Gündəm

Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi açıqlaması

Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi açıqlaması
 
 
 
 
 
 
 
Kanal14.az xəbər verirki Abşeron rayonunda həyata keçirən su və kanalizasiya xətlərinin dəyişilməsi prosesi sürətləndirildiyindən və Xırdalan şəhərinin şakinlərinin gediş və gəlişində yaranan problemlərdən və eləcə də tikinti-qazma işlərinə görə yaranan tixaca görə sakinlərin narazılıqları sosiaı şəbəkələrdə də özünü göstərir. "Amma Abşeron rayon İH-nin Mətbuat Xidmətinin rəhbəri Şeymur Qasımbəyli sakinlərin narazalıqlarını nəzərə alaraq geniş açıqlama verib. Həmin açıqlamanı olduğu kimi oxucularımıza təqdim edirik."

Əvvəlcə belə bir mövzuya toxunmağınız və maarifləndirmə, məlumatlandırma istiqamətində bizə kömək etdiyiniz üçün sizə öz təşəkkürümüzü bildiririk.

Öncə qeyd etmək istərdim ki, Xırdalan şəhərinin su-kanalizasiya xətlərinin böyük əksəriyyəti 1970-ci illərdə çəkilib və bu xətlər 20-25 min nəfər sakin üçün nəzərdə tutulub. Ötən dövr ərzində xətlərin əksər hissəsi istismar müddətini başa vurduğu üçün yararsız hala düşüb. Hazırda əhalisi dəfələrlə artaraq, 200 min nəfərə çatan Xırdalan şəhərində içməli su və kanalizasiya xətləri əhalinin mövcud tələbatını ödəmir. Yay dövründə susuzluqdan, payız-qış mövsümündə yağışlı havalarda subasmadan, kanalizasiya sularının zirzəmilərə dolmasından əziyyət çəkən Xırdalan sakinlərinin bu sahədə olan ciddi problemləri nəzərə alınaraq, Xırdalan şəhərinin su-kanalizasiya şəbəkəsinin yenidən qurulması qərara alınmışdır. Bununla əlaqədar olaraq "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin keçirdiyi tenderin qalibi olmuş podratçı təşkilatlar tərəfindən 2017-ci ilin iyul ayında Xırdalan şəhərinin su-kanalizasiya şəbəkəsinin yenilənməsi işlərinə başlanılıb. Layihə çərçivəsində 168 km uzunluğunda içməli su, 110 km uzunluğunda kanalizasiya xətlərinin çəkilməsi və ev birləşməsinin verilməsi nəzərdə tutulur. Bu günə qədər 147.5 km uzunluğunda içməli su, 77 km uzunluğunda kanalizasiya xətti çəkilib, 373 ədəd yanğın hidrantı quraşdırılıb, 21659 ev birləşməsi verilərək 7640 sayğac quraşdırılıb. Ümumi nəzərdə tutulmuş işin 80 faizə qədəri icra olunub.
Əsasən 3-4 metr dərinlikdən keçən və diametri 600, 800, 1000 mm olan magistral xətlərin çəkilməsi üçün bütöv yolun qazılması qaçılmazdır. Bu da sakinlər arasında müəyyən narazılıqlara səbəb olur. Çəkilən xətlərin üstü örtüldükdən sonra gələcək fəsadların olmaması üçün xətlərin test edilməsi və ev birləşmələrinin verilməsi də istər istəməz müəyyən zaman tələb edir. Küçə və yolların qazılmasından əziyyət çəkən sakinlərimizin vəziyyəti nəzərə alınaraq Abşeron RİH başçısı İradə Gülməmmədova tərəfindən "Azərsu” rəhbərliyi ilə danışıqlar aparıldıqdan, rayon İcra Hakimiyyətində keçirilən bir neçə müşavirənin nəticəsi olaraq, podratçı təşkilatlar tərəfindən qazılmış yerlərə 285 min kv.metr asfalt vurulub, şəhərin 26-cı məhəlləsindən mərkəzi nasosxanaya əlavə 800 mm diametrli 1164 paqometr uzunluğunda xəttin çəkilişi həyata keçirilib, 1 saylı nasosxanadan suların kənarlaşdırılması üçün 1606 paqometr uzunluğunda 560 mm diametrli polietilen, mərkəzi nasosxanadan Bakı şəhəri istiqamətində isə 4056 paqometr uzunluğunda 1200 mm diametrli metal boru təzyiqli xətlərinin çəkilişi işlərinə başlanılıb. Eyni zamanda mərkəzi nasosxanada yenidən qurma işləri həyata keçirilir. 

Bir daha qeyd etmək istərdim ki, bərpa işləri ilə bağlı rayon İcra Hakimiyyəti lazım olan öz köməkliyini göstərməkdədir. Su-kanalizasiya ilə bağlı uzun müddətdir problemlər yaşayan Xırdalanımızın gələcək inkişafına, əziyyət çəkən sakinlərimizin problemlərinin həllinə xidmət edəcək bu böyük layihənin növbəti il ərzində başa çatdırılması üçün Abşeron rayon İcra Hakimiyyəti "Azərsu” ASC ilə birlikdə mümkün olan bütün tədbirlər görür və bu iş rayon İcra Hakimiyyətinin ciddi nəzarətində saxlanılır. 

Yaranmış narahatlıqla bağlı Xırdalan sakinlərimizdən üzr istəyir və onları təmkinli olmağa çağırırıq./Xeberleragentliyi.com