İqtisadiyyat

Neft olmasa, 1 dollar 6 manata bərabər olar

Neft olmasa, 1 dollar 6 manata bərabər olar
 
 
 
 
 
 
 
 
 

 
 
 

Neftin qiyməti 60 dollardan yuxarı olan kimi müsbət saldo yaranır və hökumət bunu özünün uğuru kimi təqdim edir

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan ilə Rusiya arasında, ümumi dəyəri 1 828 138,37 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib. Bu, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 351 138,07 min dollar və ya 23,77% çoxdur.

Bu ilin 8 ayında Azərbaycanın Rusiyaya ixracının həcmi 457 742,47 min dollar təşkil edib ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 45 778,67 min dollar və ya 11,1% çoxdur. Hesabat dövründə Azərbaycanın Rusiyadan idxalı isə 1 370 395,9 min dollar təşkil edib ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 305 359,39 min dollar və ya 28,67% çoxdur.

Məmləkətin durumunu bilirsiniz – ixracatın 90%-i enerji daşıyıcılarıdır. Buna görə də ölkənin ümumi ticarət dövriyyəsində neft bahalaşan, yəni 60 dollardan yuxarı olan kimi müsbət saldo yaranır və hökumət bu müsbət saldonu özünün uğuru kimi təqdim edir. Halbuki, buna görə ancaq London birjasına, neft qiymətlərinə minnətdar olmalıyıq.

Rusiya isə bizim qeyri-neft sahəsi üzrə əsas tərəfdaşımızdır. Yəni, neft-qazı nəzərə almasaq, məmləkətin ticarət balansının vəziyyətini əks etdirən ölkədir. Bu ilin ilk 8 ayında Rusiyaya 458 mln. dollara yaxın məhsul ixrac etmişik, Rusiyadan isə 1 mlrd. 370 mln. dollarlıq mal almışıq – ticarət balansımızda mənfi saldo 912 mln. dollar təşkil edib.

Yəni, Allahın verdiyi, YAP-ın dağıtdığı nemət olan neft-qaz olmasaydı, məmləkətin ticarət dövriyyəsi hər il bərbad mənfi saldo ilə yekunlaşardı və manatın məzənnəsi fantastik dərəcədə dəyərdən düşər – 1 dollar 5-6 manat olardı.

Müəllif: Natiq Cəfərli, REAL-ın icraçı katibi, iqtisadçı-ekspert   /ayna.az/