Gündəm / Sosial

Karantindən sonra bərbərlər: kənddə və şəhərdə

Bu günlərdə Türkiyənin Kocaeli bölgəsində bərbərin koronavirusa yoluxması səbəbindən 125 müştəri karantinə alınıb. Son 3-4 gün ərzində həmin salonun xidmətlərindən istifadə edən bütün şəxslər və onlarla təmasda olanlar müəyyənləşdirilib. Bərbərin virusa nə vaxt yoluxduğu, nə qədər şəxsi yoluxdurduğu hələ ki, bəlli deyil.

Azərbaycanda da may ayının 4-dən etibarən Nazirlər Kabinetinin qərarı ilə bütün bərbərxana və gözəllik salonlarının fəaliyyətinə icazə verilib. Bu salonlarda xidmət göstərən işçilərə və müştərilərə tibbi maska və digər qoruma vasitələrindən istifadə etmək tövsiyə olunsa da bu qaydalara hamının əməl etdiyini demək olmaz. Xüsusən də, rayon və kəndlərdə yerləşən bərbər salonlarının böyük əksəriyyəti adi gigiyenik qaydalara belə əməl etmir, sanki virus-filan yoxmuş kimi öz işlərinə davam edirlər.

Kanal14.az bildirir ki, Virtualaz.org Şabran rayonunda fəaliyyət göstərən bərbərxanaların fəaliyyətini araşdırıb. Məlum olub ki, kəndlərin çoxunda bərbərxanalar ümumiyyətlə yoxdur. Bərbərxana olan kəndlərdə isə, bərbərlər bu peşəyə ikinci dərəcəli iş kimi yanaşdıqlarından daha çox təsərrüfat işləri ilə məşğul olurlar. Kənd sakinlərindən kimsə saçını kəsdirmək istəsə, ustaya zəng edib vaxt təyin edir. Məsələn, Pirəmsən kəndində yerləşən kiçik bərbər salonu yalnız müştərinin sifarişi ilə açılır. Rayonun Leyti, Ərəblər kimi kəndlərdə əhali saç kəsimi və digər bərbər xidmətlərindən istifadə üçün ya qonşu kəndlərə, ya da rayon mərkəzinə üz tutur.

Gəndab kəndində yerləşən kişi salonu açıq olsa da, bərbər günün çox hissəsini müştəri gözləməklə keçirir. Onun sözlərinə görə, gün ərzində 2-3, bəzən daha az müştərisi olur: "Saç kəsimi 3 manat, yuma və "ukladka” 4 manat, üz təraşı isə 2 manatdır. Müştərilərimiz əsasən saç kəsimi üçün müraciət edirlər. Amma yaz vaxtıdır, kəndlilərin əksəriyyəti özü bərbərlik edir, salona gələn azdır”, - bərbər deyir.  

Rayon mərkəzində yerləşən gözəllik salonları açıq olsa da, orada da maska və ya əlcəkdən istifadə edənə rast gəlmədik. Elə müştərilər də, digər ictimai yerlərdə olduğu kimi, burada da maskadan istifadəni lüzumsuz hesab edirlər. 

Bakıda isə qadın saç və makiyaj ustalarının karantindən sonra da işləri heç yaxşı getmir. Paytaxtın mərkəzi küçələrindən birində qadın gözəllik salonu işlədən Günay Məhərrəmova deyir ki, iki aydır başqaları kimi o da işləmirdi. Amma obyektin sahibi insaflı çıxdı, bir aylıq icarə haqqını almadı.

"İndi isə müştəri demək olar ki, yox səviyyəsindədir. Bir tərəfdən ola bilsin insanlar virusdan ehtiyat edir, amma əsas səbəb toyların, ziyafətlərin dayanması ilə bağlıdır. Çünki toylar, ziyafətlər olmadığına görə qadınlar bəzək-düzəyə də xüsusi fikir vermir, işə gedənlər isə gündəlik saç düzümü ilə yola verirlər, ona görə də saç kəsimi, makiyaj üçün müraciət edənlər kəskin azalıb, bu gedişlə heç icarə haqqını da çıxara bilməyəcəm”,-o deyir.