Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Yeni BAHALAŞMA: Dönərlərin qiyməti artacaq – İnsanları zəhərləyən...

Yeni BAHALAŞMA: Dönərlərin qiyməti artacaq – İnsanları zəhərləyən...

Kanal14.az: - Dönərlərlə bağlı yeni qaydalar təsdiqlənib. Yeni qaydalardan sonra dönərlərin qiymətində hansısa dəyişiklik olacaq? Dönərçilər bu durumdan razıdırmı?

Məsələ ilə bağlı TNS-ə açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, dönərlərlə bağlı yeni qaydalar zəruridir, lakin kafi deyil.

"Burada yenə istehlakçının aldadılması halları olacaq. Qida Təhlükəsi Agentliyi (AQTA) yeni qaydalarla ona nail olmaq istəyir ki, dönərin ətləri qurumun nəzarət altında olan yerlərdən götürülsün. Bu, yaxşıdır. Amma bunun praktik cəhətdən mümkün olub-olmayacağına baxmaq lazımdır. Məncə, tam mümkün olmayacaq”, - deyə o qeyd edib.

AİB sədri xatırladıb ki, əvvəllər də dönər istehsalçıları əti guya müəyyənləşdirilmiş yerlərdən götürürdülər, bir kağız alıb, divardan asırdılar: "Amma sonra öz bildikləri ətdən istifadə edirdilər. Bu proses yenə də davam belə davam edəcək. Əvvəlkindən daha mükəmməl mexanizm tapmaq lazımdır ki, dönərçilər kənar ətlərdən istifadə edə bilməsinlər. Əlbəttə, dönərçilər qiyməti qaldıracaqlar. Guya ki, dönər ətini elə oradan alıblar. İstehlakçılar qismən keyfiyyətdə udsalar da, qiymətdə uduzacaqlar. Çox təəssüf ki, bu, saxta spirtli içkilərə qarşı mübarizə üçün qiymətin minimum həddini müəyyən etməyə bənzəyir. O da bunun kimi istehlakçılara zərər verəcək”.

Onun sözlərinə görə, ölkədə dönər ətlərini mükəmməl qaydada hazırlayan iki müəssisə var ki, əti -40 dərəcədə şok dondurmadan keçirir, qaydalara uyğun qablaşdırıb, dönərxanalara çatdırır: "Dönərçilərin çox az hissəsi əti bu iki müəssisədən alır. Elə bir iş aparılmalıdır ki, dönərçilər yalnız müəyyən olunmuş müəssisədən hazır şəkildə dönər alsınr, özləri şişə dönər çəkməsinlər. Diri ətin dönərxanaya gətirilməsi qadağan olunsun. Onda vəziyyəti dəyişmək olar.

Xeyli müddət ölkədə murdar olmuş heyvan ətlərinin Bakıya daşınması müşahidə olunurdu. Bu işlərlə məşğul olanları bir neçəsi ifşa edildi. Belə tədbirləri davamlı şəkildə həyata keçirmək lazımdır”.

Ekspert dönərlərin qiymətindən də danışıb: "Hətta ən ucuz dönərlərin də qiymətini qaldıracaqlar ki, şübhə olmasın. Ciddi məsələlərdən biri də dönərxanalardan mayonezlərin yığışdırılması məsələsidir. Ümumiyyətlə, ətdən zəhərlənmə nadir hallarda olur. Ət zəhərlənmə vəziyyətinə gələndə pis qoxu verir ki, istehlakçı da bunu hiss edə bilər. İnsanları zəhərləyən mayonezlərdir. Bu gündən sabaha qalan dönərlər artıq təhlükəlidir. Bu kimi hallar gərək nəzarətə götürülsün və ictimai nəzarət də öz yerində olsun".