Gündəm / İqtisadiyyat

Birinci yarımillikdə bankların cəmi aktivləri 27 milyon 991 min manat olub

İyunun 30-na Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27 991 milyon manat, kredit portfeli 11 712 milyon manat, cəmi öhdəlikləri isə 24 087 milyon manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sektorun balans kapitalı 3 904 milyon manat, əhalinin əmanətləri isə 8 019 milyon manat olub. 2018-ci ilin ilk yarımilliyində bank sektorunun aktivləri 0.2 faiz (70 milyon manat), balans kapitalı isə 5.2 faiz (195 milyon manat) artıb.

Bank sektorunda maliyyə vasitəçiliyinin artması müşahidə olunur. Belə ki, cari ilin ilk yarımilliyində kredit portfeli 3.3 faiz və ya 375 milyon manat (iyun ayı üzrə 1.4 faiz, 160 milyon manat), fiziki şəxslərin cəmi depozitləri 6.3 faiz və ya 477 milyon manat (iyun ayı üzrə 2.9 faiz, 227 milyon manat) artıb. Daha sabit maliyyələşmə mənbəyi hesab olunan əhalinin müddətli əmanətləri hesabat dövrü ərzində 9.7 faiz və ya 505 milyon manat (iyun ayı üzrə 2.7 faiz, 148 milyon manat) artıb.

Bank sektoru cari ilin ilk yarımilliyində 309 milyon manat əməliyyat mənfəəti generasiya edib. Bundan aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata ayırmalar 258 milyon manat təşkil edib. Nəticədə sektor cari ilin 6 ayında 36 milyon manat xalis mənfəət əldə edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2 481 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti cari ilin 6 ayı ərzində 3.5 faiz və ya 566 nəfər (iyun ayı üzrə 0.5 faiz, 75 nəfər) artaraq 16 737 nəfər təşkil edib.

İyunun 30-na bank sektorunun əsas göstəriciləri icmal göstəricilərində öz əksini tapıb