Gündəm / Cəmiyyət

Almaniyadan daha 8 Azərbaycan vətəndaşı deportasiya ediləcək

Almaniyada məhkəmə 8 Azərbaycan vətəndaşının ölkədən çıxarılması ilə bağlı qərarı qüvvədə saxlayıb. 

Kanal14.az bildirir ki, "Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, ötən gün Deggendorf şəhər İdarə Məhkəməsində 2016-cı ildə Almaniyaya gələrək sığınacaq istəyən 5 nəfərdən ibarət ailə və daha 3 azərbaycanlının məhkəmə prosesi keçirilib. Məhkəmə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) 8 Azərbaycan vətəndaşı barəsində çıxardığı qərarı qüvvədə saxlayıb.

Bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar könüllü ölkəni tərk etməklə bağlı ilkin qərarın icrası mümkün olmadığından, Azərbaycan vətəndaşlarının ölkədən çıxarılması qeyri-müəyyən vaxta təxirə salınıb. 

2019-cu ildə Almaniyaya qanunsuz yollarla daxil olan 3 Azərbaycan vətəndaşı eyni zamanda 500 avro cərimə ödəməli olacaq. Məlumat üçün bildirək ki, bu ilin sonuncu rübünə kimi aralarında azərbaycanlı sığınacaq axtaranların da olduğu 4000-dən çox şəxsin Almaniyadan deportasiya edilməsi gözlənilir.