Gündəm

“Mahir Cəfərovdan ancaq duzlu balıq almışıq, başqa heç bir münasibətimiz olmayıb…”


"Qardaşlar mebel-3” MMC mebel istehsalı şirkətinin sahibləri olan Mirzəyev qardaşları bir qrup Salyan sakininin onlar tərəfindən aldadıldıqları və yüz minlərlə manat vəsaitlərinin ələ keçirildiyi haqda iddialarını təkzib edir. Bu təkziblə redaksiyamıza Hüseyn, Əli və İbrahim Mirzəyev qardaşlarının qanuni təmsilçisi Könül Əliyeva müraciət edib.

Xatırladaq ki, Salyan sakinləri olan Qurbanbəyov Faiq Həbib oğlu, Həsənov Mirkamil Elxan oğlu, habelə "Qardaşlar mebel-3” MMC-nin icraçı direktoru kimi təqdim edilən, 2016-cı ilin yanvarında infarkt keçirib ölən Mahir Cəfərovun ailə üzvləri (həyat yoldaşı və oğlu) adından redaksiyamıza edilən müraciətdə bu haqda danışılırdı. Şikayətçilər bildirirdilər ki, Mahir Cəfərovun əli ilə həmin şirkətə yatırım kimi pullar veriblər, onlara vəd edilib ki, həmin pullardan dəfələrlə artıq gəlir əldə edəcəklər və özləri də yeni tikilən mebel fabrikində işlə təmin olunacaqlar. Amma bu vədlər yerinə yetirilməyib, onlar Mahir Cəfərovdan pullarını geri istəyiblər. Amma Mahir Cəfərov Mirzəyev qardaşlarından pulları ala bilməyib və keçirdiyi iztirablardan ürəyi partlayıb ölüb.

Lakin Mirzəyev qardaşları bildirir ki, onların M.Cəfərovla heç bir işgüzar, biznes münasibətləri olmayıb. Bu şəxsdən vaxtaşırı olaraq duzlu balıq alıblar, pulunu da ödəyiblər.

Mirzəyev qardaşlarının qanuni təmsiçisinin göndərdiyi açıqlamada deyilir, həmin şikayətçilərin dediklərinin "heç bir əsası yoxdur və böhtan xarakteri daşıyır”.

 

"Nəzərinizə çatdırırıq ki, redaksiyanıza  müraciət edən Salyan rayon sakinlərinin bizim rəhbərlik etdiyimiz  " Qardaşlar mebel-3” MMC ilə yaxından və uzaqdan heç bir  münasibəti olmamışdır. Xüsusilə qeyd edək ki, bu şəxsləri biz ümumiyyətlə  tanımırıq. Mahir Cəfərovun isə guya bizim şirkətdə icraçı direktor vəzifəsində çalışması barədə informasiyalar həqiqətə uyğun deyildir. Bu şirkətin hüquqi sənədlərində sübut olunur. Məsələ burasındadır ki , məqalədə qeyd olunan Mahir Cəfərov  adlı şəxs duza qoyulmuş balıq satışı ilə məşğul olduğundan ailələrimizi mütəmadi olaraq balıq ilə təmin edən kasıb bir şəxs olmaqla satdığı duzlu balığın dəyəri hər zaman ödənilmişdir. Bir alıcı kimi biz bəzi vaxtlarda ondan damaq dadımıza uyğun olduğundan balıq( duza qoyulmuş ) almışıq və dəyərini ödəmişik. Günlərin birində  o qızına toy etmək üçün maddi yardıma ehtiyacı olduğunu bildirmişdir və bizdən maddi yardım etməyimizi xahiş etmişdir. Biz isə imkan daxilində ona əvəzsiz maddi yardım eləmişik. Qeyd ediləndən başqa bu və ya digər formada heç bir münasibət, o cümlədən biznes münasibəti olmamış, ola da bilməzdi”,-Mirzəyev qardaşlarının adından göndərilən cavabda deyilir.

Xatırladaq ki, həmin şikayətçilər prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, hüquq-mühafizə orqanlarının rəhbərlərinə də müraciətlər ediblər, aldadıldıqlarını bildirirlər və kömək xahiş edirlər.

Virtualaz.org