Gündəm / Cəmiyyət / Hadisə / Sosial

Səhiyyəmizin “səhhəti” sağalmaz dərdə düçar olub - Giley

Səhiyyəmizin “səhhəti” sağalmaz dərdə düçar olub - Giley
 
 
 
 
 
 
 
 
 
 
 
Millətin var olması üçün vacib olan iki amil var. Biri təhsili, digəri səhiyyəsi. Təhsil ruhun sağlamlığıdırsa, səhiyyə cismin sağlamlığına xidmət etməlidir. Yəqin ki, diqqət yetirdiniz ki, xidmət edir deyil, etməlidir kimi vurğuladıq. Siz oxucularımızın diqqətinə çatdırmaq istədiyimiz yenə də səhiyyədə səngiməyən həkim özbaşınalığının qurbanı olmuş vətəndaş giley-güzarıdır.

"DogruXeber.az”-ın redaksiyasına müraciət edən vətəndaş Verdiyeva Həqiqət İsaq qızı Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında üzləşdiyi haqsızlıqlarla bağlı mətbuatın "qapısını döydü”. Nəvəsinin xəstəliyi ilə bağlı adıgedən xəstəxanaya müraciət edən nənəni həkim Təranə Qasımovanın yanına göndərirlər. Şikayətçinin ərizəsinə əsasən həkim onları müxtəlif aparatlardan və analizlərdən keçirdib, sonda öddə parazit olduğu qənaətinə gəlib. Təbii ki,bütün bu analizlər və aparatdan keçmələr dövlət xəstəxanasında nəğd ödənişlə həyata keçirilib. Nəhayət, Təranə Qasımova xəstəyə təyin etdiyi diaqnoza uyğun olaraq bir sicirləmə reçept yazır. Xəstənin müalicəsinin ağır və uzun bir proses olduğunu qeyd edən həkim üç kursluq müalicə təyin edib. İkinci müalicə kursu bitdikdən sonra xəstədən yenidən analizlər verməsi tələb olunub. Əlbəttə ki, təkrar analiz təkrar ödənişlər hesabına başa gəlir. Nəhayət, Təranə Qasımovanın təyin etdiyi üç kursluq müalicə proqramı sonda başa çatır,lakin nəticə olduğu kimi yerində sayır.

Təqaüdçü qadın pensiyası ilə topladığı pullarını nəvəsinin sağlamlığına sərf edib,nəticə əldə etmədikdə səhiyyəyə olan inamı yox oldu. Ən önəmlisi isə imkansızlıq səbəbilə dövlət xəstəxanasına üz tutub, özəl klinikalar kimi soyulan nənə çarəni yenə də mətbuatda axtarır. Mətbuatın əlindən gələn isə eybəcərliklərə güzgü tutmaqdan ibarətdir. Bundan artığına gücü yetmir. Qaldı ki, səhiyyənin eybəcər simasına tutduğumuz güzgüyə, artıq bunun da bir əhəmiyyəti qalmayıb. Çünki, Səhiyyə Nazirliyi güzgüdəki qorxunc siması ilə barışıb. Heç bir "estetik əməliyyat” keçirtmək fikirində deyil. Düşünürlər ki, "əməliyyatı edəcək həkimlər” özləri kimi ağ xalata qara "cib” tikəcəklər. Amma yanılırlar. Səhiyyənin "qozbel qaməti”, "donqar burnu”, "çəp gözləri”,”qırış siması” tez-gec "əməliyyat masası”na yatırılacaq. Cərrahları isə mükəmməl qanunlarımız olacaq.

P.S. Yuxarıda qeyd olunan vətəndaşın müraciəti ilə bağlı Respublika Klinik Xəstəxanasının mədə-bağırsaq üzrə həkimi Təranə Qasımova ilə telefon əlaqəsi saxladıq. Həkim Təranə Qasımova əməkdaşlarımızın verdiyi sualları cavablandırmaqdan imtina etdi və hətta jurnalistlərin peşə fəaliyyətini də sərt tənqid etdi. Görünür ki, Təranə həkimin yarıtmaz fəaliyyətini ictimaiyyətə çatdıran jurnalistə qəzəbi tutduğu üçün cəm halda jurnalistlərin peşə fəaliyyətlərini pisləyir.


"DogruXeber.az”