İdman

Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək

http://olke.az/uploads/1549688974/c2801d1e-941d-41f2-9388-39c32dc956a7.jpg
 
 
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək.

"Kanal14.az" xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçında debütant "Sabah" "Əlincə Arena"da "Qəbələ"ni qəbul edəcək. Hazırda 20 xala malik olan hər iki kolllektiv mövsümün ikinci yarısına qələbə ilə start verib.

4-5-ci yerləri bölüşdürən komandalar yalnız cari mövsümdə üz-üzə gəliblər. İlk dövrədəki matçda Elşad Əhmədovun rəhbərlik etdiyi komanda "Qəbələ"ni məğlub edib 1:0. Sənan Qurbanovun yetirmələri isə Qəbələdəki oyunda rəqibini 2:1 hesabı ilə üstələyib. Əyalət təmsilçisi Azərbaycan Kubokunun 1/4 final mərhələsində də "Sabah"ı iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırıb - 1:0,1:0.

"Sabah"ın yeni transferi Təmkin Xəlilzadə sarı vərəqə limitində olduğu üçün sabiq komandasına qarşı oynaya bilməyəcək. Debütantın digər oyunçusu Məqsəd İsayev də "Zirə" ilə oyunda qırmızı vərəqə aldığı üçün bu matçı buraxacaq.

Günün digər görüşündə isə son ölkə çempionu "Qarabağ" Sumqayıtda eyni adlı komandanın qonağı olacaq. 31 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan Ağdam təmsilçisi qələbə qazanaraq "Neftçi" ilə xal fərqinin artmaması üçün çalışacaq. 15 xalla altıncı sırada olan Ayxan Abbasovun komandası isə yuxarı pillələrdən uzaqlaşmamaq üçün sərfəli nəticə əldə etməlidir. 

 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu görüşdə Qara Qarayev və Mahir Mədətovun xidmətindən yararlana bilməyəcək. Qarayev ötən tur "Neftçi" ilə matçda qırmızı vərəqə alıbsa, Mədətov həmin görüşdə 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşüb.

"Sumqayıt" çempionatda 13 oyundur ki, rəqibini məğlub edə bilmir. Ardıcıl üç quru hesablı qələbə qazanan Ağdam təmsilçisi son 13 matçda meydanı qolsuz tərk etməyib. Komandalar çempionatda indiyədək 26 dəfə qarşılaşıblar. Bu oyunların 19-da "köhlən atlar" qələbə qazanıb. Dörd oyunda "Sumqayıt" meydanı üç xalla tərk edibsə, üç görüşdə qalib müəyyənləşməyib. Topların fərqində də "Qarabağ"ın üstünlüyü var - 54:12.

Azərbaycan Premyer Liqası XVI tur

9 fevral (şənbə)

16:00. "Sabah” – "Qəbələ”

Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Nahid Əliyev, Nahid Xasıyev

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

"Əlincə Arena”

İlk dövrə - 1:0

İkinci dövrə - 1:2

18:30. "Sumqayıt” – "Qarabağ”

Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rauf Cabarov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

"Kapital Bank Arena”

İlk dövrə - 0:1

İkinci dövrə - 0:2

Qeyd edək ki, tura sabah keçiriləcək "Neftçi" - "Keşlə" və "Səbail" - "Zirə" matçları ilə yekun vurulacaq.