Hadisə

Əli İnsanovun qardaşı dünyasını dəyişib

Əli İnsanovun qardaşı dünyasını dəyişib
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Sabiq səhiyyə naziri Əli İnsanovun qardaşı Əhməd İnsanov dünyasını dəyişib

Bu barədə sosial şəbəkələrdə xəbər yayılıb. Əhməd İnsanov gecə saatlarında vəfat edib. Mərhum bu gün saat 13:00-da Mehdiabad Qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayından həbsdədir. Dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunan Əli İnsanova qarşı sonradan iqtisadi sahədə cinayətkarlıqla əlaqəli ittiham irəli sürülüb. 2007-ci ilin aprel ayında məhkəmə Əli İnsanovun əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum olunması barədə qərar çıxarıb. 2016-cı il avqustun 24-də, yəni azadlığa çıxmasına iki ay qalmış Qaradağ Rayon Prokurorluğu tərəfindən Əli İnsanova Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) , 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə ) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə yeni ittihamlar elan edilib. Qaradağ Rayon Məhkəməsi 2016-cı il oktyabrın 11-də, yəni köhnə cəzasının bitiminə bir həftə qalmış sabiq nazir barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib, sonradan bu müddət bir neçə dəfə uzadılıb. 2017-ci il aprelin 26-da hakim Rəşad Mustafayevin sədrliyi ilə Qaradağ Rayon Məhkəməsində bu ittihamlar üzrə proses yekunlaşıb. Ə.İnsanov növbəti dəfə 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib.

72 yaşlı Əli İnsanov tibb elmləri doktorudur, 1993-2005-ci illərdə səhiyyə naziri postunu tutub.

Musavat.com