Gündəm

Partiyalar seçki sisteminin dəyişdirilməsini istəyir

 

Gürcüstanın 20 müxalifət partiyası proporsional seçki sisteminə keçid tələbi ilə bağlı 300 min imza toplayıb. Toplanmış imzalar iyunun 13-də Gürcüstan parlamentinə təqdim olunub. Müxalifət seçki sisteminin 2020-ci ildən etibarən dəyişdirilməsini tələb edir.

Gürcüstanın "Yeni Sağçılar” Partiyasının üzvü Mamuka Katsutadze jurnalistlərə bildirib ki, müxalifət imzaların sayını milyona çatdırmaq niyyətindədir. Bunun üçün də imzatoplama kampaniyası davam etdirilir. Gürcüstan parlamenti 10 gün ərzində imzaların etibarlılığını yoxlamalıdır. Hakim "Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasının müxalifətə cavabı özünü çox gözlətməyib.

Partiyanın siyasi şurasının üzvü və Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze deyib ki, ölkədə seçki qanunvericiliyinə dəyişikliklərlə bağlı İşçi qrupunun görüşlərində proporsional seçki sisteminə keçid məsələsi müzakirə olunmur. O deyib ki, Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı yeni qanun layihəsi hazırlanır və sənəd təxminən bir ay sonra parlamentdə müzakirəyə çıxarılacaq. Onun sözlərinə görə, İşçi qrupu formatında keçirilən müzakirələrdə seçki prosesinə düzəlişlərlə bağlı yalnız ATƏT-in tövsiyələri nəzərdən keçirilir.

Qeyd edək ki, Azərbaycanda hazırda proporsional seçki sistemi mövcud deyil. Azərbaycan Konstitusiyasına görə, parlament seçkiləri majoritar qaydada keçirilir. Majoritar seçki sistemində ayrı-ayrı dairələrdən namizədliklərini irəli sürənlər səs çoxluğu ilə deputat mandatı qazanırlar. Azərbaycanın müstəqilliyi yenidən elan olunandan sonra proporsional seçki sistemi də tətbiq olunurdu. Amma 2002-ci ilin avqust ayında keçirilən referendumla proporsional seçki sistemi ləğv olunub. Bundan sonra parlament seçkilərinin həm majoritar, həm də proporsional qaydada keçirilməsi dəfələrlə təklif olunsa da, reallaşmayıb.

Proporsional seçkiyə keçid yalnız o halda mümkündür ki, qanunvericilikdə dəyişiklik həyata keçirilsin.

Fəzail Ağamalı “ ile ilgili görsel sonucu

Milli Məclisin deputatı, hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Yeni Müsavat”a bildirdi ki, qarışıq seçki sisteminin tərəfdarıdır. Həm majoritar, həm proporsional seçki sistemi ən uyğun sistemdir: "Proporsional seçki sistemi cəmiyyətdə siyasi partiyaların rolunun artırılmasında və güclənməsində mühüm rol oynayan amildir. Ona görə də bu seçki sisteminin tətbiqi əslində Azərbaycanda siyasi partiyaların güclənməsinə ciddi töhfələr verə bilər. Hansı partiyaların məramı və məqsədi arasında ciddi fərqlər yoxdursa, onlar birləşə bilər. Partiyaların parlamentdə proporsional sistemlə təmsil olunması ölkədə həm seçki prosesində, həm də digər siyasi proseslərdə partiyaların fəallığını gücləndirərdi. Proporsional seçkilərdə uğur qazana bilməyən partiyalar xalqın səsini qazana bilmədiklərinə görə artıq onların ya tamamilə fəaliyyətlərini dayandırması və yaxud parlamentdə təmsil olunan nisbətən güclü partiyalarla konsolidasiyasına gətirib çıxarar. Təbii ki, majoritar seçki sisteminin də öz üstünlüyü var. Burada ayrı-ayrı siyasi partiyalarda təmsil olunmaq istəməyən, daha çox müstəqil mövqeni fəaliyyətində əks etdirən vətəndaşlar bu sistemlə öz gücünü sınaya və parlament seçkilərində iştirak edə bilər. Bu, vətəndaş cəmiyyətinin də seçkilərdə fəal şəkildə iştirakına müsbət təsir göstərir. Majoritar seçki sistemində partiyalar da öz konkret namizədləri ilə seçkilərdə iştirak edirlər. Proporsional sistemdən fərqli olaraq burada seçicilərlə konkret namizədin görüşü həyata keçirilir, seçicilərin daha uğurlu namizəd seçiminə şərait yaradılır. Biz də nə vaxtsa, proporsional və majoritar seçki sistemini özündə ifadə edən qarışıq seçki sisteminə keçsək faydalı olar. Gürcüstanda bu məsələ qaldırılıbsa, bu da Gürcüstan dövlətinin və siyasi qüvvələrinin daxili işləridir”.

