Gündəm

Uşaqlar arasında virus yayılıb – ƏLAMƏT və TÖVSİYƏLƏR

"Valideynlərin özləri də günahkardır, onlar həkimə müraciət etmək əvəzinə "Facebook” səhifələrində digər valideynlərdən kömək istəyirlər”

Qış fəslində hər il bir çox xəstəliklər yayılır. Ötən illərə nisbətdə bu il uşaqlar arasında virusa yoluxma halları daha çox müşahidə olunur. Üstəlik həmin xəstəliklərin sağalması da xeyli vaxt və müalicə tələb edir.

Problemlə bağlı AYNA-ya danışan pediatr Xəyalə Quliyeva deyib ki, hazırda adenovirus, respirator sinsitial virus, rotavirus, bağırsaq virusuları geniş yayılıb: "Bu viruslar hər il qış mövsümündə geniş yayılır. Sadəcə bu il virusların bir az kəskin yayılması müşahidə olunur”.

"Virusların geniş yayılmasında valideynlərin də günahı var. İstər virusun vaxtında qarşısının alınmasında, istər düzgün müalicə edilməməsində valideynlər günahkardılar. Onlar həkimə müraciət etmək əvəzinə "Facebook” səhifələrində digər valideynlərdən kömək istəyirlər. Onların məsləhət gördükləri dərman və müalicə üsullarını tətbiq edirlər. Nəticədə uşağın səhhəti daha da ağırlaşır. Uşaq həkimə gətiriləndə artıq xəstəlik dərinləşmiş olur və daha çətin və uzunmüddətli müalicəyə ehtiyac yaranır” – həkim bildirib.

X.Quliyeva uşaqları virusdan qorumağın yollarını açıqlayıb: "Valideynlər uşaqları qorusunlar. Tez-tez uşaqların əllərini yusunlar. Xəstə uşaqlarını bağçaya və məktəbə qoymasınlar. Bu, həm xəstəliklərin yayılmasına, həm də uşağın özünün xəstəliyinin ağırlaşmasına səbəb olur. Valideynlər uşaqları çox insan olan yerlərə, qapalı məkanlara aparmasınlar. Burunlarına dəniz suyu töksünlər. Uşaqlara gün ərzində bol maye versinlər. Bu zaman xəstəliklər artmaz. Uşaq xəstə olan zaman isə ilk olaraq həkimə müraciət etsinlər”.

Pediatr Günay Rəsulova isə əməkdaşımızla söhbətində qeyd edib ki, hər mövsümdə bir virus geniş yayılır: "Amma qış mövsümündə viruslar daha çox yayılır. Məsələn, ötən ilin qış mövsümündə qızılca geniş yayılmışdı. Bu il isə yuxarı tənəffüs yolu virusları, influenza A və B viruslarına daha çox rast gəlirik. Burunaxma, asqırma, öskürmə, yüksək qızdırma ilə başlayır və 5-7 gün davam edə bilir”.

"Uşaqların orqanizmindən asılı olaraq virusu hər biri fərqli keçirir. Elə uşaq var ki, 2-3 günə simptomlar toparlanır, elə uşaq da var, 10 günə kimi qızdırma davam edir. Çox vaxt bu viruslar pnevmaniya ilə ağırlaşır. Bəzilərini xəstəxanaya yatırırıq, bəzi nisbətən yüngül xəstələri isə ev şəraitində müalicə edirik”, – mütəxəssis vurğulayıb.

G.Rəsulova valideynlərə tövsiyələrini də verib: "Uşaqlar xəstədirlərsə, onları məktəb və bağçaya buraxmayın. Övladlarınızı qapalı, insanların çox olduğu məkanlardan uzaq tutun. Peyvəndlərini vaxtlı-vaxtında etdirin. Qızdırma 2-3 gün davam edərsə, mütləq şəkildə həkimə müraciət edin”.