Gündəm

Ehtiyatda dayanan satqınlar - FOTO

Ehtiyatda dayanan satqınlar - FOTO"Bir sıra zabitlər ehtiyata buraxılandan sonra sosial şəbəkələrdə Azərbaycan Ordusuna qarşı müəyyən məlumatlar yayırlar. Əgər həmin şəxslərin əlində əsaslar və dəlillər varsa, onda müvafiq orqanlara müraciət edə bilərlər. Bundan sonra müavfiq orqanların cavab və reaksiyasını gözləməlidirlər".

Bunu "Sonxeber.az"a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov deyib.

Ehtiyatda olan general-mayor Qabil Məmmədov və ehtiyatda olan polkovnik Qəhrəman Mənsimzadənin fikirlərinə münasibət bildirən Ş.Ramaldanov qeyd edib ki, keçmişini unudan ehtiyatda olan bəzi zabitlər indi durub ordu və ordu rəhbərliyi barədə yalan məlumatlar yayırlar: "Ordu bir az qapalı yerdir, özünün funksiyası var. Orduda yüz minlərlə insan xidmət edir. Bu xidmət edən şəxslərin rəhbərliyində olan, Ali Baş Komandanın etimat göstərdiyi şəxslər haqqında bu formada çıxışların səsləndirilməsini pisləyirəm. Axı sosial şəbəkələrdə yayılan məlumatları düşmən də oxuyur. Bilirəm ki, Qəhrəman Mənsimzadənin paylaşımları düşmən saytlarında çox geniş yayılıb. Mən də demişdim ki, Qəhrəman artıq erməni saytlarının qəhrəmanı olub. Belə ağır ittihamlar, belə ağır fikirlər səsləndirmək yolverilməzdir. Hansı ki, Qəhrəman Mənsimzadə və onun kimiləri sosial şəbəkələrdə kimləri ki, heç nədən ittiham edir, həmin şəxslər hazırda vəzifədədirlər. Vəzifə başında olan şəxslərin bu şəkildə ittiham olunması müəyyən şəkildə orduda xidmət edən zabit və əsgərlərə də çox təsir edir. Biz də düşmənin saytlarını izləyirik. Onların ordusunda olan bəzi prosesləri də müəyyən şəkildə istifadə edirik.

Mənə elə gəlir ki, Qəhrəman Mənsimzadə və onun kimiləri sosial şəbəkələrdə yaydığı məlumatlarla vətəndaş borcundan bir az kənardırlar. Ola bilsin ki, həmin şəxslər burada başqa məqsədlər güdsünlər. Yaxşı, həmin şəxslər xidmət edən zaman niyə bu məsələləri qaldırmamışdılar?! Onlar ehtiyata buraxılan kimi, çıxırlar sosial şəbəkələrdə məlumatlar yaymağa. Bir daha deyirəm ki, ölkənin müvafiq orqanları var. Belə çıxır ki, həmin şəxslər müvafiq orqanlardan daha yaxşı məlumatlıdırlar? Onların fəaliyyəti ifliç durumdadır? Belə məlumatlar varsa, Ali Baş Komandanın rəsmi saytı var, ora da müraciət edə bilərlər. Bütün müvafiq orqanlara müraciət ediləndən sonra onlardan cavab gəlmədikdə, son variant kimi hansısa addım atmaq olar. Amma mən bunu da zabit ləyaqətinə sığışdırmıram. Çünki ordu bizim ordudur, qürur yerimizdir. Hazırda biz müharibə şəraitindəyik. Sabah Ali Baş Komandanın əmrlərini bu rəhbərlik vasitəsi ilə şəxsi heyət yerinə yetirəcək. Bilirsiz ki, Azərbaycan Ordusunda çox böyük işlər aparılır. Bu gün reytinq üzrə Azərbaycan Silahlı Qüvvələri dünyanın 52 ən güclü orduları sırasında yer alır. Bu da, əlbəttə, başda Ali Baş Komandan olaraq, bizim fədakər zabit, əsgər və rəhbərliyin zəhmətidir".

Ş.Ramaldanov Azərbaycanın müstəqilliyinin qarantı olan orduya qarşı belə qərəzli addımların atılması və açıqlamaların verilməsinə də münasibət bildirib: "Bunlar mənə şəxsən çatmır. Azərbaycan Ordusunda xidmət aparıb, polkovnik rütbəsinə qədər qalxan şəxsin bu gün çıxıb sosial şəbəkədə bu cür fikirlər səsləndirməsini də anlamıram. Burada çox suallar ortaya çıxa bilər. Bəlkə də, onların sağlamlığı ilə bağlı da müəyyən problemlər ola bilər. Bəlkə, onların içərisində küskünlüyü, acıqlısı olanlar da var. İndi də həmin şəxslər bunları ortaya çıxarıblar. Sosial şəbəkə Azərbaycan Ordusunu pisləmək və qarayaxma üçün yasaq bir şeydir. Biz bu saat müharibə şəraitindəyik, belə etmək olmaz. Həmin orduda bu zabitlər, polkovniklər xidmət ediblər, vəzifə alıblar. Bəs onda necə olub ki, onlar həmin korrupsionerlərlə bir yerdə xidmət ediblər? Bir daha deyirəm ki, bu məsələlər mənə, bəlkə də, çatmır".
Ehtiyatda dayanan satqınlar - FOTO

Sosial   Baxılıb: 249   Tarix: 24 yanvar 2020