyasət

BMT-də Bakıya qarşı layihəni rədd edən 7 ölkə...

BMT-də Bakıya qarşı layihəni rədd edən 7 ölkə...
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

İyirmi beş illik fasilədən sonra BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr keçirilib. Təəssüf ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar 822, 853, 874 və 884 saylı dörd qətnaməsinin qəbul olmasına baxmayaraq, BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar sonuncu müzakirələr 1995-ci ildə keçirilib.

Bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli 2020-ci il oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclası haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, iclasdan sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Rusiya, ABŞ və Fransa tərəfindən TŞ Prezidentinin (rotasiya qaydasına uyğun olaraq oktyabr ayı üçün Rusiyadır) bəyanatının layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdır:

"İlk olaraq onu deyim ki, bəyanat layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad yer almamışdır. Bu, çox ciddi diplomatik səhvdir. Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi pislənilir. Bundan əlavə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu vurğulanır və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılması tələb olunur. Belə olduğu təqdirdə məlum qətnamələrin qeyd edilməməsi ciddi səhvdir. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasında bir daha öz simalarını göstərdilər.

Lakin bununla belə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti, diplomatik uğurları bir daha öz faydasını verdi. Belə ki, TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına (QH) üzv olan 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin - layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini təklif etmişdir. Lakin həmsədr ölkələr bunun qəbuledilməz olduğunu bildirmişlər.

Həmsədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq, QH ölkələri prinsipial mövqe nümayiş etdirərək, TŞ qətnamələrinə istinadın yer almasında təkid etmişlər. Bundan sonra həmsədr ölkələr bəyanat layihəsini geri çəkmişlər. Təəssüf ki, Azərbaycanın xoş niyyətini Ermənistanın ikiüzlü bədnam xislətinə dəyişən bəzi dövlətlər var. Adı çəkilən 7 ölkənin isə sərgilədiyi qətiyyətli mövqe təqdirəlayiqdir. Şübhəsiz, Azərbaycan dostlarını da, özünü dost kimi aparan, gerçəkdə isə ikiüzlü davranış sərgiləyən dövlətləri də unutmur, unutmayacaq. Azərbaycan diplomatiyası bir daha dünyanın gözü qarşısında parlaq qələbə çaldı”.

(Axar.az)