Mədəniyyət

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Sumqayıt şəhəri olub

Mədəniyyət Nazirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihəsi - "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı sona yaxınlaşmaqdadır. "100 illik tariximiz” devizi altında təşkil olunan festivala növbə ilə nazirliyin regional idarələri ev sahibliyi edir. Eyni zamanda, festivalın tədbirlərində nazirliyin 15 regional idarəsinin hər biri öz guşə-çadırı ilə təmsil olunur. Layihənin əsas məqsədi xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı avqustun 4-də Sumqayıt şəhəri olub. Şəhər sakinlərinin və qonaqların böyük coşqu ilə qarşıladığı festival maraqlı anlarla yadda qalıb. Sumqayıt şəhərində dənizkənarı bulvar ərazisində keçirilən tədbirdə yerli sakinlər, mədəniyyət işçiləri, respublikamızın bölgələrindən gələn qonaqlar əsl mədəniyyət bayramının şahidi olublar.

Bulvar ərazisində regional mədəniyyət idarələrinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin satış-sərgisi keçirilib.

Qonaqlar əvvəlcə 15 regional mədəniyyət idarəsinin təşkil etdiyi sərgi ilə tanış olublar. Bölgələrimizin mədəni zənginliyi, incəsənət nümunələri festivala gələnlər tərəfindən böyük maraqla qarşılanıb.

Regional mədəniyyət idarələrinin təqdim etdikləri konsert proqramı da rəngarəngliyi ilə yadda qalıb. Folklor qruplarının, bədii özfəaliyyət kollektivlərinin ifasında təqdim edilən musiqi nömrələri, rəqslər şəhər sakinlərində və qonaqlarda xoş ovqat yaradıb.

Mərasimdə iştirak edənlər bölgələrin mədəni irsinin təbliği baxımından belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov bildirib ki, Mədəniyyət Nazirliyinin həyata keçirdiyi "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı ölkəmizin bütün regionlarını əhatə edən bir mədəniyyət hadisəsinə çevrilib: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş bu festival artıq bir aydan çoxdur ki, davam edir. Festival bu gün də Sumqayıt şəhərinin qonağıdır. Burada ölkəmizin 15 regional mədəniyyət idarəsinə daxil olan rayonlar öz mədəni potensialını nümayiş etdirir. Bu, olduqca vacib mədəniyyət hadisəsidir”.

İdarə rəisi festivalın təşkil olunmasından danışaraq vurğulayıb ki, bu layihə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ilə yanaşı, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə də təkan verəcək.

Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşı Validə Nabatova təşkil olunan sərgidə bölgənin fəal iştirak etdiyini bildirib: "Mədəniyyət Nazirliyi bölgələrdə mədəniyyətin inkişafı üçün müxtəlif layihələr, tədbirlər keçirir. "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının da bu baxımdan önəmi böyükdür. Bir aydan çoxdur ki, festival keçirilir və biz də bu tədbirin fəal iştirakçısıyıq. Burada regionumuzu əhatə edən rayonlarda hazırlanan müxtəlif sənət nümunələri, sənətkarların əl işləri nümayiş olunur. Tədbirə gələn yerli sakinlər, şəhərin qonaqları da sənətkarlıq nümunələri, əl işləri ilə maraqlanırlar. Nümayiş olunan əl işlərindən alanlar da olur”.

Festivala qatılan Sumqayıt şəhər sakinləri də tədbiri maraqla izləyiblər. Şəhər sakini Akif Hüseynəliyev deyir ki, festivalda ölkəmizin bütün rayonlarının iştirakı, onların nümayiş etdirdikləri sənətkarlıq nümunələri, eyni zamanda, musiqi qruplarının çıxışı onda xoş təəssürat oyadıb. Belə festivalların davamlı olaraq keçirilməsini arzulayan şəhər sakini tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi.

Qeyd edək ki, iyunun 25-də Masallı şəhərində başlanan festival yekunlaşmaq üzrədir. Festival Lənkəran, Salyan, Sabirabad, Füzuli rayonunun Horadiz şəhəri, Ağdamın Quzanlı qəsəbəsi, Göyçay, Mingəçevir, Göygöl, Naftalan, Oğuz, İsmayıllı və Qusarda da keçirilib.