Bəs Azərbaycan müxalifət düşərgəsinin bu məsələdə mövqeyi necədir?

Tural Abbaslı ile ilgili görsel sonucu

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, müxalif partiyalar artıq illərdir bu məsələnin həyata keçməsinə çalışır:"Əvvəllər Azərbaycan parlamentinə seçkilər zamanı qismən də olsa proporsional seçki mövcud idi. 125 parlament üzvünün 25-i proporsional seçki vasitəsilə seçilirdi. Lakin sonradan konstitusiyaya dəyişiklik edilərək seçkiləri tam olaraq majoritar üsula keçirdilər. Bu üsula keçildikdən sonra onsuz da vəziyyətləri ürəkaçan olmayan müxalif partiyaların vəziyyəti daha da ağırlaşdı. Çünki tam majoritar seçki sisteminə keçid partiyaların siyasi həyatdakı rolunu azaltdı. Artıq parlamentə seçilmək istəyən namizədlər birbaşa özləri seçkiyə qatıldı, bu da təsadüfi insanların parlamentə düşmək şanslarını xeyli artırdı. Həmçinin partiyalar siyasi səhnədən sıxışdırıldığına görə siyasi rəqabət də azaldı. Biz AĞ Partiya olaraq Milli Məclisdə deputatların sayının 125-dən 150-yə qaldırılmasının və tam olaraq proporsional seçki sisteminə keçilməsinin tərəfdarıyıq. Bunun üçün də yeni referendum keçirilməli və konstitusiyanın müvafiq maddələri dəyişdirilməlidir. Biz proporsional seçki sisteminin qaytarılmasını demokratiyanın bərpası istiqamətində çox önəmli addım hesab edirik”.

VİP sədri Əli Əliyev ile ilgili görsel sonucu

VİP sədri Əli Əliyev isə qeyd etdi ki, parlamentdə qanunvericilik təşəbbüsü ilə bağlı qanun layihəsi müzakirədədir. Vətəndaşlara hansı məsələlər ətrafında referendum təşəbbüsü qaldırılması qanun layihəsində aydın yazılıb. O məsələlər sırasında bir sıra siyasi məsələlər də əksini tapıb: "Söz yox ki, siyasi proseslərin inkişafı, açılımı üçün proporsional seçki sistemi müstəsna dərəcədə əhəmiyyətlidir. Bu sistemin bərpası ölkədə dövlətin bünövrəsi olan siyasi sütunların formalaşmasına təkan verə bilər. Ümumiyyətlə, cəmiyyətimizin iki yolu var: ya etimadlı siyasi açılım, yaxud da bütün inkişaf imkanlarının qapadılması reallığında cəmiyyətin göstərəcəyi refleks. Mən birinci yolun tərəfdarıyam. Çünki refleks proqnozsuz baş verir və nəticələri çox mürəkkəb və dağıdıcı ola bilir. Cəmiyyətə özünüifadə və perspektivlər göstərilməlidir”.

ALDP sədri Fuad Əliyev ile ilgili görsel sonucu

ALDP sədri Fuad Əliyev bildirdi ki, 2002-ci ildən başlayaraq bu məsələni daim gündəmdə saxlamağa çalışıblar və bir neçə dəfə partiyalara qanunvericilik təşəbbüsü üçün 40 min imza toplamaq üçün müraciət də ediblər: "2009-cu ildə ALDP imzatoplama kampaniyasına başladı. Bu günə qədər proporsional seçki sisteminin bərpası ilə bağlı partiya olaraq Milli Məclisə 2 müraciətimiz olub. ALDP olaraq bu sistemin bərpasını istəyirik”.