Gündəm / Cəmiyyət

Şəhid statusunun verilməsi bərpa olunmalıdır – STM-dən təkliflər

Müasir "hibrid müharibə”, informasiya-psixoloji (təbliğat) amilinin həlledici rolu ilə fərqlənir. Bu müharibədə "ön və arxa cəbhə” anlayışları nisbi xarakter daşıyır.

Kanal14.az bildirir ki, bunu "İkinci Qarabağ müharibəsi ictimai rəydə: sorğu nəticələrinin ilkin təhlili"nə dair brifinqdə Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc bildirib.

O qeyd edib ki, 27 sentyabr 2020-ci il tarixindən Qarabağın azadlığı uğrunda Ali Baş komandanın rəhbərliyi altında Ermənistanın hərbi təxribatlarına cavab olaraq, görünməmiş əzm və rəşadətlə silahlı əməliyyatlar həyata keçirilir:

"Mövcud hərbi və informasiya təbliğat müharibəsində daxili auditoriya ən vacib hədəf qrupudur. Əks-təbliğat işi də əsasən, daxili auditoriyaya yönələn saxta xəbərlərin ifşası ilə əlaqəlidir. Eyni zamanda, internet və informasiya blokadası aradan qalxdıqca, ictimai rəyin sosial şəbəkələr üzərindən hədəfə alınması, fərqli mənbələrdən güclü "dezinformasiya hücumuna” məruz qalacağı da göz altına alınmalıdır”.

Ona görə də Zahid Oruc bir sıra təkliflər irəli sürüb:

"1994-cü ildən sonra atəşkəsin pozulduğu şəraitdə şəhid statusunun verilməsi həyata keçirilmirdi. İndi hərbi vəziyyət elan olunub. Ona görə də, "şəhid” statusuna yenidən baxılması, döyüş şəraitində həyatını itirən hər bir hərbi qulluqçuya "şəhid statusu”nun verilməsi onların müqəddəs haqqı sayıla bilər. Doğrudur, xalqımız üçün qəhrəmanlıqla həlak olan hər bir insanımızın adı ucadır. Bununla bərabər, bildiyiniz kimi, şəhidlərin dəfni ilə bağlı "20 Yanvar-hüzn günü” ilə assosiasiya olunan Şəhidlər xiyabanından simvol olaraq fərqlənən məkan və ad seçimi, məsələn, "Qarabağ zəfəri”, "Qalibiyyət əsgəri”, "Zəfər əsgəri” və s. adlı məkan, paytaxt və rayonlarda şəhidlərin qələbə və ruh yüksəkliyi aşılayan "Zəfər Memorialları”nı inşa etmək məqsədəuyğun olardı. Yeni Memorial və məkan simvolikasının yaradılması məqsədi ilə ölkədə ümumrespublika yaradıcı müsabiqəsi keçirilə bilər. Bu həm də qalib əsgər-vətəndaş təsəvvürlərinin formalaşmasına təkan verən amildir. Şəhidlər mövzusu xüsusən də, kiçik yaşlılarda emosional stress, yüklə müşayiət olunur. Qalib xalq və qürur hissini yaşamağa vasitəçi olmur. Yaralıların və həlak olanların ailələrinin məlumatlandırılması və təcili dəstəklənməsi üçün briqadalar formalaşdırılır. (7 nəfərədək: 2 psixoloq (1 qadın və 1 kişi); komandir, terapevt həkim, reabilitasiya həkimi, 2 sosial işçi (1 kişi; 1 qadın). Şəhid haqda xəbərin ailəyə çatdırılması hər bir ailə üçün ayrıca "xüsusi əməliyyat” olaraq hazırlanır. Ən sonuncu ailəyə şəhid haqda xəbər verilənədək, mediada şəhidlər haqda heç bir məlumat verilə bilməz. Həyatını itirənlərin tanınmasına 3 saat; ailələrə xəbər verilməsinə 3 saat vaxt müəyyən edilir”.

Zahid Oruc daha sonra əsgər-döyüşçü nüfuzu və əsgər ailəsi ilə bağlı təkliflərini çatdırıb. Qeyd edib ki, təkcə şəhid ailələrinə deyil, cəmiyyətdə əsgərə hörmət ən üst səviyyədə olmalıdır:

"Əsgərimizin mövqeyini, nüfuzunu cəmiyyətdə möhkəmlətmək və ucaltmaq lazımdır. Cəmiyyətdə "şəhid anası, şəhid atası ifadələri ilə yanaşı, əsgər anası və əsgər atası” ifadələri də yerini tutmalıdır. Əsgərlərin sosial təminatları artırılmalı, əsgər ailələrinə daha çox imtiyazlar verilməlidir. Hazırkı dövrdə, gənclər arasında, ümumilikdə cəmiyyətdə, "İnformasiya cəbhəsinin qəhrəman əsgəri” hərəkatını başlatmaq, bu nominasiya və müsabiqələri təşkil etməklə, həm təbliğat cəbhəsində fəallığı, həm də motivasiya və stimul yaratmağı təmin etmək olar. 27 sentyabr tarixində başlayan Qarabağa azadlıq müharibəsinin simvol-kod adının müəyyən edilməsi mühüm məsələlərdəndir. Simvol güclü təsir vasitəsidir. Simvol insanları birləşdirir, onları özlərinin bir toplumun üzvü hiss etməsinə xidmət edir. Bu baxımdan, insanların üzərində daşıya biləcəyi "Qələbə simvolu”nun hazırlanması yönündə müsabiqənin keçirilməsi faydalı olar. Bu simvol milli birliyi, xalqımızın br ideal ətrafında birləşdiyini aşılayacaq. (Üzərində "Qarabağ Azərbaycandır: Nidanın içərisində 27 sentyabr” və s.yazıla bilər. Şuşa qalasının Qarabağ müharibəsinin zəfər simvolu kimi təqdim olunması faydalı ola bilər)”.

STM rəhbəri qeyd edib ki, əhali arasında təbliğat məqsədilə müharibəyə dair pozitiv mesajların SMS-məlumatlandırma sisteminin işə salınması gündəmdə olmalıdır:

"Qarabağdan xəbər var” və s. bu kimi adlana və Müdafiə Nazirliyinin açıqladığı rəsmi məlumatları, ölkə başçısının müraciətlərini operativ şəkildə bütün vətəndaşlara çatdıra bilər. Bu, insanlar arasında olan xəbər ehtiyacını ödəməyə, bütün cəmiyyəti özlərini birlikdə hiss etməyə yardım edəcək. "Qarabağ Radiosu”, yaxud "Saatlar-Qarabağı göstərir”, "Vaxt-Qayıdış zamanıdır” və s. rubrikalı radio-TV verilişlərin, 24/7 rejimdə ictimai nəqliyyatda, çoxsaylı insanlar arasında yayımlanması faydalı ola bilər”.

(Teleqraf.com)