İmişlidə dəhşətli qətl: Məşhur idmançının qardaşı öldürüldü
Zaur Əzizovun sərbəst güləşçi ikiqat Azərbaycan çempionu (2011, 2012), Qran-prinin 3 qat qalibi (2008, 2010, 2012), Avropa Çempionatının bürünc medalçısı (2008) olub, eləcə də Azərbaycanı 2008 Yay Olimpiya Oyunlarında təmsil edən Emin Əzizovun qardaşı olduğu müəyyənləşib.
E.Əzizov hazırda Bakıda yaşasa da, qardaşının itkin düşməsi xəbərini aldıqdan sonra İmişliyə gəlib. Onun da iştirak etdiyi bir neçə günlük axtarışlardan sonra Z.Əzizovun əvvəlcə avtomobilini, sonra isə özünü tapmaq mümkün olub.
İlkin ehtimala görə, Zaur Əzizovla tanışı İmişli şəhər sakini 1994-cü il təvəllüdlü Quliyev Elmin Elsəvən oğlu arasında pul üstündə mübahisə yaranıb. Zaur əlindəki bıçaqla Elminə bıçaq xəsarətləri yetirib. Daha sonra Elmin bıçağı Zaurdan alaraq ona qarın və baş nahiyəsindən zərbə endirib. Zaurun ölmədiyini görən Elmin birinciyə məxsus avtomobillə onun üzərindən keçərək öldürüb. Daha sonra meyiti yaxınlıqdakı kolluğun içərisinə atıb. Həmçinin Elmin Zaura məxsus avtomobili hadisə yerindən 1 km aralı məsafədə Kür çayına ataraq hadisə yerindən kənarlaşıb. Meyit hadisə yerindən götürülərək məhkəmə tibbi ekspertizaya təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb, hadisədə şübhəli bilinən Elmin Quliyev saxlanılıb.