İqtisadiyyat

Sentyabrda Azərbaycan və Gürcüstan sərhədində Ticarətin Asanlaşdırılması Mərkəzi açılacaq

Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin Azərbaycan və Gürcüstan tərəflərində tikilmiş Ticarətin Asanlaşdırılması Mərkəzi və sanitar, fitosanitar və baytarlıq nəzarəti üzrə laboratoriyanın rəsmi açılış mərasimləri bu ilin sentyabrında keçiriləcək.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, bu barədə Tovuz rayonunda "Bitki və bitki məhsullarının idxal və ixrac nəzarəti və bu kimi məhsulların sertifikatlaşdırılması prosesi" mövzusunda seminarda layihə rəhbəri Məzahir Əfəndiyev deyib.

M.Əfəndiyevin sözlərinə görə, mərkəz və laboratoriya, eləcə də hər iki ölkənin gömrük işçiləri üçün davamlı olaraq keçirilən bu cür təlimlər regional səviyyədə ticarət imkanlarının genişlənməsinə və qida təhlükəsizliyinin təmin edilməsinə müsbət təsir göstərəcək.

Seminar DGK və Gürcüstan Gəlirlər Xidmətinin əməkdaşları üçün nəzərdə tutulub və"Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafina dəstək" layihəsi çərçivəsində təşkil olunub.

 

"Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə 2016-cı ildən həyata keçirilir.

Layihə çərçivəsində indiyədək Qırmızı Körpü sərhəd-keçid məntəqəsində digər tədbirlərlə yanaşı, sanitar, fitosanitar və baytarlıq nəzarəti, həmçinin bitki və bitki məhsullarının idxal və ixrac nəzarəti və bu kimi məhsulların sertifikatlaşdırılması prosesinin təkmilləşdirilməsi məqsədilə Avropa və yerli ekspertlər tərəfindən gömrük əməkdaşları üçün bir sıra milli və beynəlxalq təlimlər keçirilib.

DGK sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov layihənin nailiyyətlərinə toxunub, həmçinin Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm rolunu qeyd edib.

C.Qasımov Azərbaycanda son illər mal və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesi zamanı sanitar, fitosanitar və baytarlıq nəzarəti istiqamətində görülən işlərdən bəhs edib. Bildirilib ki, Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi olaraq kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı nəzərəçarpacaq dərəcədə artıb. Bu sahənin inkişafına və xüsusilə ölkənin ixrac potensialının artırılmasına gömrük orqanlarının da töhfə verdiyini diqqətə çatdıran C.Qasımov gömrük rəsmiləşdirilməsi proseslərinin asanlaşdırılması və sadələşdirilməsi, təhlükəsizliyin təmin olunması istiqamətində mühüm addımların atıldığını deyib.