Beynəlxalq tədbirlər zamanı ictimai nəqliyyatdan istifadəyə üstünlük veriləcək
Azərbaycanda aktiv, passiv, ekoloji və qəzasonrası təhlükəsizliyi yüksək olan nəqliyyat vasitələrindən istifadənin təbliği və təşviqi, şəxsi avtomobillərdən istifadənin azaldılması istiqamətində mütəmadi təbliğat-təşviqat işinin təşkili, həmçinin əhalinin ictimai nəqliyyata etimadının yüksəldilməsi, o cümlədən ictimai nəqliyyat xidmətinin keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin artırılması üçün davamlı təbliğat-təşviqat işi aparılacaq.
Kanal14.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.
Kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə, əhalinin ictimai nəqliyyata etimadının yüksəldilməsi, bu sahədə xidmətin keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin artırılması və ölkəmizdə təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirlər zamanı əhalinin ictimai nəqliyyatdan istifadəyə təşviq edilməsi, bu işdə aktiv təbliğatın aparılması nəzərdə tutulub.